Pezeşkian mesajını verdi – Zəngəzura ehtiyac qalmayacaq, plan daha böyükdürbackend

Pezeşkian mesajını verdi - Zəngəzura ehtiyac qalmayacaq, plan daha böyükdür

KONKRET.az xəbər verir ki, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

– Ermənistan Baş naziri Nikol Paşinyan keçmiş Qarabağ məsələsini “vaxtilə ölkəsinin boynuna bağlanmış kəndir” adlandırdı. Ermənistan liderinin mesajını necə anlamaq olar, həqiqətənmi əsassız ərazi iddialarından imtina ediblər?

– Torpaqlarımızı azad etməsəydik, bu ifadələr işlənməyəcəkdi. Paşinyan müharibədən qabaq deyirdi ki, “Qarabağ Ermənistandır, bitdi”. Biz müharibə ilə reallığı Paşinyana başa saldıq, nəticədə ritorikası dəyişdi. İndi artıq Qarabağı unudub, adını çəkmir, doğru olan da budur.

Düzdür, ABŞ və bəzi Avropa ölkələrində Qarabağla bağlı mənasız dinləmələr keçirirlər, amma Paşinyan və komandası artıq bu “məsələ”ni qabartmır, çünki onlar üçün də bitib. İndi anlayırlar ki, Ermənistanı bəlaya salan Qarabağdakı separatizm olub.

Qarabağda separatizm olmasaydı, Ermənistan buna dəstək verib ərazilərimizi işğal etməsəydi, bu gün bölgədə tam başqa durum olacaqdı. Necə ki, indi Azərbaycan Gürcüstanla ortaq layihələr həyata keçir, bu, Ermənistanla da mümkün idi.

Ermənilər başqa yol seçdilər, nəticədə hər iki xalq və dövlət fəlakətlə üzləşdi. Otuz il torpaqlarımız işğalda qaldı, Xocalı soyqırımı törədildi, onminlərlə vətəndaşımızı itirdik və sair. İndi deməyə və anlamağa başlayıblar ki, bu, Ermənistana yük idi. Bunu əvvəldən deməliydilər. İndi gec də olsa bunu deyir, ermənilərə o mesajı verir ki, Azərbaycanla məsələlərin həlli vaxtıdır.

Ancaq bunu desə də, Azərbaycanın Konstitusiya dəyişikliyi ilə bağlı tələbini yerinə yetirməkdən çəkinir.

Düzdür, son günlərdə bəzi manevrlər də elədi, söylədi ki, sülh sazişi imzalansa, Konstitusiya Məhkəməsi bunun Ermənistan Konstitusiyasına zidd olduğunu müəyyən eləsə, o zaman belə bir dəyişiklik zərurəti yaranacaq.

Bakının şərti bəllidir, Azərbaycana ərazi iddiası olan bənd Ermənistan Konstitusiyasından çıxarılmalıdır ki, sülh müqaviləsini tam şəkildə imzalamaq mümkün olsun.

– İrəvan davamlı təkrarlayır ki, sülh müqaviləsi razılaşdırılmış bəndlər üzrə imzalansın, qalan məsələlər də sonra həll edilsin. Bakı bununla razı deyil. Bu durum hara qədər gedəcək? Erməni spiker Alen Simonayan da iddia edir ki, danışıqlar dalana dirənib.

– Artıq 16 bənddən 13-ü razılaşdırılıbsa, demək, anlaşmaq mümkündür, qalan 3 bəndi də razılaşdırmaq olar. Sadəcə bu yöndə addım atılmalıdır. Yəqin ki, əsas məsələ Konstitusiya dəyişikliyi ilə bağlıdır. Bunu da həll edək, tam ciddi bir sülh sazişi imzalayaq.

Rəsmi Bakı obyektiv olaraq yarımçıq müqavilə imzalamaq istəmir. Saziş Paşinyanın dediyi kimi imzalansa, həll edilməmiş məsələlər qalacaq. Bir gün də Paşinyanın yerinə gələn hakimiyyət deyəcək ki, Ermənistan Konstitusiyasında dəyişiklik etmək olmaz. Yəni ərazi iddialarını davam etdirəcəklər. Buna görə də, məsələnin köklü həllini istəyirik.

Paşinyandan bircə addım atmasını tələb edirik ki, 13 bəndi razılaşdırmışıqsa, 3-nü də razılaşdıraq, məsələ birdəfəlik həll edilsin.

