Qızıl bazarında durğunluq bitdi – Bahalaşma gözlənilirbackend

Qızıl bazarında durğunluq bitdi - Bahalaşma gözlənilir

Dünyadakı bahalaşma fonunda Azərbaycanda da qiymət artımı artıq qarşısıalınmaz prosesə çevrilib. Ölkənin mağaza və marketlərində qiymətlər demək olar ki, hər gün artır. Ərzaq və qeyri-ərzaq bazarında müşahidə olunan artım artıq nəzərəçarpacaq fərq yaradıb və yeni mövsümdə bu tempin davam edəcəyi də proqnozlaşdırılır.

Məhərrəmlik ayının bitməsi və toyların başlaması ilə əlaqədar olaraq restoranlarda da menyu qiymətləri 20 faizə qədər bahalaşıb. Belə olan halda toyqabağı ciddi tələbat yaranan qızılın satışında necə, artım gözləmək olarmı?

KONKRET.az bu suala ilk növbədə qızıl satışı ilə məşğul olan sahibkarlarla aydınlıq gətirməyə çalışıb. Ticarətçilər hazırkı bahalaşmanın qızıl bazarına da təsirsiz ötüşməyəcəyini bildiriblər. Qeyd ediblər ki, Məhərrəmlik ayı ilə əlaqədar toyların dayanması qızılın qiymətinin stabil qalmasına səbəb olsa da, yeni mövsümdən qızıl bazarında bahalaşma qaçılmazdır. Burada isə iki əsas amil – xarici və yerli faktor önə çəkilir. “Xarici faktor odur ki, dünyada qızılın qiyməti demək olar ki, eyni səviyyədə qalıb. Konkret olaraq gündəlik artım tempi müşahidə edilmir. Yəni əvvəllər belə hal olsa da, hazırda bu yaşanmır. Növbəti aylarda nə baş verə bilər? Uzunmüddətli perspektivdə qızılın qiymətinin qalxması gözləniləndir. Gələcəkdə dolların zəifləməsi ilə əlaqədar bu, baş verə bilər. Yəni dollara təsiredici faktorlar çoxdur və dollar zəiflədikcə qızılın qiyməti də qalxır. Bu, bir düsturdur”.

O ki qaldı yerli faktora, sahibkarlar deyir ki, Məhərrəmlikdə, adətən, Azərbaycanda qızıl bazarında durğunluq yaranır. “Bu dəfə isə Məhərrəmlik yayın tam ortasına düşdü. Yay mövsümü onsuz da qızıl satışı üçün belə demək mümkünsə, qarışıq bir vaxtdır. Çünki insanlar istirahətlə əlaqədar səfərlərdə olurlar. Yəni alış-verişə maraq azalır. Üstəlik, bu il Məhərəmmlik ayının yayla üst-üstə düşməsi konkret olaraq qızıl bazarına mənfi təsir göstərdi”.

Sahibkarlar bildirir ki, amma son bir həftədə qızıl satışında güclü canlanma müşahidə olunur. “Üç-dörd həftə bundan əvvəllə müqayisədə iki-üç qat effekt var. Çünki Məhərrəmlik bitmək üzrədir. Həm də yeni tədris ili başlayır ki, bu da canlanmaya səbəb olur, qiymət artımına müəyyən təsir göstərir”.

Ticarətçilər deyir ki, digər tərəfdən Türkiyədə qızıl əşyalara yeni vergi tətbiq edilib; hər qramı üçün təxminən 4 manat. “Ona görə də növbəti mərhələdə, yəni sentyabr-oktyabr aylarında ölkəyə gətirilən qızılların qiymətinin avtomatik olaraq bahalaşacağı qaçılmazdır. Qiymətlərin 5-10 faiz atımını aktual edən kifayət qədər faktor mövcuddur”.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli isə hesab edir ki, qızılın qiyməti bir çox hallarda təbii sərvətlərin qiymətlərinə bağlı olur.

“Hazırda dünya bazarında sərvət indeksləri nisbətən sabitdir. Kiçik kənarlaşmalar saatla, günlə baş verir, amma birjalarda ümumi həftəlik, aylıq mənfi, ya müsbət istiqamətdə inkişaf tendensiyası izlənmir. Ona görə də düşünürəm ki, Azərbaycanda qızılın qiyməti hələlik sabit qalacaq. Amma toy mövsümünün başlamasıyla tələbatın artması qiymətlərdə müəyyən artıma səbəb ola bilər. Lakin bu, keçici proses olacaq”, – deyən ekspert əlavə edib ki, bu ilin sonuna qədər qızılın qiyməti sabit olacaq”.

A.Nəsirli Türkiyədə tətbiq edilən yeni vergilərin Azərbaycanda qiymətlərə təsir edib-etməyəcəyinə də aydınlıq gətirib:

“Azərbaycan iqtisadiyyatında bütün sahələr inhisardadır, o cümlədən də qızıl satışı bazarı. Ona görə də bu məsələdə inhisarçılardan çox şey asılıdır. Əslində Türkiyə ilə bağlı yayılan informasiya bazara müəyyən qədər psixoloji təsir etməlidir. Sahibkarlar bundan istifadə edib, qızılın qiymətini bahalaşdırmaq istəyirlər. Türkiyədə qızıl ixracına qoyulan rüsumların artırılması barədə təkliflər var. Amma hələ ki, heç bir rüsum tətbiq edilməyib. Təəssüf ki, Türkiyə qanunu tətbiq etməmiş Azərbaycanda bahalaşma anonsu verilir. Bu da qeyd etdiyim kimi, inhisarçılıqla bağlıdır. Azərbaycan bazarı da inhisarçı bazar olduğu üçün burada qiyməti qaldırmaq asandır. Amma məsələ burasındadır ki, qiymətin qaldırılması, dövriyyənin zəifləməsi sahibkarları sonradan geri addım atmağa məcbur edəcək. Çünki iqtisadi əsası olmayan qiymət artımı inhisarçı bazarda belə, əks təsirlə üzləşir. Loru desək, tutaq ki, biri toy üçün gəlinə 50 qr qızıl alacaqdısa, indi 25-30 qr alacaq. Belə olan halda da satıcıların dövriyyəsi aşağı düşür. Ona görə də hesab edirəm ki, ilkin mərhələdə bahalaşma olsa belə, sonradan qiymətlər sabitləşəcək”.

Qeyd edək ki, hazırda Azərbaycan bazarında qızılın təxmini alış və satış qiymətləri aşağıdakı kimidir:

583, 585 əyar – alış: 61 manat, satış: 75-90 manat;

750 əyar – alış: 78 manat, satış: 90-120 manat;

ərəb qızılları – alış: 91 – 95,7 manat, satış: 120 – 130 manat.

Sevinc Paşayeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*