“Qarşıdurma olsa, növbəti müsəlman qətliamı törədiləcək” – Kosova-Serbiya münaqişəsi ilə bağlı AÇIQLAMAbackend

“Qarşıdurma olsa, növbəti müsəlman qətliamı törədiləcək” - Kosova-Serbiya münaqişəsi ilə bağlı AÇIQLAMA

Serbiya və Kosova arasındakı gərginlik dünyanın gündəmini zəbt edib. Ukrayna-Rusiya müharibəsi bitmədən yeni münaqişə ocağının yaranması Üçüncü Dünya müharibəsinin başlanacağı ilə bağlı ehtimalları daha da artırır. Bu isə hazırda həm iqtisadi, həm də siyasi cəhətdən xeyli geriləyən dünya dövlətlərinin vəziyyətini bir az da çətinləşdirə bilər. Proseslərin necə cərəyan edəcəyi isə ən çox verilən suallar sırasındadır.

Mövzunu KONKRET.az-a şərh edən politloq Cümşüd Nuriyevin sözlərinə görə, əslində bu, gözlənilə idi: “Çünki ABŞ, Rusiya üçün bir neçə cəbhə açmağa çalışır. Bunlardan biri də Serbiyadır. Serbiya Ukrayna müharibəsində Rusiyanı dəstəkləyir. Avropa İttifaqının qoyduğu sanksiyaları qəbul etmir. Bunu həm də Rusiyaya bir vəfa borcu olaraq həyata keçirir. Çünki ABŞ 1999-cu ildə Belqradı bombalayanda Rusiya Serbiyanın yanında olub. Amma bütün bunlara baxmayaraq mövcud hadisə ABŞ tərəfindən hazırlanan siyasi oyundur. Çünki Rusiya üçün Taliban-İran, Taliban-Tacikistan cəbhəsi açıla, Türküstan məsələsi gündəmə gələ bilər. Bu oyunun içində gizli razılaşmaların da mövcud olması mümkündür. Amma bütün hallarda Kosova-Serbiya qarşıdurması Rusiya üçün yeni bir bataqlıq yaradır. Rusiyanın bu bataqlığa düşəcəyinə inanmıram. Hər halda 200 minlik Kosova, milyonluq Serbiyanın qarşısında heç nə edə bilməyəcək. Əgər qarşıdurma olsa, növbəti müsəlman qətliamı törədiləcək. Görünən odur ki, bir sıra kiçik və böyük dövlətlər üçün də problem yarana bilər”.

Cümşüd Nuriyev: “Gizli plana görə, İran 5 yerə parçalanmalıdır. Farslar bunu bizə bağışlamaq istəmir” - ŞOK DETALLAR | KONKRET

Cümşüd Nuriyev bildirib ki, Üçüncü Dünya Müharibəsinin baş verməsində heç kim maraqlı deyil: “ABŞ bunu istəmədiyini Nensi Pelosinin dili ilə etiraf etdi. Görünən odur ki, Üçüncü Dünya Müharibəsi üçün çox ciddi bir dövlət olmalıdır. Serbiya və Kosova isə elə də ciddi dövlət deyil. İndi Üçüncü Dünya Müharibəsinin baş verməsinə ehtiyac da yoxdur. Yeni dünya düzəni qurmaqdan ötrü artıq ABŞ da qollarını çırmalayıb. Müharibə olsa belə, bu, Əfqanıstan-İran yaxud Əfqanıstan-Rusiya arasında baş verəcək. Çünki Rusiya və Ukrayna müharibəsi hələlik yeni dünya düzənini formalaşdırmaq üçün işə yaramır. Düzdür, ABŞ həm dollar, həm Avropa İttifaqının zəiflədilməsi, həm də Rusiyanın təklənməsi məsələsində maraqlarına nail oldu. Amma hələ də Rusiyanın yanında böyük oyunçular (Çin, Hindistan, İran) var. Odur ki, müharibə olmasa da, artıq ABŞ ona başlayıb. Yəni böyük konfliktlər nəticəsində yox, qarşıdurmalar səviyyəsində yeni dünya düzəni formalaşacaq”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*