1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyada güclü prezident hakimiyyətinin əsasını qoyan qanlı hadisə idi.
1993-cü ilin payızı. Sovet İttifaqının süqutundan cəmi iki il keçmişdi. Rusiya dərin iqtisadi və sosial böhran yaşayırdı. İnflyasiya sürətlə artır, əhalinin böyük hissəsi yoxsullaşır, Qaydar hökumətinin həyata keçirdiyi radikal iqtisadi islahatlar cəmiyyətdə ciddi narazılıq yaradırdı.
Ölkənin siyasi rəhbərliyində isə vəziyyət daha da gərgin idi. Bir vaxtlar eyni siyasi düşərgədə təmsil olunan iki qüvvə – prezident Boris Yeltsin və parlamentin rəhbərliyi artıq açıq qarşıdurmaya keçmişdi.
Bir tərəfdə prezident Boris Yeltsin, digər tərəfdə Ali Sovetin sədri Ruslan Xasbulatov və vitse-prezident Aleksandr Rutskoy dayanırdı. Mübahisənin mərkəzində ölkənin gələcək siyasi quruluşu, iqtisadi islahatların istiqaməti və hakimiyyətin hansı institutun əlində cəmləşəcəyi dayanırdı.
Əslində, qarşıdurma təkcə ideoloji mübarizə deyildi. Söhbət sovet sisteminin dağıldığı bir vaxtda yeni dövlətin siyasi və iqtisadi resurslarına kimin nəzarət edəcəyindən gedirdi.
Konstitusiyaya qarşı prezident fərmanı
Yeltsin üçün 1978-ci il Rusiya Konstitusiyası və onun əsasında fəaliyyət göstərən parlament sistemi ciddi maneəyə çevrilmişdi. Həmin Konstitusiyaya görə, ölkədə ali hakimiyyət orqanı Xalq Deputatları Qurultayı idi. Prezidentin səlahiyyətləri isə parlamentin səlahiyyətləri ilə məhdudlaşdırılırdı.
Yeltsin daha güclü prezident hakimiyyəti qurmaq, iqtisadi islahatları parlamentin müqaviməti olmadan həyata keçirmək istəyirdi. Parlament isə prezidentin səlahiyyətlərini genişləndirməsinə və hakimiyyəti bir mərkəzdə cəmləşdirməsinə qarşı çıxırdı.
1993-cü il sentyabrın 21-də Yeltsin 1400 saylı fərmanı imzaladı. Sənədə əsasən, Xalq Deputatları Qurultayının və Ali Sovetin fəaliyyəti dayandırılır, ölkədə yeni parlament seçkilərinin keçirilməsi nəzərdə tutulurdu.
Lakin bu qərar qüvvədə olan Konstitusiyaya zidd idi. Konstitusiya Məhkəməsi fərmanın konstitusiyaya zidd olduğunu bildirdi.
Buna cavab olaraq parlament Yeltsinin prezident səlahiyyətlərinə xitam verilməsi barədə qərar qəbul etdi. Aleksandr Rutskoy prezident səlahiyyətlərini icra etməyə başladı.
Beləliklə, Rusiyada ikihakimiyyətlilik yarandı. Eyni vaxtda iki siyasi mərkəz özünü ölkənin qanuni hakimiyyəti hesab edirdi. Dövlət idarəçiliyi iflic vəziyyətinə düşmüş, təhlükəsizlik qüvvələri və hərbi strukturlar isə hansı tərəfin əmrlərinə tabe olacaqları ilə bağlı çətin seçim qarşısında qalmışdılar.
Ağ Ev mühasirəyə alınır
Parlamentin tərəfdarları Moskvanın mərkəzində yerləşən və Rusiya parlamentinin yerləşdiyi Ağ Ev binasında toplaşmağa başladılar. Binanın ətrafında barrikadalar quruldu, müxtəlif siyasi qüvvələrin nümayəndələri parlament rəhbərliyinə dəstək vermək üçün əraziyə gəldilər.
Kommunistlər, millətçilər, kazak dəstələri və digər siyasi qruplar qarşıdurmaya qoşulmuşdu.
Sentyabrın sonundan etibarən Moskva faktiki olaraq siyasi qarşıdurma meydanına çevrilmişdi. Paytaxtda fövqəladə vəziyyət tətbiq olunsa da, böhranı dinc yolla həll etmək mümkün olmadı.
Oktyabrın 3-də hadisələr daha təhlükəli mərhələyə keçdi. Parlament tərəfdarları təhlükəsizlik qüvvələrinin qurduğu sədləri yararaq Moskva meriyasının binasını ələ keçirdilər. Daha sonra onların bir hissəsi Ostankino televiziya mərkəzinə doğru hərəkət etdi.
Məqsəd televiziya vasitəsilə ölkəyə müraciət etmək və informasiya blokadasını yarmaq idi. Lakin Ostankino yaxınlığında silahlı toqquşma baş verdi. Hər iki tərəfdən atəş açıldı, insanlar həlak oldu və yaralandı.
Bu hadisələr siyasi böhranı artıq silahlı qarşıdurmaya çevirmişdi.
4 oktyabr: tanklar parlament binasına atəş açır
Oktyabrın 3-də baş verən qanlı hadisələrdən sonra Yeltsin ordunun müdaxiləsinə qərar verdi. Hərbi rəhbərlik əvvəlcə tərəddüd etsə də, nəticədə prezidentin əmrinə tabe oldu.
Oktyabrın 4-də səhər saatlarında Moskvanın mərkəzinə tanklar yeridildi. Ağ Ev binası mühasirəyə alındı və tanklardan parlamentin yerləşdiyi binaya atəş açıldı. Ağır silahların mərmiləri binanın yuxarı mərtəbələrini dağıdır, yanğınlar baş verirdi.
