Qafar Cəbiyev: “Albanşünaslıq problemlərinə dair xüsusi dövlət proqramına ehtiyac var”backend

Qafar Cəbiyev: "Albanşünaslıq problemlərinə dair xüsusi dövlət proqramına ehtiyac var"

Dünyanın siyasi xəritəsində “Albaniya” adı ilə iki dövlət olub. Onlardan birincisi qədim Azərbaycan dövləti olan və Qafqaz Albaniyası adı ilə tanınan tarixi Albaniya, digəri isə müasir Albaniya, yəni Balkan Albaniyasıdır. Eramızdan əvvəl IV əsrdən bizim eranın VIII əsrinədək mövcud olmuş Qafqaz Albaniyası şimalda Baş Qafqaz sıra dağları, cənubda Araz çayı, şərqdə Xəzər dənizi, qərbdə isə İberiya, Şərqi Anadolu və Göyçə gölünədək olan geniş əraziyə malik qüdrətli bir dövlət olub.

Girdiman, Sakasena, Kambisena, Çola, Lipina, Uti, Sünik, Kaspiana və s. vilayətlərindən, yəni inzibati-siyasi vahidlərdən ibarət olan Albaniya əhalisinin milli tərkib etibarı ilə 26 etnik vahiddən ibarət olub. Hansı ki, həmin etnik vahidlər sırasında albanlarla yanaşı utilər, qarqarlar, kadusilər, gellər, leqlər, çilblər və digər etnosların da adları çəkilir. Əsrlərin, minilliklərin burulğanlarında həmin etnosların bir qismi assimilyasiyaya məruz qalaraq tarix səhnəsindən getsə də, bu günün özündə belə Azərbaycanın etnik palitrasında özünə layiq yer alan və multikultural dəyərlər toplusu olan da məhz o etnoslardır. Bu mənada Azərbaycan 2000 il öncə olduğu kimi bu gün də dünyanın çox ölkələrinə nümunə ola biləcək multikultural bir ölkədir.

Alban dövləti antik dünyanın və erkən orta əsrlərin nəhəng imperiyaları olan Roma, Parfiya, Bizans, Sasani imperiyaları, Xəzər xaqanlığı, Ərəb Xilafəti və digər dövlətlərlə zaman-zaman gah çox ciddi hərbi qarşıdurmalar, gah da diplomatik təmaslar və ya müttəfiqlik əlaqələrində olmuşdur. Bu dövlətin başında duran Oroyz, Kozis, I Cəsur Vaçaqan, I Vaçe, Urnayr, Yelisey, III Mömin Vaçaqan, II Vaçe, Cəsur Vardan və Cavanşir kimi ağıllı, qüdrətli və uzaqgörən siyasi və dini liderlərin, sərkərdə və diplomatların səyləri nəticəsində Albaniya dünyaya meydan oxuyan nəhəng imperiyaların maraqlarının toqquşduğu məkan və zaman çərçivəsində nisbi də olsa özünün ərazi bütövlüyü və dövlət müstəqilliyini qoruyub saxlaya bilmişdir.

Albaniya əhalisinin etnik mənzərəsində olduğu kimi dini durumunda da müxtəliflik hökmran idi. Ölkənin ayrı-ayrı regionlarında zərdüştliyin tədricən yayılmaqda olduğu bir vaxtda xristian missionerləri də buraya ayaq açıb. İlkin olaraq I əsrdə Şəkidə “Şərq kilsələrinin anası” hesab olunan alban Kiş məbədi fəaliyyətə başlayıb. 313-cü ildə Çar Urnayr tərəfindən xristianlıq Albaniyada rəsmi dövlət dini elan olunub. VII əsrdən başlayaraq Albaniyada həm də İslam dini yayılmağa başlayıb. Bunlarla eyni vaxtda ayrı-ayrı yerlərdə, o cümlədən Girdimanda bütpərəstliyin qalması bütövlükdə ölkədə dini durumun da son dərəcə mürəkkəb olduğundan xəbər verirdi.

Yadellilərin basqın və hücumları, xüsusən də ərəb işğalı və daxildəki feodal pərakəndəliyinin artması zəminində VIII əsrin əvvəlindən etibarən Qafqaz Albaniyası bir dövlət olaraq tədricən tarix səhnəsindən gedib. Onun ərazisində və bilavasitə onun siyasi varisləri olan yeni-yeni Azərbaycan feaodal dövlətləri yaranıb. Təbiidir ki, həmin dövlətlərin də hər birinin tarixi-mədəni irsinin kökündə məhz alban irsi dururdu. Hansı ki, onlar da öz növbəsində yeni tarixi şəraitdə və yeni siyasi reallıqlar müstəvisində bu irsi qorumuş, yaşatmış, inkişaf etdirərək daha da zənginləşdirmişlər.

