Qazaxıstanda beynəlxalq diplomatların iştirakı ilə veloyürüş təşkil edilibbackend

Qazaxıstanda beynəlxalq diplomatların iştirakı ilə veloyürüş təşkil edilib

ildırım musayev
İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə büro rəhbəri

Qazaxıstanın Borabay kurort zonasında 30-31 may tarixlərində keçirilən CICA 2026 (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) veloyürüşü diplomatları, beynəlxalq təşkilatların nümayəndələrini və tərəfdaş qurumları bir araya gətirib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosunun verdiyi xəbərə görə, ənənəvi tədbirdə diplomatik korpusun və beynəlxalq institutların 44 nümayəndəsi iştirak edib.

Veloyürüş CICA Katibliyi, BMT-nin Qazaxıstandakı Daimi Koordinatorunun Ofisi və Tacikistanın Qazaxıstandakı Səfirliyi tərəfindən Akmola vilayəti hakimiyyətinin dəstəyi ilə təşkil olunub.

Bu ilki tədbir CICA Katibliyinin yaradılmasının 20 illiyinə həsr edilib. Açılış mərasimində çıxış edən CICA-nın Baş katibi, səfir Kairat Sarıbay yubiley münasibətilə il ərzində bir sıra tədbirlərin keçiriləcəyini bildirib. Onun sözlərinə görə, Asiyanın regional təşkilat rəhbərlərinin iştirakı ilə qeyri-rəsmi dəyirmi masa, təntənəli qəbul, həmçinin Katibliyin tarixinə həsr olunmuş kitabın nəşri və sentyabr ayında beynəlxalq inkişaf institutları üçün CICA Fondunun təqdimatı planlaşdırılır.

Kairat Sarıbay qeyd edib ki, son beş ildə Astana və Borabayda mütəmadi keçirilən veloyürüş artıq sadəcə idman tədbiri olmaqdan çıxaraq “idman diplomatiyası”nın mühüm alətinə çevrilib və tərəfdaşlıq mühitinin möhkəmlənməsinə xidmət edir.

BMT tərəfindən Türkmənistanın təşəbbüsü ilə təsis edilmiş Ümumdünya Velosiped Günü ərəfəsində təşkil olunan tədbir sağlam həyat tərzinin və ekoloji məsuliyyətin təşviqinə yönəlib. Diplomatik nümayəndələrin yürüşdə iştirakı və nümayiş etdirdikləri həmrəylik dayanıqlı inkişaf prinsiplərinə sadiqliyin göstəricisi kimi qiymətləndirilib.

BMT-nin Qazaxıstandakı Daimi Koordinatoru Saranqo Radnaraqça çıxışında velosipedin yalnız nəqliyyat vasitəsi deyil, həm də inklüzivlik, sağlamlıq və iqlim fəaliyyətinin simvolu olduğunu vurğulayıb. O, iştirakçıları ətraf mühitə düşən yükün azaldılması və 2030-cu il Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması naminə bu nəqliyyat növündən daha geniş istifadə etməyə çağırıb.

Günün sonunda təşkil olunan qala şam yeməyində iştirakçılara xatirə sertifikatları təqdim edilib. Təşkilatçılar bildiriblər ki, hər bir iştirakçının töhfəsi bu cür təşəbbüslərin əhəmiyyətini artırır və idman yarışını dostluq və həmrəylik rəmzinə çevirir.

Tacikistanın Qazaxıstandakı Səfirliyinin nümayəndəsi Abduləziz Şərifi isə çıxışında bildirib ki, velosipedlə qət edilən ortaq marşrut CICA-nın inkişaf, tərəfdaşlıq və qarşılıqlı dəstək ruhunu əks etdirir. O vurğulayıb ki, dostluq mühitində canlı ünsiyyət dövlətləri rəsmi danışıqlar qədər yaxınlaşdırır.

Tədbir çərçivəsində iştirakçılara Tacikistan səfirliyinin təqdim etdiyi ənənəvi plov da ikram olunub. Diplomatik həftəsonu növbəti gün Borabayın unikal təbiət mənzərələri ilə tanışlıq gəzintisi ilə başa çatıb.

İldırım Musayev,

KONKRET.az-ın Mərkəzi Asiya bürosu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*