Dünya telekanalları, o cümlədən CNN, Moskvanın mərkəzində baş verənləri canlı yayımlayırdı. Parlament binasının alovlar içində qalması Rusiyanın yeni tarixinin ən dramatik görüntülərindən birinə çevrildi.
Bir vaxtlar sovet sisteminin dağılmasında iştirak etmiş siyasi qüvvələr indi hakimiyyət uğrunda mübarizədə bir-birinə qarşı silah işlədirdilər.
Xasbulatov və Rutskoy həbs olundu. Ağ Evdəki müqavimət yatırıldı, parlamentin fəaliyyəti dayandırıldı.
Rəsmi məlumatlara görə, həmin günlərdə baş verən toqquşmalarda 147 nəfər həlak olmuş, yüzlərlə insan yaralanmışdı. Bununla belə, hadisələrin real qurbanlarının sayı ilə bağlı müxtəlif qiymətləndirmələr mövcuddur.
Beləliklə, Rusiyada siyasi böhran tankların köməyi ilə həll edildi. Daha dəqiq desək, hakimiyyət uğrunda mübarizədə güc üstünlüyü hüquqi mübahisəni arxa plana keçirdi.
Qanlı hadisələrdən sonra yeni Konstitusiya
Oktyabr hadisələrindən cəmi iki ay sonra, 1993-cü il dekabrın 12-də Rusiyada yeni Konstitusiya layihəsi ümumxalq səsverməsinə çıxarıldı.
Artıq siyasi rəqiblər zərərsizləşdirilmiş, parlamentin əvvəlki strukturu ləğv edilmiş, müstəqil siyasi müzakirə imkanları ciddi şəkildə məhdudlaşdırılmışdı.
Yeni Konstitusiya prezidentə olduqca geniş səlahiyyətlər verdi. Dövlət başçısı hökumətin formalaşdırılmasında, icra hakimiyyətinin idarə olunmasında və dövlət siyasətinin müəyyənləşdirilməsində əsas söz sahibinə çevrildi.
Beləliklə, 1993-cü ilin oktyabrında tankların qarşısında məğlub olan parlament sistemi əvəzinə güclü prezident hakimiyyətinə əsaslanan yeni siyasi model formalaşdı.
Rusiyanın sonrakı siyasi inkişafında bu Konstitusiyanın rolu son dərəcə böyük oldu. Ölkədə prezident hakimiyyətinin üstünlüyü sonrakı onilliklər ərzində də qorunub saxlanıldı.
Bir il sonra: generalların növbəti müharibəsi
1993-cü ilin oktyabrında parlament binasına atəş açan hərbi qüvvələrin rəhbərliyi üçün bu hadisələr ciddi siyasi və mənəvi sınaq idi. Ordu ölkənin ali qanunverici orqanına qarşı güc tətbiq etmiş, siyasi böhranın həllində həlledici rol oynamışdı.
Cəmi bir il sonra isə Rusiya rəhbərliyi yenidən hərbi gücə əl atdı. Bu dəfə hədəf Çeçenistan idi.
1994-cü ilin dekabrında Boris Yeltsinin qərarı ilə Rusiya qoşunları Çeçenistana daxil oldu və Birinci Çeçen müharibəsi başladı.
Həmin vaxt müdafiə naziri olan Pavel Qraçov – “Mersedes Paşa” ləqəbi ilə tanınan general Çeçenistanın paytaxtı Qroznının bir desant alayı ilə iki saat ərzində ələ keçirilə biləcəyini iddia etmişdi. Lakin müharibənin gedişi bu hesablamaların nə qədər yanlış olduğunu göstərdi.
Rusiya ordusu ağır itkilər verdi, Qroznı dağıdıldı, minlərlə hərbçi və mülki şəxs həyatını itirdi. Müharibə ölkənin siyasi və hərbi rəhbərliyinin ciddi səhvlərini üzə çıxardı.
1993-cü ilin oktyabrı Rusiyaya nə verdi?
Bu hadisələrin tarixi əhəmiyyəti yalnız parlament binasının tanklardan atəşə tutulması ilə məhdudlaşmır.
1993-cü ilin oktyabrında Rusiyada mühüm siyasi presedent yarandı: Konstitusiya ilə müəyyən edilmiş hakimiyyət bölgüsü silahlı qüvvənin müdaxiləsi nəticəsində dəyişdirildi. Parlamentlə prezident arasında mübahisə hüquqi mexanizmlərlə deyil, hərbi güclə həll edildi.
Yeltsin öz hakimiyyətini qorudu, yeni Konstitusiya qəbul edildi və Rusiyada superprezident idarəçiliyinin əsası qoyuldu.
Burada ən mühüm sual isə budur: parlament binasına tanklardan atəş açan generallar bunu hansı siyasi və hüquqi prinsiplər naminə etdilər? Dövlətçiliyi qorumaq, yoxsa prezidentin hakimiyyətini möhkəmləndirmək üçün?
1993-cü ilin oktyabrı göstərdi ki, silahlı qüvvələr siyasi mübarizənin tərəfinə çevrildikdə, hüquq və Konstitusiya ikinci plana keçə bilər.
Tarixin ən acı dərslərindən biri də budur: dövlətin qanunlarını qorumağa borclu olan silahlı qüvvələr siyasi hakimiyyətin alətinə çevriləndə, sabah həmin silahların kimə qarşı yönələcəyinə heç kim zəmanət verə bilməz.
Rəsmiyyə Şərifova,
KONKRET.az
