
Azərbaycana qarşı terror hücumlarının əsas səbəbi 44 günlük qanlı savaşda qazandığımız qələbəni həzm etməyən xarici düşmənlərin riyakar sifətləridir. İndi elə bilirsiniz ki, təkcə Ermənistan, İran, Fransa, Putin Rusiyası bu qələbəyə həsəd aparır?! Kim belə fikirləşirsə, yanılır. Qərbdə elə dövlət göstərin ki, bizə münasibətdə səmimidir. Yoxdur elə dövlət. Bizləri müdafiə edənlərin səmimiyyəti onların maraqlarının əhatə dairəsi ilə ölçülür. İndi regionda aparıcı dövlət kimi Azərbaycana yanaşmanı uğurlu xarici siyasət şərtləndirir. Bir də ki, İran məsələsi. Dünyanı dəyişmək istəyənlər çox israrlıdırlar. Həmin plan isə belədir: İran adlı dövlət olmayacaq. Ən yumşaq halda fars rejimi dəyişdiriləcək.
Ona görə də regionda regional müstəvidə tektonik dəyişikliklər baş verir. Eynilə 90-cı illərdə olduğu kimi. Terror, sui-qəsdlər, çaxnaşma yaratmaq cəhdləri və məntiqin yol verdiyi digər ssenarilər işə düşüb. Azərbaycan Dövlətinin sükanı arxasında oturan ali rəhbərlik isə bütün tədbirləri paralel aparmalıdır. Uğurlu, mükəmməl hesablanmış xarici siyasətlə yanaşı, iqtisadi-siyasi islahatlar prosesi daha da sürətləndirilməlidir. Əgər dövləti bir mexanizmi olan maşın kimi təsəvvür etsək, belə düşünməliyik ki, bütün detallar saz vəziyyətdə olduğu təqdirdə mindiyimiz avtomobil bizi yarı yolda qoymayacaq. 5-ci kolon dediyiniz nəsnənin tezislərini isə müəyyən etmək üçün dahi olmağa ehtiyac yoxdur.
Korrupsiya, rüşvət, kadrların düzgün seçilməməsi (istisna hallar nəzərə alınmasa) yerli çinovniklərin “fəaliyyəti”, islahatlara mane olan təşəbbüskarlığın boğulması, ideoloji proseslərin vahid, mərkəzləşdirilmiş qaydada aparılmaması (televiziyaların cəmiyyətə sırıdığı biabırçı dəyərlər) və digər hallar bizi daha çıxılmaz vəziyyətə sala bilər. Amma şükür ki, potensialımız çoxdur. “Cəmiyyət şəxsiyyətsiz yaşaya bilməz” düsturu ilə baxsaq, Dövlətimizin gücünü müəyyən etmək elə də çətin deyil. Böyük, müdrik Azərbaycan xalqı, strateji düşüncəyə malik Müzəffər Ali Baş Komandan və bütün bunların fonunda milli həmrəylik əvvəl-axır mütləq qələbəmizi şərtləndirəcək. Amma çox istərdim ki, o tarixi anların şahidinə çevrilim, 44 günlük müharibədə olduğu kimi…
KONKRET.az
