“Yanvar ayından Qazaxıstanda Rusiya telekanallarının, o cümlədən, Birinci Kanalın yayımının dayandırılması iqtisadi səbəblərlə bağlıdır. Belə ki, 2024-cü il üçün müqavilə yerli operatorun borcuna görə bağlanmayıb”.
KONKRET.az xəbər verir ki, bu barədə Birinci Kanalın “Ümumdünya Şəbəkəsi” ASC-nin Qazaxıstandakı rəsmi nümayəndəsi İrina Kalaşnikova məlumat verib.
Qazaxıstanın “Vlast” nəşri Kalaşnikovadan sitat gətirib: “Biz 2024-cü il üçün konsensus əldə etmədik, ona görə də müqavilə bağlanmadı. Əsas səbəb operatorun müəlliflik hüququ sahibinə borcudur. Bununla əlaqədar olaraq, televiziya kanallarının yayımını dayandırmağa məcbur olduq. Operatora bağlanma ilə bağlı məlumat verilib, bir il ərzində bu barədə dəfələrlə xəbərdarlıq edilib”.
Qeyd edək ki, Qazaxıstanın televiziya və radio yayımı sahəsində operator kimi tanınan TVCOM yanvar ayından etibarən bir sıra Rusiya televiziya kanallarını peyk və internet televiziyasının yayım şəbəkəsindən çıxardığını bildirmişdi. Buna səbəb kimi informasiya gündəmi olan kanalların sayının azaldılması göstərilmişdi.
Natiq Səlim,
KONKRET.az
