Polşa xarici işlər nazirinin müavini Arkadiuş Mularçik Almaniyanın İkinci Dünya Müharibəsi zamanı ölkəsinə vurduğu zərərin ödənilməsi üçün ABŞ Konqresindən kömək istədiklərini bildirib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, o, keçirdiyi mətbuat konfransında Polşanın müharibə zamanı itkiləri ilə bağlı hesabatı tərtib edən komandaya rəhbərlik etdiyini xatırladıb.
“Bu gün biz ABŞ Konqresinə çağırış edirik. Biz inanırıq ki, Birləşmiş Ştatlar bu gün qlobal nizamı müəyyən edən, insan hüquqlarına, qanunun aliliyinə və beynəlxalq ədalətə hörmət edən əsas ölkədir”, – o deyib.
Mularçik təzminat üçün ABŞ-ın dəstəyinə ümid etdiyini bildirib.
Qeyd edək ki, 2022-ci il sentyabrın 1-də Polşa hökuməti İkinci Dünya Müharibəsi zamanı ölkənin məruz qaldığı maliyyə itkilərinin təfərrüatlarını əks etdirən geniş hesabat hazırlayıb və müvafiq olaraq Almaniyadan 1,3 trilyon avro təzminat tələb edib. 3 oktyabr 2022-ci ildə Polşa Xarici İşlər Nazirliyi Almaniyaya təzminat tələbi ilə diplomatik nota göndərib.
İqbal Rzayev,
KONKRET.az
