Qarşıdakı dövrdə Rusiyanın milli valyutasını nələr gözləyir? – AÇIQLAMAbackend

Qarşıdakı dövrdə Rusiyanın milli valyutasını nələr gözləyir? – AÇIQLAMA

Ukraynada işğalçı müharibə aparan Rusiya Qərbin tətbiq etdiyi ağır sanksiyalara qarşı hələlik davam gətirir. Enerji gəlirləri ilə itkilərini bərpa edən Kreml digər dövlətlərə qaz satışını rublla həyata keçirir.

Bu günlərdə Belarus lideri Aleksandr Lukaşenko ilə görüşən Rusiya Prezidenti Vladimir Putin deyib ki, Rusiyanın digər ölkələrlə, o cümlədən Belarusla ticarətdə milli valyutaya keçməsi rublun möhkəmlənməsinə kömək edir.

Maraqlıdır, Rusiyanın milli valyutası hansı həddə qədər bahalaşa bilər?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını iqtisadçı ekspert Cəfər İbrahimli cavablandırıb. O bildirib ki, rublun yaxın gələcəkdəki taleyi ilə bağlı konkret proqnoz vermək olmur:

“Hazırda rublla bağlı nə isə demək çox çətindir. Çünki rubl sərbəst tədavül olunan valyuta deyil. Xarici birjalarda bu valyuta ilə əməliyyatlar dayandırılıb. Ölkə daxilində istənilən qədər rubl alğı-satqı əməliyyatlarında ciddi problemlər var. Banklara müxtəlif məhdudiyyətlər qoyulub. Bütün bunları nəzərə alsaq bu valyuta haqda konkret nə isə demək olmur”.

İqtisadçının fikrincə, Rusiya əlindəki imkanlarla liberal iqtisadi sistemə fərqli yanaşma tətbiq edə bilir:

“Hazırda Rusiya ixrac etdiyi neft və qazın pulunu rublla almaq məcburiyyəti qoyub. Əslində həmin xarici banklar köçürmələri avro ilə edir. Sonradan konvertasiya prosesləri aparılır. Lakin bu müharibə hələ də davam edir və prosesin hara kimi davam edəcəyi heç kimə bəlli deyil. Hələlik Rusiya əlindəki imkanlarla liberal iqtisadi sistemə fərqli yanaşma tətbiq edə bilir. Amma Rusiya-Ukrayna müharibəsi bitsə belə sanksiyaların dərhal ləğv olunacağı real deyil. Ona görə də rubl qarşıdakı dövrdə kəskin dəyər qazanacağı və itirəcəyi gözləniləndir”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*