Xatırladaq ki, ötən əsrin 40-cı illərinədək Azərbaycanda albanşünaslıq məktəbi demək olar ki, hələ formalaşmamışdı. Məhz bu səbəb üzündən Moskvada SSRİ tarixinə dair hazırlanan ümumiləşdirici əsərlərin Azərbaycan bölməsinin işlənməsi qeyri millətlərdən, o cümlədən erməni millətindən olan şəxslərə həvalə olunmuşdur. Ermənilərin Albaniya tarixini total şəkildə saxtalaşdırmaq cəhdləri də əslində elə o zamandan başlayıb. Lakin ötən əsrin 40-cı illərinin ikinci yarısından etibarən Mingəçevir, Qəbələ, Şamaxı, Gəncə və digər alban abidələrində başlanan genişmiqyaslı arxeoloji axtarışların təsiri ilə qısa zaman kəsiyində peşakar albanşünas alimlər nəsli yetişmiş oldu. Bu əslində respublikamızın albanşünaslıq elmində ciddi oyanışın başlanğıcı demək idi. Hansı ki, məhz həmin tədqiqatçıların səyləri nəticəsində Qafqaz Albaniyasının 1000 ildən artıq bir dövr ərzində həqiqətən də Cənubi Qafqazın qüdrətli dövləti olduğu təkzibolunmaz dəlil və sübutlar əsasında təsdiq edilmiş oldu. Məhz o illərdən etibarən Qafqaz Albaniyasının tarixi-mədəni irsinə yiyələnməkdə iddialı olan qonşu dövlətlərin elmi dairələri ilə Azərbaycan albanşünasları arasında bir çox hallarda normal elmi diskussiya həddini aşan dartışma və çəkişmələr getdikcə daha artıq gündəm oldu.

Tarixi Albaniya torpaqları Azərbaycan Respublikası ilə yanaşı Cənubi Dağıstan və Şərqi Gürcüstan ərazilərinin bir hissəsini, Ermənistan respublikası ərazisinin isə böyük bir hissəsini də əhatə edirdi. Bu baxımdan Albaniya tarixinin öyrənilməsinə kənar elmi dairələr, xüsusən də bizə qonşu olan dövlətlərin elm adamları tərəfindən maraq göstərilməsi əlbəttə başa düşüləndir. Lakin bu, heç kəsin Albaniya tarixini saxtalaşdırması və ya özününkiləşdirməsi cəhdləri üçün əsas ola bilməz. Görkəmli qafqazşünas alim Y.İ.Krupnov hələ sovet hakimiyyəti dönəmində bu xüsusda belə yazırdı:

“Albaniya tarixinin öyrənilməsi işində heç bir məhdudiyyət və məcburiyyət olmamalıdır. Albaniya tarixini müxtəlif ölkələrin tarixçiləri öyrənirlər. Lakin bir şey də məlumdur: Qafqaz Albaniyasının tarixi və taleyi ilə hamıdan çox azərbaycanlılar məşğul olmalıdırlar. Bu sahədə onlar dünya elmi qarşısında məsuliyyət daşıyırlar, dünya elminə borcludurlar”.

Bu bir həqiqətdir ki, maraqlı dairələrin Albaniya tarixini saxtalaşdırmaq və alban irsinə sahib durmaq cəhdlərinin arxasında birbaşa ölkəmizə qarşı yönəlmiş ərazi iddiaları durur. Ən azı son yüz ilin hadisələri göstərdi ki, erməni kilsəsi və diasporu əvvəlcə öz tarixçilərini ideoloji cəhətdən “silahlandırmaqla” ön cəbhəyə yollayıb. Onlar da öz növbəsində saxta faktlar və tezislərlə erməni cəmiyyyətini və rəsmilərini ideoloji baxımdan silahlandırıblar. Bu minvalla saxta erməni təbliğatının dairəsi genişlənə-genişlənə az qala bütün dünyaya yayılaraq beyinləri zəhərləyib. ABŞ Konqresi, Fransa senatı, Yunan cəmiyyəti və onlara yaxın siyasi dairələr neçə onilliklərdir ki, bax beləcə zəhərlənib. Bütün bu reallıqlar isə indiki dönəmdə republikamızın albanşünas alimləri qarşısında duran vəzifələrin miqyasının, onun elmi və siyasi yükünün əvvəlki dönəmlə müqayisədə nə dərəcədə artdığından xəbər verir. Belə olan halda fikrimizcə Albaniya tarixini daha dərindən və hərtərəfli araşdırmaq, ermənilərin və ermənipərəst dairələrin tariximizlə bağlı saxta və qərəzli təbliğatını ifşa etmək məqsədilə ilk növbədə aidiyyatı dövlət qurumlarının və elmi dairələrin iştirakı ilə müvafiq dövlət proqramının hazırlanması məqsədəuyğun olardı.

