Polis bizim üçün kimdir?backend

Polis bizim üçün kimdir?

2 İyul onların günüdür. Polislərin peşə bayramı. Bu gün tam mənası ilə demək olar ki, ölkədə sabitliyin bərqərar olmasında, dövlətin təməl prinsiplərindən biri olan hüquq-mühafizə sisteminin inkişafında Azərbaycan polisinin xidmətləri danılmazdır. Bunu uzun illər işlədiyim xarici ölkələrdə, o cümlədən Qazaxıstanda da şahidi oldum. Şərəfli Azərbaycan polisi necədir, gözlərimlə gördüm, bildim. Amma bu barədə sonra. İstəyirəm son günlər sözügedən sahədə olan təyinatlara münasibətimi bildirəm. Mənə elə gəlir peşə bayramında bu məqamı vurğulamaq lap yerinə düşər.  Əvvəla, ondan başlayım ki, prezident İlham Əliyevin növbəti dəfə uzaqgörən təyinatları cəmiyyətdə birmənalı qarşılandı: Dövlət o zaman güclüdür ki, təməlləri bərkiyir, sabitlik etibarlı şəkildə və sistemli olaraq qorunur, bütün istiqamətlərdə bərabər şəkildə inkişaf edir. Bunların fövqündə isə vətəndaşların hüquq və azadlıqları diqqət mərkəzində olmalı, cəmiyyətin asayişi daim təmin edilməlidir. Bu baxımdan olduqca təcrübəli, güc orqanlarından birinə uzun illər rəhbərlik etmiş, sözün əsl mənasında dövlətə xidmət etmiş Ramil Usubovun təhlükəsizlik şurasının katibi kimi yüksək bir vəzifəyə təyin olunması həddindən artıq düşünülmüş bir addımın nəticəsidir. Ramil Usubov təcrübəli şəxs kimi hüquq-mühafizə orqanlarını peşəkar səviyyədə koordinasiya etməklə dövlətin təməl prinsiplərinin formalaşmasına bundan sonra da öz töhfəsini verəcək. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ikinci təyinatı da bu baxımdan olduqca uğurlu oldu. Söhbət Vilayət Eyvazov kimi peşəkar bir polisin, uzun illərin təcrübəsini toplamış, cəmiyyətdə böyük nüfuzu olan kadrın nazir postuna gətirilməsindən gedir. “Dövlət nədir?” kimi anlayışa sahib olan, dövlət tərbiyəsi görən hər kəs başa düşür ki, bu, sıradan bir təyinat deyil. Yəni belə bir qərarın verilməsi dövlət başçısı tərəfindən Daxili İşlər Nazirliyi kimi güc strukturuna layiqli, savadlı, peşəkar kadrın gətirilməsi kimi mühüm əhəmiyyətə malikdir. Yeni nazirin Polis Akademiyasındakı çıxışındakı tezislər də bunu deməyə əsas verir: “Ölkə rəhbərliyi tərəfindən  göstərilən yüksək etimadı bundan sonrakı fəaliyyətimizdə də doğrultmağa çalışacağıq”. Vilayət Eyvazovun “gənc zabitlər praktiki fəaliyyətdə müasir tələblərə cavab verən, hüquqi və demokratik dövlət prinsiplərinə uyğun bilik və bacarığa yiyələnmək, yüksək hazırlıq səviyyəsinə nail olmaq üçün var qüvvə ilə çalışacaq, yüz ildən artıq tarixi, ənənələri olan Azərbaycan Polisinin missiyasını, veteranlarımızın Vətənə və xalqa xidmət estafetini layiqincə davam etdirəcəklər”,-kimi fikirləri “əsl polis necə olmalıdır”,-sualına tam cavab verir. Deməli, bu sahədə olan çatışmazlıqlar da aradan qaldırılacaq, polis sıralarında bu prinsiplərə əməl etməyən polis işçiləri bundan sonra da xaric ediləcək. Təsadüfi deyil ki, siyasi ekspertlər də bu təyinatı yüksək qiymətləndirərək vurğulayıblar ki, “Nazir vəzifəsinə Vilayət Eyvazovun gətirilməsi polis sisteminin gücləndirilməsinə, səfərbər olunmasına hesablanıb”.

Hə, indi qısa da olsa. gələk Qazaxıstanda gördüklərimə. Azərbaycan Televiziyasının Qazaxıstan və Mərkəzi Asiya ölkələrində büro rəhbəri kimi işlədiyim illərdə qürur duyduğum anlar çox olub. Bu barədə zaman-zaman danışacam, yazacam. İndi də vaxtı gəlib deyə bildirim ki, Azərbaycan Polisi haqqında yüksək fikirlər məndə eyni zamanda Daxili İşlər Nazirliyinin Qazaxıstan üzrə təmsilçisi Nəsimi Şikarovu tanıyandan sonra da tam formalaşdı. Məhz onun bu ölkədə yaşayan azərbaycanlıların müraciətlərinə diqqət və həssaslıqla yanaşması, nəcib, yüksək əxlaqa sahib, hüquqi və demokratik dövlət prinsiplərinə malik bir insan kimi özünü göstərməsi gözlərim önündə baş verib. Qazaxıstanda müvəqqəti yaşayan, işləyən Azərbaycan vətəndaşlarına göstərdiyi münasibət bu gün də həmyerlilərimiz tərəfindən böyük ehtiramla qeyd edilir. Səmimi deyim, Nəsimi Şikarovda polis işçisi keyfiyyətləri ilə yanaşı diplomat məharəti, jestləri, danışıq üslubu nəinki Azərbaycan polisinin, hətta Azərbaycanımızın bu ölkədə yüksək səviyyədə tanınmasına xidmət edir. Qardaş qazaxlar da dəfələrlə mənimlə söhbətlərində vurğulayıblar ki, sizin çox etikalı, peşəkar, Vətəninə, millətinə sevgisi olan, rəhbərliyin tapşırıqlarını böyük əzmkarlıqla icra edən əla polisiniz var. Çox demək olar, amma bu yazıda kifayət edər. Bax bütün bunlara görə qürur hissi keçirirəm ki, polislər arasında belələri çoxdur və bu keyfiyyətlər cəmiyyətdə polisimizə olan güvəni, etimadı artırır. Azərbaycan polisinin peşə bayramını elə güvənc hissi ilə də təbrik edirəm.

Fadil Paşayev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*