Xəzər Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Kəmalə Kazımovanın (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, hakim Elnurə Rəcəbovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona 7 ay müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.
İttihama görə, hadisə 01 iyul 2025-ci il tarixdə, saat 20:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində qeydə alınıb.
Belə ki, 1994-cü il təvəllüdlü Kəmalə Kazımova qonşusu olan zərərçəkmiş Məhluqə Binnətova (adı, soyadı şərtidir) aralarında mübahisə yaranıb. Mübahisəyə səbəb isə zərərçəkmişin məhəllədə futbol oynayan azyaşlı uşaqlara irad bildirməsi olub. O, yaranmış mübahisəni aydınlaşdırmaq məqsədilə Məhluqənin evinə gedib. Həmin ünvanda tərəflər arasında baş vermiş sözlü mübahisə zamanı təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sifət nahiyəsinə qəsdən kəllə zərbəsi endirərək ona bədən xəsarətləri yetirib.
Hadisədən sonra Kəmalə Kazımova saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Məhkəmə iclasında Kəmalə Kazımova özünü təqsirli bilməyib, hadisəni xatırlamadığını deyərək ifadə verməkdən imtina edib. Təqsirləndirilən şəxs ifadə verməkdən imtina etdiyindən, onun məhkəməyədək icraat zamanı verdiyi ifadə elan edilib. İbtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsində isə Kəmalə Kazımova mübahisənin uşaqlara olunan iraddan yarandığını, hadisə zamanı emosional vəziyyətin yüksəldiyini və qarşı tərəflə fiziki təmasın baş verdiyini bildirib.