Məhz belə bir Dövlət proqramı çərçivəsində alban abidələrinin elektron katoloqunun və tarixi-arxeoloji atlasının hazırlanması, həmin abidələrdə kompleks tədqiqatların aparılması, Qarabağ və Ermənistan ərazisində ermənilər tərəfindən məqsədli şəkildə dəyişdirilən tarixi yer adlarının bərpası, tədqiqat işləri yekunlaşan abidələrin bərpa və konservasiya edilərək cəlbedici turistik məkana çevrilməsi istiqamətində fəal və ardıcıl iş aparılmalıdır. Alban dövrünə aid memarlıq abidələrinin, yaşayış yerlərinin, xatirə tikililərinin, qala və istehkamların, kurqan və məzarlıqların hər birinin tarixçəsi öyrənilməklə elmi dövriyyədə yer almalıdır. İşğal dönəmində tarixi-mədəni irs nümunələrinin ermənilər tərəfindən total şəkildə dağıdılması, məhv edilməsi, saxtalaşdırılması faktları bir an belə gecikmədən, ləngimədən sənədləşdilməli, beynəlxalq səviyyədə ifşa edilməli və nəhayət, məhkəmə predmeti olması üçün zəruri tədbirlər görülməlidir. Özü də bu işlər təkcə Qarabağ və Şərqi Zəngəzurda deyil, hər zaman kənar dairələrin marağında olduğu Naxçıvanda, şimal və şimal-qərb bölgələrində də eyni fəallıqla davam etdirilməlidir. Yəni, həmin istiqamətlərdən olan ayrı-ayrı elmi, siyasi, millətçi və separatçı dairələrin zaman-zaman ölkəmizə qarşı ərazi iddiaları səsləndirdiklərini heç bir halda diqqətdən qaçırmamalıyıq. Vaxtı ilə Qarabağda bu yöndə buraxılan səhvlər təkrar olunmamalıdır.

Doğrudur, AMEA-nın Arxeologiya, Etnoqafiya və Antropologiya İnstitutu nəzdində yeni yaradılmış Albanşünaslıq Elmi Mərkəzi artıq bir ildir ki, bu istiqamətdə müəyyən iş aparmaqdadır. Hesab edirik ki, görülən işlərin miqyasını daha da genişləndirmək və səmərəliliyini artırmaq naminə Albanşünaslıq Elmi Mərkəzinin strukturuna da yenidən baxılması məqsəduyğun olardı. Çünki indiki halda albanşünaslıq problemləri ilə bir sıra elmi qurumlar ayrı-ayrılıqda, həm də pərakəndə şəkildə məşğul olmaqdadırlar. Əlbəttə, belə olan halda hansısa ciddi uğurlar əldə ediləcəyinə inanmaq da çətindir. Yeri gəlmişkən AMEA sistemində çoxdandır ki, mövcud olan elmi mərkəzlərin statusu da müəyyənləşdirilməlidir. Yəni, AMEA Rəyasət Heyətinin müvafiq qərarları əsasında yaradılan və faktiki olaraq fəaliyyət göstərməkdə olan elmi mərkəzlərin statusu, onların şöbə və ya digər elmi bölmə və qurumlardan fərqinin nədən ibarət olduğu hələ də heç kəsə bəlli deyil. Əslində isə beynəlxalq praktikaya görə elmi mərkəzlər elmi tədqiqat institutları statusunda olan bir qurum olmalıdır.

Hazırda AMEA sistemində Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul 2022-ci il tarixli Fərmanından irəli gələn islahatlar prosesi davam etməkdədir. Arzu olunandır ki, islahatlar gedişində bu qəbildən olan problemlər də nəhayət öz həllini tapmış olsun. Çox əmin olmaq istərdik ki, bu islahatlar əvvəlki illərdə elm sahəsində aparılmış islahatlardan fərqli olaraq formal və kosmetik xarakterdə olmayacaqdır.

Qafar CƏBİYEV, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya
İnstitutunun Albanşünaslıq Elmi Mərkəzinin rəhbəri, tarix elmləri doktoru, professor.

KONKRET.az

  • t.e.d., professor Qasım Hacıyev
    Yanvar 14, 2023 - 14:59

    Çox təqdirəlayiq fikrlərdir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*