“Putinə məktub olmayacaq” – Avropa liderləri Rusiyadakı seçkilərin nəticələrini tanımırbackend

“Putinə məktub olmayacaq” – Avropa liderləri Rusiyadakı seçkilərin nəticələrini tanımır

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer seçkilərdəki “qələbəsi” münasibətilə Vladimir Putinə təbrik məktubu göndərməyəcək.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Sersteen Qammel belə deyib: “Putinə məktub olmayacaq” .

Almaniya Xarici İşlər Nazirliyi bəyan edib ki, Rusiyada keçirilən seçkilər azad və ədalətli deyil. “Putinin hakimiyyəti avtoritardır, o, senzura, repressiya və zorakılığa əsaslanır. Ukraynanın işğal olunmuş ərazilərində keçirilən “seçkilər” heç bir hüquqi qüvvəyə malik deyil və beynəlxalq hüququn növbəti pozuntusudur”.

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron da bu fikri bölüşüb.

Polşa Xarici İşlər Nazirliyi səsvermənin cəmiyyətə qarşı sərt repressiya fonunda baş tutduğunu, cəmiyyətin azad və demokratik seçim etməsinə mane olduğunu bildirib.

“Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində seçkilərin keçirilməsi ilə bağlı Kremlin qeyri-qanuni qərarı xüsusi qınağa layiqdir. Bu, beynəlxalq hüququn, o cümlədən BMT Nizamnaməsinin nümayişkaranə şəkildə pozulmasıdır və bu, yalnız Ukraynanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə növbəti zərbə vurmaq cəhdi kimi qiymətləndirilə bilər. Polşa bu ərazilərdə keçirilən “seçkilərin” gedişini və nəticələrini tanımır və heç vaxt qəbul etməyəcək”, – bəyanatda deyilir.

Latviya Prezidenti Edqars Rinkeviçs istehza ilə X-də qısaca yazıb: “Seçkilər. Hansı seçkilər?”.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*