Çexiya Prezidenti Petr Pavel bəyan edib ki, qarşıdakı iki ay Ukraynada müharibənin dayandırılması üçün həlledici mərhələ ola bilər. Onun sözlərinə görə, Rusiyada sentyabrın 20-nə təyin edilən parlament seçkilərindən sonra vəziyyət ümumi səfərbərlik elan olunması ehtimalına görə əhəmiyyətli dərəcədə dəyişəcək.
KONKRET.az xəbər verir ki, bu barədə Çexiya lideri “The Telegraph” nəşrinə müsahibəsində danışıb.
NATO Hərbi Komitəsinin sabiq sədri və istefada olan general Petr Pavel bildirib ki, müttəfiqlər mövcud vaxt pəncərəsindən maksimum istifadə edərək Moskvaya təzyiqi artırmalıdırlar.
Pavel hesab edir ki, Rusiya Prezidenti Vladimir Putin parlament seçkilərinə qədər cəmiyyət arasında narazılıq yarada biləcək addımlar atmağa, o cümlədən ümumi səfərbərlik qərarı verməyə ehtiyat edəcək.
Onun sözlərinə görə, seçkilər başa çatdıqdan sonra isə bu imkan pəncərəsi daralacaq.
Çexiya Prezidenti Ukraynanın pilotsuz uçuş aparatları ilə Rusiyanın dərin arxa cəbhəsində yerləşən hədəflərə endirdiyi zərbələrin effektivliyini də qeyd edib.
O, bildirib ki, enerji infrastrukturu və yanacaq-logistika obyektlərinə davamlı hücumlar Moskvanı dialoq yolları axtarmağa sövq edə bilər.
O əlavə edib ki, beynəlxalq ictimaiyyət Rusiyanı inandırmalıdır ki, müharibənin davam etdirilməsi yalnız yeni itkilərə gətirib çıxaracaq və yeganə çıxış diplomatik həll yoludur.
Müşviq Tofiqoğlu
KONKRET.az
