Rusiya Prezidenti Vladimir Putinlə əlaqələndirilən “Graceful” (müharibədən sonra adı “Kosatka” olaraq dəyişdirilib) yaxtası Baltik dənizindən Rusiyanın Şimal Donanmasının əsas bazası olan Severomorsk limanına köçürülüb.
KONKRET.az xəbər verir ki, bu barədə Danimarkanın DK teleradio korporasiyası peyk görüntülərinə istinadən məlumat yayıb.
Məlumata görə, iyulun 5-də çəkilmiş peyk görüntülərində yaxta və onu müşayiət edən, Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus “Voevoda” hərbi gəmisi Severomorsk limanında görünür.
Bildirilir ki, transponderi söndürülmüş vəziyyətdə hərəkət edən “Voevoda” limandan təxminən 70 kilometr aralıda olarkən qısa müddətə onu aktivləşdirib.
Qeyd olunur ki, “Graceful” yaxtası və onu müşayiət edən hərbi gəmilər iyunun sonunda Danimarka sahilləri yaxınlığında müşahidə edilib.
Konvoy həmin vaxt guya İstanbula doğru hərəkət etdiyini bildirsə də, sonradan Norveç sahilləri boyunca Rusiya sularına istiqamət götürüb.
Ekspertlərin fikrincə, yaxtanın Şimal dənizi istiqamətində yerləşən hərbi bazaya köçürülməsinin əsas məqsədi onu Ukraynanın pilotsuz uçuş aparatlarının mümkün hücumlarından qorumaqdır.
Müşviq Tofiqoğlu
KONKRET.az
