Məlum olduğu kimi, Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu Qarabağda ermənilərə mədəni muxtariyyətin verilə biləcəyi barədə əsassız fikirlər səsləndirib. O, “Rossia Today” xəbər agentliyində keçirdiyi mətbuat konfransında belə deyib. Səfirin son açıqlaması etiraza səbəb olub.
Bununla bağlı fikirlərini KONKRET.az-la bölüşən ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, cənab prezident status və muxtariyyətlə bağlı öz fikirini qəti şəkildə bildirib: “Polad Bülbüloğlu diplomatik missiyasından kənar mövqe ortaya qoyub. Azərbaycan Respublikasının Prezidenti Dağlıq Qarabağ ermənilərinə hər hansı statusun verilməyəcəyi ilə bağlı bəyanat verib. Bununla bağlı dövlətimizin mövqeyi aydın və netdir. Ona görə də hesab edirəm ki, Polad Bülbüloğlu səlahiyyət həddini aşıb, bu açıqlaması ilə dövlətimizi pis vəziyyətdə qoyub. O, başqa məsələlərdə – türk qoşunları və vertolyot hadisəsi ilə bağlı da çox ciddi səhvlərə yol verib. Ümumiyyətlə, biz onun kimi yarıtmaz insanların belə nöqsanlarına tez-tez rast gəlirik. “.
Nərgiz Mirzəyeva,
Konkret.az
