Qərbin və Rusiyanın Qarabağa baxışı… – Bu dəfə doğru seçimi Kreml etməlidirbackend

Qərbin və Rusiyanın Qarabağa baxışı… - Bu dəfə doğru seçimi Kreml etməlidir

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması istiqamətində atılan addımların daha da intensivləşməsi Qərbin və Rusiyanın Qarabağla bağlı mövqeyinə tam işıq salır. Hazırkı situasiyada Qarabağla bağlı dünya ictimaiyyətinə, Azərbaycan və Ermənistan cəmiyyətinə qaranlıq qalan bütün amillərin tamamilə aradan qalxdığını düşünmək olar. Qarabağla bağlı Qərbin də, Rusiyanın də niyyəti bəllidir…  

Qərbin məqsədi odur ki, Azərbaycanla Ermənistan arasında etibarlı sülh müqaviləsi bağlansın, iki ölkə arasında sərhədlərin delimitasiya-demarkasiya prosesi aparılsın, Cənubi Qafqazda sabitlik və təhlükəsizlik tam şəkildə bərpa olunsun. Şübhəsiz ki, Qərb bu məqsədlərlə Azərbaycan-Ermənistan arasında pozitiv münasibətlərin qurulması ilə yanaşı, bölgədə Rusiyanın təsir rıçaqlarını da maksimum səviyyədə sıfırlamaq istəyir. Bölgədə münaqişə olmayacaqsa, Rusiyanın Cənubi Qafqaz ölkələri üzərində təsir imkanları da getdikcə azalacaq.

Rusiyanın məqsədi isə Cənubi Qafqazda münaqişə ocağını qoruyub saxlamaqdır.

Diqqət ediriksə, Rusiyanın həmsərhəd olduğu bir çox ölkələrlə ərazi problemi var. Ətrafı münaqişə ocaqları ilə doldurulmuş Rusiya bundan həmin ölkələrdə öz iqtisadi, siyasi, hərbi hökmünü saxlamaq üçün maksimum səviyyədə istifadə edir. Kreml qonşu ölkələri bu və ya digər şəkildə “Rus orbiti”nə çəkir.

Ermənistanda Qərbin həyata keçirdiyi inqilab nəticəsində 2018-ci ildə hakimiyyətə gələn Nikol Paşinyan cəmi iki il tab gətirə bildi. 44 günlük Qarabağ müharibəsi Azərbaycan şəksiz qələbəsi ilə nəticələndi, Ermənistan məğlub oldu. Məhz belə bir məqamda Rusiya Azərbaycanın qələbəsindən faydalanaraq, Paşinyanı öz orbitinə çəkə bildi. Bəlkə Kremlin əvvəldən əsas məqsədlərindən biri də elə bu olub: Azərbaycanın qələbəsi Qərbə meyllənən Ermənistanı yenidən Rusiyanın vassalına çevirmək.

Hazırda Paşinyan iki cəbhə (Rusiya və Qərb) arasında qalıb, seçim imkanları da getdikcə tükənir. Digər tərəfdən, Bakının haqlı tələbləri İrəvanı tamamilə dalana dirəyib.

Rusiya belə qəbul edir ki, Qarabağdan əl çəkmək özünün milli maraqlarına (oxu: işğalçılıq siyasətinə) ziddir.

Amma Rusiyadakı sağlam, praqmatik düşüncəli qüvvələr başa düşürlər ki, Qarabağda sabitliyin təmin edilməsi hər bir ölkə üçün və regionda inkişafın, təhlükəsizliyin təminatı üçün alternativsiz variantdır. Əgər Rusiyanın qonşu dövlətlərlə qarşılıqlı iqtisadi-siyasi münasibətlərini təhlil etsək görərik ki, Azərbaycan daha etibarlı qonşu, strateji müttəfiqdir və bölgədə əbədi sabitliyin, inkişafın təminatçısı ola biləcək ən dayanıqlı dövlətdir.

Müəllif: Samir Feyruzov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*