“Ruben Vardanyan Qarabağı DAĞIDIR” – Separatçılardan ard-arda TƏNQİDbackend

"Ruben Vardanyan Qarabağı DAĞIDIR" - Separatçılardan ard-arda TƏNQİD

“Qarabağ və xalqı özünü təqdim etmək və oyunlar üçün sınaq meydançası deyil, onlar ləyaqətli insanlardır, hissləri ilə oynamayın”. 

KONKRET.az xəbər verir ki, bunu Qarabağdakı qondarma qurumun “keçmiş səhiyyə naziri” Mikael Ayriyan Facebook səhifəsində yazıb.

“Bir neçə ay əvvəl Ruben Vardanyan nümayişkaranə şəkildə Rusiya Federasiyasının vətəndaşlığından imtina etdi və “bizi xilas etmək” üçün Qarabağa gəldi.

Vardanyan mümkün riskləri və problemləri dəyərləndirmədən, heç bir geosiyasi mərkəzdən dəstək almadan Qarabağa köçdü. O, yəqin ki, müəyyən qüvvələrə xidmət etmək üçün və başqa uzaq məqsədləri üçün bura gəlib və bizim “ikinci prezident”imiz təyin olundu.

Cəmi üç aydan sonra biz aşağıdakılara əmin olduq:

1. Ruben Vardanyan Rusiyanın planı deyil, çünki Rusiyanın planı Qarabağı dağıtmağa yönələ bilməzdi.

2. Özünü rus proqramı kimi təqdim edən R.Vardanyan bütün dünyanı bizə qarşı çevirdi.

3. Vardanyan bir neçə çıxışı ilə Qarabağın iqtisadiyyatını, “dövlət” quruluşunu məhv etdi. Hamını müqavimət gücünün azalması həddinə qədər zəiflətdi. Bu vəziyyətin kimə sərfəli olduğu göz qabağındadır. Hazırda ölkəmizə dəyən ziyan milyonlarla dollara çatır.

4. Bizim bir “dövlət naziri”miz var ki, onun əsas müdafiə tezisi Azərbaycan tərəfindən qəbul edilməməsi ilə bağlı saxta bəhanədir. Bundan daha yaxşı müdafiə vasitəsi varmı?”, – deyə Ayriyan bildirib.

Erməni mediası yazır ki, Ayriyan Ruben Vardanyanı açıq şəkildə tənqid edən ilk şəxs deyil.

Dünən separatçı rejimin “ərazi idarəetmə və infrastruktur naziri” olmuş Ayk Xanumyan susqunluğunu pozub. O, xüsusi ad çəkməsə də, ünvanın Ruben Vardanyan olduğunu gizlətməyib.

Xanumyan Vardanyanı şöhrət əldə etmək vəsvəsəsindən əziyyət çəkən narsisistik bir insan kimi təsvir edir və onun üçün Qarabağ sadəcə bir layihədir.

“Keçmiş xarici işlər naziri” David Babayan da bu gün nota yazıb. Notanın kimə ünvanlandığı bəlli deyil. Lakin tənqidlərin yenidən Vardanyana yönəldiyi güman edilir.

“Biz yalandan çığır-bağır salanlardan, lovğalardan uzaq durmalıyıq, üstəlik, bu cür elementləri dövlət idarəetmə sistemindən mümkün qədər uzaq tutmaq lazımdır.

Burada əsas odur ki, layiqli insanlar artıq utancaq olmasın və həddən artıq təvazökarlıq göstərməsinlər. Biz tariximizin ən kritik dövründəyik və vətənpərvərlər bir araya gələrək yalançı peyğəmbərləri, demaqoqları, əclafları ləkələməli və zərərsizləşdirməlidirlər”, – deyə Babayan yazıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*