– Ermənistan Konstitusiya Məhkəməsi Azərbaycana qarşı ərazi iddiasının yer aldığı bu ölkənin Müstəqillik Bəyannaməsinin heç bir hüquqi önəm daşımayan sənəd olduğunu bəyan etdi. Məsələni belə bağlamaq istəyirlər, ya sonda referenduma gedəcəklər?

– Əslində, bunu da müəyyən bir müsbət addım kimi qiymətləndirmək olar. Paşinyan bununla bizə mesaj verir ki, görürsünüz, bu, İrəvan üçün əsas deyil, Konstitusiya Məhkəməsi də bunu belə qəbul edir. Əgər sən bu addımı ata bilirsənsə, demək, sənə o bəndi Konstitusiyadan çıxarmağa da heç nə mane olmur.

Ermənistan hakimiyyəti bunu parlament yolu etməyə çalışır. Azərbaycan da tələb edir ki, referendum keçirilsin, erməni xalqı öz iradəsini ortaya qoyub o bənddən imtina eləsin. Nə yolla olur-olsun, bunu eləsinlər. Əsas odur ki, Paşinyanın buna gücü çatır, çatacaq. Müxalifət zəifdir.

Cəmiyyəti də inandıra bilsə, o bəndi referendumla da çıxara bilər. Əgər sən sülhdə, Azərbaycan və Türkiyə ilə əməkdaşlıqda maraqlısansa, bu addımı da at. Bunu eləsə, məsələlər köklü şəkildə həll olacaq.

İndi hər tərəf toz-duman içindədir, Rusiya-Ukrayna müharibəsi davam edir, Yaxın Şərqdə vəziyyət gərgindir, artıq İran-İsrail müharibəsi başlayıb. Fəlakətli hadisələr baş verir, bundan Ermənistana da zərər dəyə bilər. Belə bir vəziyyətdə sülh müqaviləsinin imzalanmasının hamı üçün faydası olacaq.

– Paşinyan iddia edir ki, Zəngəzurdan keçəcək yol və ya dəhlizə üçüncü ölkənin nəzarəti ilə bağlı heç bir razılaşma olmayıb. Amma ortada bir də Paşinyanın özünün də imzaladığı 10 noyabr bəyanatı var.

– Onu da etiraf eləmək lazımdır ki, artıq 10 noyabr bəyanatı bitib. Rusiya hərbçiləri də bölgədən çıxarılıb, üstəgəl, danışıqlar birbaşa gedir. Prezident İlham Əliyevin də haqlı mövqeyi budur ki, vasitəçilərə ehtiyac yoxdur. Bu sözlər vasitəçilikdə iddialı olan Rusiyaya da aiddir.

Rusiya canfəşanlıq edirdi ki, sərhədlərin müəyyənləşməsində vasitəçi olsun. Amma gördük ki, Rusiyanın vasitəçiliyi və xəritələrinə ehtiyac yoxdur. Çox rahatlıqla sərhədin bir hissəsini aramızda müəyyənləşdirdik. Danışıqlarda da vasitəçiyə ehtiyac yoxdur. Məncə, o bəyanat da önəmini itirib.

Paşinyan Rusiyanın Zəngəzur dəhlizinə nəzarətinə müqavimət göstərirsə, əvvələr də demişəm ki, bu, Azərbaycanın da maraqlarına uyğundur. Rusiya hərbçilərinin Zəngəzur dəhlizinə nəzarəti Azərbaycanın da maraqlarına uyğun deyil. O zaman Rusiya Orta dəhlizə də nəzarət etmiş olacaq. Buna görə də, dəhliz məsələsi birbaşa danışıqlarda həll edilməlidir. Bu, qaçaqaç məsələ deyil, hər iki tərəf razılaşaraq, bunu sülh müqaviləsinin mətnindən çıxarıb.

Əvvəl sülh sazişi imzalanmalıdır, dəhliz məsələsinin müzakirəsi bundan sonra da davam edə bilər. Artıq tərəfləri ortaq məxrəcə gətirə biləcək təkliflər də var. Məsələn, nəzarətin neytral bir dövlət və ya hansısa beynəlxalq özəl mühafizə təşkilatına verilməsi təklifi irəli sürülüb. Bu da müzakirə oluna bilər. Amma bu, sülh müqaviləsindən sonra olacaq.

