“İkinci Qarabağ müharibəsindən sonra Ermənistana göstərilən dəstək mərhələli şəkildə artaraq ölkənin siyasi, iqtisadi və təhlükəsizlik imkanlarının gücləndirilməsinə yönəlib. Qərb ölkələrinin bu siyasəti hansı məqsədlərə hesabladığı müxtəlif amillərlə izah oluna bilər. Burada Rusiyanın regiondakı rolunun zəiflədilməsi, Cənubi Qafqazda güc balansının dəyişdirilməsi, eləcə də Qərbin regionda siyasi və institusional mövcudluğunun artırılması kimi amilləri qeyd etmək mümkündür. Eyni zamanda, burada din amilinin də rol oynadığı qeyd edə bilərik”.
Bu fikirləri siyasi şərhçi Elmir Səftərov KONKRET.az-a açıqlamasın da səsləndirib:

“2026-cı ildə Avropa İttifaqı–Ermənistan münasibətləri artıq iqtisadi və siyasi əməkdaşlıqla məhdudlaşmır. Təhlükəsizlik və müdafiə sahəsində də əməkdaşlıq genişlənir. Ermənistanda fəaliyyət göstərən Avropa İttifaqının müşahidə missiyası bu istiqamətdə mühüm nümunələrdir. Bundan əlavə, Avropa Sülh Fondu çərçivəsində Ermənistana müxtəlif illərdə maliyyə yardımları ayrılıb. Bu vəsaitlərin əsasən logistika, böhranlara hazırlıq, mülki müdafiə və dayanıqlılığın gücləndirilməsi məqsədilə ayrıldığı vurğulanır.
Bu siyasətin əsas nəticələrindən biri Ermənistanın təhlükəsizlik baxımından Rusiyadan asılılığının azaldılması və Qərblə institusional inteqrasiyasının dərinləşməsi də ola bilər. Bununla yanaşı, Qərbin Cənubi Qafqazda öz təsir imkanlarını genişləndirmək və regionla daha sıx siyasi, iqtisadi və təhlükəsizlik əlaqələri qurmaq marağı da nəzərə alınmalıdır. Ermənistanı bu baxımdan Qərbin regiondakı əsas tərəfdaşlarından birinə çevirməyə çalışırlar. Bununla yanaşı, xarici dəstəyin artması Ermənistanın təhlükəsizlik imkanlarını və danışıqlardakı mövqeyinə olan inamını gücləndirəcək. Bu isə müəyyən hallarda daha sərt siyasi mövqelərin ortaya çıxmasına və regionda təhlükəsizlik narahatlığının artmasına səbəb ola bilər. Ermənistanın keçmişdə nümayiş etdirdiyi siyasi yanaşmalar və revanşist ritorika bu baxımdan əlavə narahatlıq doğurur”.
E.Səftərov vurğulayır ki, bununla belə, sülh prosesinin davam etdirilməsi və Ermənistanda revanşist yanaşmaların həm siyasi dairələrdən, həm də cəmiyyətin düşüncəsindən uzaqlaşdırılması regional sabitlik baxımından mühüm əhəmiyyət daşıyır.
“Ermənistanın gələcək inkişafı üçün qonşu dövlətlərlə düşmənçilik siyasətindən uzaqlaşması və regional əməkdaşlığa üstünlük verməsi daha dayanıqlı perspektiv yarada bilər.
Hazırda Azərbaycan və Ermənistan arasında danışıqlar davam edir. 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən görüşdən sonra yaranan müsbət dinamika regionda sabitliyin möhkəmləndirilməsi baxımından mühüm mərhələdir. Bu sabitlik Cənubi Qafqazın iqtisadi inkişafı, nəqliyyat və kommunikasiya əlaqələrinin bərpası üçün əsas şərtlərdən biridir.
Azərbaycan öz ərazisindən Ermənistana tranzit yollarının açılması, neft məhsulları ixrac etməsi istiqamətində atdığı addımlar da regional əməkdaşlığın mümkünlüyünü göstərir. Ermənistan da anlamalıdır ki, həm hazırkı mərhələdə, həm də uzunmüddətli perspektivdə region ölkələri ilə qarşıdurma deyil, əməkdaşlıq siyasəti onun iqtisadi və siyasi maraqlarına daha çox uyğun gəlir. Bu baxımdan, Ermənistana göstərilən xarici dəstəyin hansı məqsədlər daşımasından asılı olmayaraq, İrəvan bunu regionda yeni qarşıdurma deyil, davamlı sülh və əməkdaşlıq üçün istifadə etməlidir”.
Aynurə İsmayıl
KONKRET.az
