Yaxın Şərqdə baş verən son hadisələr – xüsusilə İsrail–Fələstin xəttində artan gərginlik, eləcə də İran ətrafında formalaşan riskli vəziyyət – region ölkələrində yaşayan insanlara birbaşa təsir etməsə də, psixoloji baxımdan ciddi narahatlıq yaradıb. Müharibə görmüş, qıtlıq və çətin dövrlər yaşamış nəsildə “təhlükə yaxınlaşır” hissi daha tez aktivləşir. Bu, xüsusilə ərzaq depolamaq, ehtiyat toplamaq və gələcəklə bağlı ən pis ssenariləri düşünmək kimi davranışlarla özünü göstərir. “Qıtlıq travması”ndan qurtulmaq üçün nə edə bilər insanlar. Çünki bu psixoloji durum uşaqlara da yansıyaraq nəsillərə ötürülür.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən psixoloq Vüsalə Əmiraslanova bildirib ki, ümumiyyətlə dünyada baş verən siyasi hadisələr, müharibələr, pandemiyalar əlbəttə ki, insanların psixologiyasından Yan keçmir.

Psixoloqun sözlərinə görə, buna insanlar müxtəlif cür reaksiyalar verirlər. Bəzi insanlar sadəcə müşahidə edir, bəziləri narahat olur, bəziləri isə belə xəbərlərə baxmaqdan çəkinirlər.
“Biz bir şeyi anlamalıyıq ki, dünyada nə baş verir versin, həm öz dövlətimizə güvənməli və inanmalıyıq, həm də ayıq-sayıq olmalıyıq. Psixoloji olaraq özümüzü profilaktik gücləndirməliyik”, — o qeyd edib.
Əsas məsələyə toxunan V. Əmiraslanova əlavə edib:
“Əgər belə hadisələr pis təsir edirsə, buna baxmamalıyıq. Bu barədə söhbət edib mənfi tərəflərə köklənməməliyik. Bəzən görürük ki, müharibə başlayanda, yaxud da hər hansısa bir hadisə baş verməmiş hər kəs siyasətçi olur. Bu rəylər də insanlarda mənfi emosiya yaradır. Səhv xəbərlər, səhv informasiyalar insana mənfi təsir göstərə bilir. Ərzaq toplamaq, qıtlıq olacağını düşünmək travmatik bir durumdur. Müharibə yaşamış bir insan yenidən qorxu keçirə bilir. Lakin bunu yaşamamış şəxslər qorxu keçirirsə, artıq psixi problemlərin olması özünü göstərir. Çox ağır bir vəziyyətdirsə, lazımlı-lazımsız hər şeyi toplayırıqsa, burada psixiatrın dəstəyinə ehtiyac ola bilər”.
“Nə baş verirsə versin, biz öz daxili rahatlığımızı qorumalıyıq. Özümüzü xoşbəxt hiss etdiyimiz şeylərlə məşğul olmalıyıq. Sağlam qidalanmalı, yuxumuza fikir verməliyik. Düşünürəm ki, bu, bizim üçün daha müsbət nəticə verə bilər”, — deyə psixoloq sonda vurğulayıb.
Dəniz Pənahova
KONKRET.az
