“Qanunvericilikdə restoranlarda xidmət haqqı barədə heç bir müddəa yoxdur. Lakin biz bu məsələlərlə bağlı dövlət orqanları qarşısında məsələ qaldıranda cavab verirlər ki, bura özəl ərazidir və sahibkarlar daxili qaydalarını özləri müəyyən edə bilərlər. Çox təəssüf ki, reallıq belədir”.
KONKRET.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib. Onun sözlərinə görə, birmənalı şəkildə istehlakçı xidmət haqqı barədə öncədən məlumatlandırılmalıdır:
“Menyuda mütləq bu barədə qeyd olunmalıdır. Düzdür, elə hallar ola bilər ki, istehlakçı restoranda xüsusi kabinet sifariş edər və orada multimedia, televiziya, yaxud digər əlavə qurğulardan istifadə olunar. Belə vəziyyətdə, əlbəttə, müştəri xidmət haqqı ödəməyə borcludur. Qanunvericilik bunu birbaşa qadağan etmədiyi üçün həmin təcrübə artıq bir neçə ildir ki, Azərbaycanda tətbiq olunur.
Ümumiyyətlə, bu, dünyanın bir çox ölkələrində var. Hətta Avropada gördüm ki, hesaba 10% xidmət haqqı əlavə edilməklə yanaşı, çekdə boş xana da qoyulur. Əgər ofisianta əlavə bəxşiş vermək istəsəniz, həmin məbləği də orada yazıb altından imza çəkirsiniz. Belə çeklərdə müştərinin telefon nömrəsi, adı və soyadı da qeyd olunur”.
E. Hüseynov qeyd edib ki, bütün dünyada istehlakçı hüquqları get-gedə zəifləyir və istehlakçıların açıq şəkildə soyulması baş verir:
“Lakin elə ölkələr də var ki, orada xidmət haqqı anlayışı ümumiyyətlə yoxdur. Ancaq unudulmamalıdır ki, biznes qurumları bütün hallarda gəlirlərini istehlakçının hesabına formalaşdırırlar. Adını “xidmət haqqı” qoymasalar belə, həmin xərci elə yeməyin qiymətinin üzərinə gəlib yenə də insanlardan alırlar. Biz istehlakçılar sadəlövhlük etməməliyik – pul onsuz da bizdən çıxır. Sadəcə, bütün hallarda istehlakçı xidmət haqqı ödəyən zaman mütləq kassa (fiskal) çeki tələb etməlidir.”