– Görünən budur ki, Ermənistan Rusiyanın nəzarətinə qarşıdır, ABŞ-ın da yanaşması eynidir. Hətta ABŞ dövlət katibinin müavini Ceyms Obrayen açıq şəkildə söylədi ki, Vaşinqton Rusiya və İrandan yan keçən dəhlizdə maraqlıdır. Mümkündürmü?

– Mümkündür. Sülh müqaviləsi imzalansa, Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri tədricən normallaşmağa başlasa, sərhədlər açılsa, ümumən inam atmosferi yaransa, hesab edirəm ki, Zəngəzur dəhlizi məsələsi də sürətlə həll olunacaq. Bu, elə bir mürəkkəb məsələ deyil ki, həll edə bilməyək. Cəmi 44 kilometrlik yoldur, Azərbaycan vətəndaşları buradan maneəsiz keçməlidir.

Başqa sözlə, məsələ ilə bağlı ortaq məxrəcə gələ bilərik. Bəziləri sərhədlə bağlı da deyirdilər ki, nəticə olmayacaq. Amma birbaşa danışıqlarla 4 kəndimizi geri qaytardıq, sərhədin bir hissəsini müəyyənləşdirdik. Proses indi də davam edir. Sülh müqaviləsi imzalansa, Zəngəzur məsələsi də həll ediləcək.

Rusiya və İranın bu prosesdə iştirakı doğru deyil. İran ağır vəziyyətində yenə də dil uzadır, halbuki özünün başı ağır dərddədir.

Ermənistan bu prosesi uzatmaqla, öz işini çətinə salacaq. Mümkündür ki, gələcəkdə heç Zəngəzur dəhlizinə ehtiyac olmasın. İndi ABŞ və İsrailin İranla bağlı planı var. Bu ikilinin planına görə, İranda ya hakimiyyət dəyişikliyi olacaq, ya da ölkə parçalanacaq. Artıq Məsud Pezeşkian bu təhlükə haqda danışıb. Pezeşkian mesaj verdi ki, İran Xuzistan, Güney Azərbaycan, Kürdüstan və Sistan-Bəlucistan arasında parçalana bilər. Yəni Güney Azərbaycan amili yaransa, Zəngəzur dəhlizinə ehtiyac qalmayacaq. O zaman yolu Güneydən çəkəcəyik, Türkiyəyə də oradan çıxacağıq, Zəngəzur dəhlizinə də ehtiyacımız olmayacaq.

– Sanki Ermənistan baş nazirinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla son görüşü iki ölkə arasında yeni səhifə açıb. Görüşdən sonra İrəvandan Ankaraya verilən müsbət mesajların sayı artıb. Sizcə, bu yaxınlaşma sülh və dəhliz proseslərinə necə təsir göstərəcək? Hətta Paşinyan Ərdoğandan sülh müqaviləsinin imzalanması kontekstində yardım da istədi.

– Məncə, Türkiyə-Ermənistan dialoqu Azərbaycan üçün faydalıdır. Türkiyə Prezidenti Ərdoğan, xarici işlər naziri Hakan Fidan Paşinyan və Ararat Mirzoyanı başa salmağa çalışır ki, regional əməkdaşlıq üçün mütləq Azərbaycanla sülh müqaviləsi imzalanmalıdır, sonrakı mərhələdə dəhliz işə düşməlidir. Ankara İrəvana bunları başa salır.

Bizdə bəziləri belə hesab edirlər ki, guya Türkiyə Azərbaycanın maraqlarını nəzərə almayaraq, Ermənistanla “Sürix protokolları”na bənzər sənəd imzalaya bilər. Əsla belə deyil.

Türkiyə əvvəllər olduğu kimi, bu gün də Azərbaycanın maraqlarını nəzərə alır. Ərdoğan və Hakan Fidan həmişə bunu Ermənistan rəsmilərinin diqqətinə çatdırırlar. Əgər Paşinyan və ya Ermənistan Türkiyə ilə əməkdaşlıq, diplomatik və ticari əlaqələri bu qədər çox istəyirsə, ilk növbədə, Azərbaycanla məsələləri həll etməlidirlər.

Bəli, Türkiyə-Azərbaycan dialoqu davam edir, bunda Azərbaycana qarşı təhlükə görmürəm. Əksinə, bu, Azərbaycan üçün də faydalıdır. Çünki Ermənistan rəsmilərini başa salırlar ki, Azərbaycanla məsələlərin həllini yubatmasınlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*