Qar, yağış, dolu… – Məhsullar bahalaşa bilər?backend

Qar, yağış, dolu… - Məhsullar bahalaşa bilər?

Son günlər bölgələrdə müşahidə olunan qeyri-sabit hava şəraitinin kənd təsərrüfatına mümkün təsirləri ilə bağlı narahatlıq var. Xüsusən də bəzi dağlıq və dağətəyi ərazilərə apreldə qar yağması, dolu və sel riskinin artması mövzunu yenidən aktuallaşdırıb.

Bu fonda sual yaranır: hava şəraitindəki bu dəyişiklik məhsuldarlığa və bazar qiymətlərinə necə təsir edəcək?

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı “Yeni Sabah”a danışan aqrar məsələlər üzrə ekspert Allahverdi Mustafayev bildirib ki, apreldə qar və dolu yağması lokal xarakter daşıdığı üçün ümumi mənzərəyə ciddi təsir etmir:

“Apreldə müşahidə olunan gözlənilməz hava şəraiti, o cümlədən, Qubanın yüksək dağlıq ərazilərinə qar yağması və Bakıya dolu düşməsi məhsuldarlığa birbaşa ciddi təsir göstərən amil deyil. Çünki bu cür hava hadisələri, əsasən, lokal xarakter daşıyır və qısa müddətli olur.

Bir və ya bir neçə rayonda baş verən belə hallar, hətta müəyyən təsir yaratsa belə, ümumi məhsula və bazardakı qiymətlərə ciddi təsir göstərə bilməz. Aprelin ortasında qar yağması təbii ki, anomal haldır, amma bu qar meyvə və tərəvəzçiliyin bol olduğu rayonlara yox, əsasən, yüksək dağlıq ərazilərə yağıb”.

Ekspertin sözlərinə görə, tərəvəzçilikdə həlledici dövr hələ başlamayıb və məhsuldarlıq təkcə hava şəraitindən asılı deyil:

“Əgər yağışlı hava uzun müddət davam etsəydi, onda meyvəçiliyə daha ciddi təsirlərdən danışmaq olardı. Tərəvəzçilikdə isə əsas mərhələ hələ qarşıdadır. Ümumiyyətlə, məhsuldarlıq tək bir amildən asılı olmur, bu, kompleks faktorlarla müəyyənləşən məsələdir.

Məhsul bol olduqda, təklif artır və nəticədə qiymətlər aşağı düşür. Hazırkı mərhələdə isə qiymətlərlə bağlı qəti fikir söyləmək tezdir. Əgər çiçəkləmə dövründə hava şəraiti əlverişli keçibsə, tozlanma və mayalanma yaxşı gedibsə, artıq ilkin meyvə əmələ gəlibsə, bu, müsbət göstəricidir.

Ancaq əlverişsiz hava şəraiti uzun müddət, məsələn, bir həftə və ya 10 gün davam etsə, bu zaman göbələk və digər fitopatogen xəstəliklərin yayılması üçün münbit şərait yarana bilər. Hələlik isə məhsulun azalacağı, yaxud qiymətlərin artacağı ilə bağlı ciddi fikir söyləmək üçün əsas yoxdur. Çünki bu, hələ də bir çox amildən asılıdır. Bir bölgədə əlverişsiz hava şəraiti müşahidə olunsa da, başqa bölgələrdə vəziyyət fərqli ola bilər. Ona görə də hazırda narahatlıq üçün ciddi əsas görünmür”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*