Regionlar niyə Bakıya uduzur? – İnkişafın qarşısındakı əsas maneələrbackend

Regionlar niyə Bakıya uduzur? – İnkişafın qarşısındakı əsas maneələr

Azərbaycanda regionların sosial-iqtisadi inkişafının təmin edilməsi istiqamətində son illər ərzində mühüm layihələr həyata keçirilib, yeni infrastruktur obyektləri yaradılıb, müxtəlif sosial və iqtisadi proqramlar reallaşdırılıb. Bununla belə, bölgələrin davamlı və balanslı inkişafına mane olan bir sıra problemlər hələ də öz aktuallığını qoruyur.

Xüsusilə rayonlarda dayanıqlı iş yerlərinin azlığı, gənclərin paytaxta və xaricə üz tutması, investisiya imkanlarının məhdudluğu, bəzi ərazilərdə infrastruktur çatışmazlıqları və peşəkar kadr qıtlığı regionların iqtisadi potensialının tam şəkildə reallaşdırılmasına mane olan əsas amillər sırasındadır. Digər tərəfdən, bir sıra rayonlarda turizmin əsasən mövsümi xarakter daşıması ilboyu məşğulluğun təmin edilməsini çətinləşdirir.

Bəs regionların inkişafı qarşısında dayanan əsas problemlər hansılardır və onların aradan qaldırılması üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, regionların əsas problemlərindən biri daimi və dayanıqlı iş yerlərinin azlığıdır.

Problemli kreditlərlə bağlı mexanizmlərdə nələr dəyişəcək? - AÇIQLAMA -  Avtosfer.az

“Bölgələrdə əmək bazarının məhdud olması xüsusilə gənclərin regionlardan kənara miqrasiya etməsinə səbəb olur. Bu da regionlarda yaşayan gənclərin Bakıya və xaricə üz tutması ilə nəticələnir.

Regionlarda investisiya mühitinin də kifayət qədər inkişaf etməməsi iqtisadi aktivliyin genişlənməsinə mane olur. Bölgələrdə fəaliyyət göstərən şirkətlərin sayı və biznes imkanları məhduddur.

İnfrastruktur problemləri də tam şəkildə həll olunmayıb. Xüsusilə internet və nəqliyyat sahələrində müəyyən çatışmazlıqlar qalır. Bu amillər həm biznesin inkişafına, həm də insanların iqtisadi imkanlarının genişlənməsinə təsir göstərir”, – deyə iqtisadçı bildirib.

Ekspert regionlarda turizmin inkişafı ilə bağlı problemlərə də toxunub. Onun sözlərinə görə, turizmin mövsümi xarakter daşıması bölgələrdə ilboyu məşğulluğun təmin edilməsinə mane olan əsas amillərdən biridir.

“Regionların əsas problemlərindən biri də turizmin mövsümi xarakter daşımasıdır. Əsasən yay aylarında turizm aktiv olur, digər aylarda isə bu dinamika zəifləyir. Bu isə regionlarda ilboyu dayanıqlı iş yerlərinin yaradılmasını çətinləşdirir”, – Xalid Kərimli qeyd edib.

İqtisadçı əlavə edib ki, regionların inkişafına təsir edən digər mühüm amil peşəkar kadr çatışmazlığıdır. Onun fikrincə, bölgələrdə yeni müəssisələrin və biznes sahələrinin inkişafı üçün müasir əmək bazarının tələblərinə cavab verən mütəxəssislərin hazırlanması vacibdir.

Regionların davamlı inkişafı yalnız yeni layihələrin həyata keçirilməsi və infrastrukturun qurulması ilə məhdudlaşmır. Bunun üçün bölgələrdə real iqtisadi aktivliyin artırılması, özəl sektorun inkişafının stimullaşdırılması və yeni iş yerlərinin yaradılması da vacibdir.

Dayanıqlı iş yerlərinin artırılması, investisiya imkanlarının genişləndirilməsi, nəqliyyat və rəqəmsal infrastrukturun daha da təkmilləşdirilməsi, turizmin mövsümilikdən çıxarılması və peşəkar kadr hazırlığının gücləndirilməsi regionların iqtisadi potensialının daha səmərəli reallaşdırılmasına imkan verə bilər.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*