Ukrayna ilə aparılan müharibə, Putinin səfərbərlik elanı, ABŞ və Qərbin sanksiyaları, eləcə də Cənubi Qafqazda baş verən proseslər Rusiyanı əməlli-başlı dalana dirəyib. Artıq Putin ölkədəki etirazlar fonunda nə edəcəyini tam mənada anlamır. Belə bir vəziyyətdə Kreml uğrunda savaşın başlaması haqda rusiyalı analitiklərin fikirlərinin yayılması Putini daha da özündən çıxarır. Analitiklər isə hesab edirlər ki, gələcək hakimiyyət uğrunda savaş ordu və Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşevin “FSB komandası” adlanan qrup arasında gedir. Hətta Patruşevin oğlunu növbəti prezident kimi gördüyünə və bunun üçün Çin, ABŞ və Türkiyə ilə danışıqlar aparıldığına dair fikirlər də yer alıb. Bəs görəsən səslənən fikirlər nə dərəcədə real və mümkündür?
Mövzunu KONKRET.az-a şərh edən politoloq Elman Vəliyev bildirib ki, İstənilən dövlətin onurğa sütunu onun təhlükəsizlik xidmətidir: “MOSSAD, MİT, CİA, FSB Mİ6, DTX kimi orqanlar dövlətin özəyini təşkil edir. Ordu ilə FSB arasında savaşın olacağına dair fikirlər absurddur. Belə bir hal yaşansa, guya kim qalib gələcək ki! Bir dövlətin ordusu ilə, təhlükəsizlik orqanı qarşı-qarşıyadırsa, Patruşevin belə bir planından Putinin xəbərdar olmaması və tədbir görməməsi mümkün deyil. Mən belə bir məsələnin olduğunu istisna etmirəm. Putinin FSB-dən və ordudan bir neçə adamı işdən çıxartması müəyyən məqamlardan xəbər verir. Amma ordunun çevriliş etmək imkanı çox məhduddur. Məsələn, Türkiyədə belə hallar çox olub. Dövlətdəki dairələr də bunu bildiklərindən ordunu həmişə siyasətdən və bu tipli situasiyalardan uzaq tutmağa çalışıblar. Ancaq Rusiyada belə bir təcrübənin olmadığını nəzərə alsaq, o zaman Putini devirmək imkanlarının məhdudluğunu deyə bilərik”.

Hakimiyyətdəki qüvvəni devirmək üçün xalq yoxsa ordu daha effektli ola bilər sualına politloq tərəddüd etmədən ordu cavabını verib: “Putin sözsüz hakimiyəti təhvil verəcək. Bu, çox uzaqda deyil. Bunu Putin özü də hiss edir. Onun yerinə Patruşevin oğlunun gəlməsi məsələsi isə şübhə altındadır. Amma hakimiyyətə gələcək şəxsdə FSB-nin rolunun 80 faiz olduğunu demək mümkündür. Yəni rus analitiklərinin dediklərini tam olaraq inkar etmirəm. Amma bu məsələdə digər dövlətlərin də rolu böyükdür. Əgər onlar Patruşevin oğlunu prezident kimi görürsə, demək iş bitmişdir. Hakimiyyət dəyişikliyi ilə bağlı ABŞ, Çin və Türkiyə ilə danışıqlara gəldikdə isə bu, qaranlıq məqamdır. Türkiyə və Çin Putinin hazırda hakimiyyətdə qalmasının tərəfdarıdır. Amma Amerika özünə sərf edən bir liderin gəlməsini istəyə bilər. Əslində Putin də Avropanı Amerikaya möhtac etməklə Vaşinqton hökumətinə sərf edir”.
Müşviq Tofiqoğlu,
KONKRET.az
