Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin rəhbəri Yuri İlyin respublikanın şimalındakı Kostanay vilayətində baş verən yanğınlarda bir nəfərin öldüyünü bildirib.
KONKRET.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Bu gün səhər saatlarında Amankaraqay kəndində dağıntılar təmizlənərkən 1936-cı il təvəllüdlü əlil olan bir nəfərin ölməsi faktı aşkarlanıb”, – İlyin bildirib.
Bundan əvvəl Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti respublikanın şimalındakı Kostanay vilayətində irimiqyaslı meşə yanğınları nəticəsində on nəfərin, o cümlədən Fövqəladə Hallar Nazirliyinin üç əməkdaşının xəsarət aldığını bildirmişdi.
O da məlum olub ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Kostanay vilayətində başlayan meşə yanğınlarının söndürülməsi üçün operativ qərargahı ziyarət edəcək .
Daha sonra Qazaxıstanın şimalında meşə yanğınları səbəbindən altı sərnişin və 11 yük qatarının gecikdiyi bildirilib. Sentyabrın 4-də səhər saatlarında Qazaxıstan Dəmir Yollarının mətbuat xidməti dəmir yolu hərəkətinin tədricən bərpa olunduğunu bildirib.
