Bizim mərhum müəllimimiz, tanınmış jurnalist Nəsir İmanquliyevin gözəl bir sözü vardı: “Siz 5 ildə nəyi yazmağı yox, nəyi yazmamağı öyrənməlisiniz”. Əslində bu jurnalistikanın qızıl qaydasıdır. Çünki informasiya bir silahdır. Ondan düzgün istifadə etməyəndə bu silah öncə müəllifin özünə və yaxud çevrəsinə ziyan vurur. Bu isə o deməkdir ki, bu sahədə çalışanlar daha həssas və peşəkar olmalıdırlar. Çox təəssüf ki, bu gün cəmiyyətimizdə qeyri-peşəkarların toplaşdığı sahələrin önündə məhz mətbuat gedir. Ona görə də cəmiyyətimizdə baş verən son proseslər göstərdi ki, mətbuat hadisələrin qarşısında deyil, arxasınca sürünür. Əziz həmkarlarım qoy məndən inciməsin, bəli, məhz sürünür. Belə olmasa idi son aylarda baş verən hadisələrdə hamıdan və hər kəsdən daha çox mətbuat günahlandırılmazdı. 27 sentyabr tarixindən sosial şəbəkələrin fəaliyyətinə fasilə verilməsinin bir səbəbkarı da mətbuatımızdakı qeyri-peşəkarların “fəaliyyətidir”. Bu barədə bir qədər sonra…
Amma mən bir daha xatırlatmaq istəyirəm ki, mətbuatın 3 əsas missiyası var: – Məlumatlandırmaq, maarifləndirmək və əyləndirmək. Çox təəssüf ki, bu gün maarifçilik kimi müqəddəs missiyanı mətbuatımız tarixin dünəninə gömüb. Biz bu gün daha çox əyləndirməklə məşğuluq. Məlumatlandırmaq missiyasına gəldikdə isə mətbuatımızın ən böyük problemi də məhz budur. Bu gün media qurumlarının böyük hissəsi cəmiyyəti məlumatlandırmaqdan daha çox təəccübləndirmək həvəsindədir. “ŞOK XƏBƏR”lər peşində olan yazarlarımız özləri də bilmədən odla oynayır. Cəmiyyətdə çaşqınlıq yaradır. Beləcə, cəmiyyətə güzgü tutmalı olan mətbuatımız yavaş-yavaş müqəddəsliyindən, təmizliyindən sapıb gedir. Bu sapmalar isə son nəticədə SÖZ-ü hörmətdən salır. Əslində “SÖZ”ün hörmətdən salınması bir günün, beş günün işi deyil. Mətbuata və cəmiyyətin sağlam qüvvələrinə qarşı səlib yürüşü 20 il bundan qabaq Əli Həsənov-Ramiz Mehdiyev tandemi tərəfindən başlanılıb. Bu yürüş nəticəsində mətbuatın qalaları fəth edildi. Mətbuatın fədailəri isə məhv edildi və yaxud sındırıldı. Rafael Nağıyev, Nəcəf Nəcəfov, Osman Mirzəyev, Ələkbər Abbasov kimi öncül jurnalistlərin fiziki və mənəvi cəhətdən məhv edilməsindən sonra onların yerinə marionetka “media kapitanları” gətirildi. Bu dəhşətli layihənin müəllifi isə bədnam Əli Həsənov idi. Yada salaq ki, Əli Həsənov sıradan bir adam deyildi. Moskva mühitində ali təhsil alan, SSRİ-nin dağılma prosesini yaxından izləyən bu adam mətbuatın hadisələrə və cəmiyyətə təsir imkanlarını çox gözəl bilirdi. Ona görə də əlinə düşən ilk fürsətdəcə Azərbaycan mətbuatında şiri tülküyə boğdurdu və böyük ideloji silahı özünün sehirli çubuğuna çevirdi…
SÖZ-ün hörmətdən düşməsi bir-çox məmurların işinə yarasa da, cəmiyyət üçün acı nəticələr verdi. Təqdirəlayiq hal odur ki, Əli Həsənovdan sonra ölkədə müstəqil medianın boğulması halına demək olar ki, rast gəlinmir. Hazırda cəmiyyətimiz çox həssas bir dönəmdən keçir. Bir həftədir ki, Ermənistan təcavüzünə qarşı Azərbaycan Ordusu uğurlu əməliyyatlar aparır. Belə bir vaxtda mətbuatın üzərinə çox böyük məsuliyyət düşür. Çox təəssüf ki, bəzi mətbuat orqanları yenə də “ŞOK XƏBƏRLƏR” peşindədir. Hamı qəhrəman olmaq istəyir. Bunun üçünsə bir çox dəyərlər tapdalanır. Məsələn, cəbhə bölgəsinə gedən yazarlarımızın tam əksəriyyəti ekstremal şəraitdə ən adi davranış qaydalarını belə bilmirlər. Kaskasız, xüsusi geyimi olmadan kamera qarşısında poza verən bu adamlar harda olduqlarını sanki unudurlar. Ən təəccüblüsü isə odur ki, bu jurnalistlərin bir çoxu rəsmi qurumları təmsil edirlər. Düzdür, kaska məsələsi sonradan həll edildi. Amma iddialı çıxışlar yenə də qalmaqdadır. Reportaj hazırlayan jurnalistlər yerləşdikləri məkanı açıq şəkildə təqdim edir. Bu isə müharibə qaydalarıyla qətiyyən uzlaşmır. Bu gün Azərbaycan cəmiyyəti üçün yeganə və etibarlı məlumat mərkəzi Müdafiə Nazirliyidir. Bu qurumdan kənar verilən istənilən məlumat dezinformasiyadır. Təsadüfi deyil ki, oktyabrın 3-də dövlət qurumları tərəfindən jurnalistlərə xüsusi müraciət oldu. Müraciətdə deyilirdi ki, bəzi xarici qüvvələr yüksək ödəniş müqabilində jurnalistləri gizli əməkdaşlığa cəlb edilir…
Hə, bu da hərbi jurnalistikamızda olan qeyri-peşəkarlığın və boşluqların daha bir göstəricisi. Nə yazıq ki, qeyri-peşəkarlarla işləmək bəzi rəhbərlərin korporativ maraqlarına uyğundur. Amma unutmayaq ki, söhbət milli təhlükəsizliyimizdən və dövləti maraqlarımızdan gedir. Ona görə də heç birimizin durduq yerə qəhrəman olmaq kimi axmaq bir sevdaya düşməyimiz qətiyyən yolverilməzdir. O ki qaldı zəfər xəbərinə… 30 ildir həsrətlə gözlədiyimiz qələbə xəbərinin müjdəçisi Ali Baş Komandan və Müdafiə Nazirliyidir. Bu onların həm də mənəvi haqqıdır. Gəlin heç olmasa, bunu unutmayaq. Bir də nəyi yazmamağı öyrənək…Gec olsa da….
SURXAY ATAKİŞİYEV,
KONKRET.az
