Qarabağ klanına HƏBS: “Paşinyan saman altdan su yeridir” – TƏHLİLbackend

Qarabağ klanına HƏBS: "Paşinyan saman altdan su yeridir" - TƏHLİL

II Qarabağ savaşı başlayanda, ordumuz böyük zəfərə yaxınlaşdıqca Azərbaycanda Paşinyana qarşı qəribə bir simpatiya yaranmış, yaxud qəsdən əmələ gətirilirdi. Hətta o vaxt bəzi müxalif erməni saytları (hraparak, yerkramas) Nikolun Azərbaycan hökuməti tərəfindən ələ alındığını və Bakının buyruğu ilə idarə olunduğunu tirajlayırdılar. Söhbət 5 milyard dollarlıq “Bitcoin”, Dubayda mülklərə kimi qalxmışdı. Lakin sonrakı proseslər bunun yalan ollduğunu təsdiqlədi. Çünki Qərbdən İrəvana ayrılan maliyyə yardımları səngimək bilmirdi. Qərb isə öz nüfuz dairəsindən kənarda qalan mərkəzlərin əlaltılarına köməklik göstərmir. Hər halda belə səxavət xasiyyəti yoxdur. Həmçinin Paşinyanı Türkiyənin agenti adlandırırlar. Yeni il öncəsi və sonrakı İrəvan aksiyalarının əsas etiraz şüarlarından biri də məhz bu idi:

“Paşinyan Türkiyənin xəfiyyəsidir. Rədd olsun kapitulyant”.

KONKRET.az xəbər verir ki, hətta 2021-ci il Ermənistandakı baş nazir seçimləri zamanı Azərbaycan mətbuatınının Ermənistan bölümünü təhlil edəndə belə bir təəssürat yaranır, sanki Nikolun təbliğat-təşviqat kampaniyasını Bakı həyata keçirir.

Bunun ilk səbəbi ondan ibarət idi ki, həmin vaxt Rusiya İrəvandakı etiraz aksiyalarını dəstəkləyir və Robert Koçaryanı hakimiyyətə gətirmək istəyirdi. Bakıda isə Paşinyana alternativ kimi yalnız Levon Ter Petrosyanın namizədliyi məntiqli görünürdü. Çünki I Qarabağ savaşı zamanı Petrosyan da Bakının mövqeyini nəzərə alaraq sülh danışıqlarının tərəfdarı olub. Elə bu sülhsevərliyinə görə Kreml həmin dövrdə onu Xocalı qatillərindən olan Koçaryanla əvəzlədi. Ardınca sülh istəyən erməni siyasətçilərini parlament terrorunda qırdırdı. Sonra Ermənistan hakimiyyətinə digər Qarabağ qatili Serj Sarqsyanı əyləşdirdi.

Sadəcə, 2021-ci ildə Petrosyanın taxta çıxacağı real olmadığı üçün Bakı Qarabağ klanının haqlı antireklamını aprırdı ki, Paşinyan seçilsin. Ona qalsa, Kreml Paşinyanı o ki var sulayırdı və ermənilərin Rusiyadakı sayını nəzərə alsaq, Moskva ermənilərin seçki platformasına Bakıdan daha çox təsir gücünə malikdir. Amma erməni xalqı avam deyil. Onlar 2018-ci ildə idman müxbirini çevrilişlə ona görə baş nazir etdilər ki, ölkələri Rusiya buxovundan çıxsın. Erməni xalqı görürdü ki, Sorosun dəstəklədiyi Nikolu Makron da inək öz balasını yalayan kimi əzizləyir, addımbaşı qucaqlayır. Ermənistana ayrılan avrolar da camaatda rubldan çıxmaq ümidi yaratdı ki, onlar Nikolu ikinci dəfə hakimiyyətə gətirdilər. Onu devirmək üçün meydanlarda atılıb-düşən Vazgen Manukyanın nitqi qurudu, seçki öncəsi Paşinyanla çəkic-oraq “razborkası”nda olan Robert Koçaryanın məhkəməsi davam etdirildi. Serj Sarqsyan da hüquq əsnasında dindirilməyə başladı. Bu ermənilərin təpədən-dırnağa qədər korrupsiya, qanunsuzluq, sui-qəsd, müharibə cinayətlərinə bulaşmış rus tulaları olduğunu bilən Ermənistan əhalisi Paşinyanın ətrafında daha sıx birləşdi. Kreml də yeni müxalifət yaratmaq planına keçdi. Lakin Rusiyanın Artur Vanetsyan kartı da ermənilərin səs verəcəyi fiqura çevrilə bilmir. Heç Arayik Arutyunyan da ona bəslənən Bako Saakyanlı Putin ümidlərini doğrultmadı. Ona görə də Moskva Putinin oliqarx çevrəsinə müraciət etməli oldu və milyarder Vardanyan Xankəndiyə yola salındı. Bakının əsəbini sakitləşdirmək üçün Kremlin rəsmi dairələri Rubenin Rusiya ilə əlaqəli olmadığını təkrarladı. Amma:

– Vardanyan Rusiya vətəndaşlığından çıxarılsa da;

– Onun Azərbaycan ərazisinə daxil olması yalnız rus sülhməramlıların müşayiəti ilə mümkün ola bilər;

– “Arsaxın yeni naziri” başlıqları Rusiya mətbuatında tirajlanırdı;

– Rusiyanın ən reytinqli telekanalları separatçı barədə portret reportajlar, müsahibələr hazırlayırdı;

– Vardanyanın qondarma rejimə gəlişi ilə Xankəndi mitinqlərində I Qarabağ müharibəsinə səbəb olan “referendum” lozunqları görünməyə başladı.

Xatırladım ki, SSRİ dağılan ərəfədə bu erməniliklərin müəllifi və himayədarı Qorbaçov olub. İstənilən halda hazırda Rusiya Federasiyasının parçalanması üfiqlər arxasındadır. Bəs Putin niyə belə edir? Çünki Azərbaycandan çıxmaq fikrində deyil.

Paşinyan saman altdan su yeridir.

Yuxarıda qeyd olunduğu kimi Nikol Paşinyan Robert və Serj kimi ruspərəst erməniləri zərərsizləşdirməklə məşğuldur. Onun fikrincə, Rusiyanın təsirindən çıxmaq üçün əvvəlcə rusları yox, Kremlə hamballıq edən erməniləri aradan götürmək lazımdır. Və söhbət yalnız İrəvan sakini olan Qarabağ klanından getmir. Nikol hər vəchlə Qarabağdakı qanunsuz silahlı birləşmələrin tərksilahı, “komandir”lərin məsuliyyətə cəlb olunmasına çalışır. Və Rusiyaya qarşı bu mübarizəni elə bir formada edir ki, Kreml irad bildirmək istəyəndə 10 noyabr 2020-ci il üçtərəfli bəyənatının bəndlərini rusun gözlərinə soxur. Bu, işin asan tərəfidir. Daxili auditoriyanı cilovlamaq üçün Nikol daha bic, tülkü variantlara əl atmalı olur. Nümunə olaraq Ermənistanın İstintaq Komitəsinin rəhbəri Arqişti Kərəmyanın Qarabağdakı qondarma “ordu”nun iki keçmiş komandirinə qarşı irəli sürülən ittihamları əsaslı saymasını göstərmək olar. Məlumata görə, Cəlal Arutyunyan və Mikael Arzumanyana qarşı bir neçə epizod üzrə iş başlanılıb. Kərəmyan müsahibəsində bildirib ki, istintaq yekunlaşmaq üzrədir. O, həmçinin İstintaq Komitəsinin lazım gələrsə, əlavə məlumat yayacağına söz verib.

Qeyd olunur ki, Arutyunyan ağır nəticələrə, xüsusən də canlı qüvvə və zirehli texnikada böyük itkilərə səbəb olan səhlənkarlıqda ittiham olunur. Arzumanyana qarşı da oxşar ittiham irəli sürülüb. İstintaqın məlumatına görə, onun hərəkətləri nəticəsində Azərbaycan silahlı qüvvələri Şuşanı və ona yaxın əraziləri tamamilə nəzarətə götürüb.

Fikir verin, Kremlə sadiq erməniləri qandallamaq üçün onlara qarşı “miatsum” ideologiyalı ermənilərdə nifrət yaradır. Yəni bu iki “komandir”in səhlənkarlığı olmasaydı, Azərbaycan Şuşanı geri qaytara bilməyəcəkdi və s. Belə deyək, pul dilənmədə “mahir” olan Nikol xəlvət ələmədə də “fərasətli” çıxdı.

Sonda digər nüansa diqqət çəkmək istərdim:

– Arqişti Kərəmyan, Cəlal Arutyunyan və Mikael Arzumanyan.

Bunların birinin adı – Cəlal, ikisinin soyadı – Kərəm və Arzuman Azərbaycan isimləridir.

Demirəm ki, ataları azərbaycanlıdır. Sadəcə, ermənilərin aldığı nəfəs də oğurluqdur. Odur ki, torpaq iddialarına heç vaxt əsas gətirə bilməyəcəklər. Belə qəsbkar düşüncədə qalacaqları halda, “dua etsinlər” ki, Rusiya və İran parçalanmasın, yoxsa süquta uğramaqları dəqiqdir. Əgər sülh içində yaşamaq istəyirlərsə, bayaqkı “dua”da orta və işarə barmaqları ilə iks tutsunlar.

KONKRET.az-ın Analitik Qrupu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*