Regionlarda Təcili Yardım çatışmır? – TƏBİB belə CAVAB VERDİbackend

Regionlarda Təcili Yardım çatışmır? - TƏBİB belə CAVAB VERDİ

Müxtəlif bölgələrdən redaksiyamıza daxil olan çoxsaylı müraciətlərdə rayonlarda təcili tibbi yardım xidmətinin fəaliyyəti ilə bağlı narahatlıq ifadə olunur. Bildirilir ki, bəzi rayonlarda cəmi 4–5 təcili tibbi yardım avtomobili olduğu halda ixtisarlar aparılır, briqadaların sayı azaldılır. Nəticədə yol-nəqliyyat hadisələri və digər təxirəsalınmaz hallarda təcili yardımın hadisə yerinə gec çatdığı iddia edilir. Məsələ xüsusilə, bölgələrdə yaşayan vətəndaşların həyati təhlükə ilə üz-üzə qalması baxımından ciddi suallar doğurur.

Rayonlarda təcili tibbi yardım briqadalarının ixtisarı aparılıbsa, bunun səbəbi nədir?

Rayonlarda yeni təcili yardım avtomobillərinin və ya briqadaların artırılması planlaşdırılırmı?

Məsələ ilə bağlı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) KONKRET.az-a bildirilib ki, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin təşkili əhalinin sıxlığı, çağırışların intensivliyi, coğrafi xüsusiyyətlər və mövcud resurslar nəzərə alınmaqla həyata keçirilir.

“Briqadaların yerləşdirilməsi və sayı çağırış statistikası əsasında müəyyən edilir və çağırışların intensivliyinin aşağı olduğu ərazilərdə yenidən bölgü həyata keçirilə bilər”, — qurumdan vurğulanıb.

“Bu proses tibbi xidmətin əlçatanlığını azaltmaq deyil, daha çox yüklənmiş istiqamətlərdə operativliyin təmin olunmasına xidmət edir.

2025-ci ilə qədər ölkə üzrə 400-ə yaxın yeni ambulans istifadəyə verilib, 2025-ci il ərzində isə əlavə olaraq 80 ədəd “Iveco” markalı təcili tibbi yardım avtomobili alınıb və regionlar üzrə paylanması həyata keçirilir. Bununla yanaşı, istismara yararsız vəziyyətdə olan 100-dən çox avtomobil xidmətdən kənarlaşdırılaraq yeniləri ilə əvəz olunub. Avtomobillərin mərhələli yenilənməsi və xidmət keyfiyyətinin artırılması istiqamətində işlər davam etdirilir.

Təcili tibbi yardım briqadalarının çağırış ünvanına çatma müddəti bir sıra obyektiv amillərdən asılı olaraq dəyişə bilər. Şəhər şəraitində bu müddət orta hesabla 15–20 dəqiqə təşkil edir, kənd və dağlıq ərazilərdə isə məsafə, yol infrastrukturu və hava şəraiti nəzərə alınmaqla daha uzun ola bilər. Çağırışların pik saatlarında müəyyən gecikmələr müşahidə oluna bilər. Gecikmələrin minimuma endirilməsi məqsədilə çağırışlar prioritetlik prinsipinə uyğun olaraq çeşidlənir, həyati təhlükə yaradan hallar yüksək prioritetlə icra olunur və zərurət olduqda ətraf rayonlardan əlavə briqadalar cəlb edilir.

Təcili tibbi yardım xidmətinin bölgələrdə daha da təkmilləşdirilməsi, operativliyin artırılması və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlər davam etdirilir. Əhalinin sağlamlığının və təhlükəsizliyinin qorunması prioritet olaraq qalır və bu sahədə aparılan təhlillər və yenilənmə prosesi davamlı xarakter daşıyır”, — deyə məlumatda qeyd olunub.

Dəniz Pənahova
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*