“Rus işğalçıları Xersondan erməniləri, azərbaycanlıları və Axıska türklərini deportasiya etməyi planlaşdırır”.
KONKRET.az “Cenzor.NET”-ə istinadla xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini – işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşuk brifinqdə bildirib.
Rus hakimiyyəti etnik erməniləri, azərbaycanlıları və Axıska türklərini Xersondan Krıma sürgün etməyi planlaşdırır.
“Bizdə olan məlumata görə, işğalçılar bu gün nümayişkaranə aksiya planlaşdırıblar – onlar etnik erməniləri, azərbaycanlıları və Axıska türklərini Xerson şəhərindən zorla müvəqqəti işğal olunmuş Krıma deportasiya etməyə hazırlaşırlar”, – deyə Vereşuk bildirib.
O, Xerson sakinlərinin işğala qarşı aksiyalarda fəal və kütləvi şəkildə iştirak etdiyini vurğulayıb.
“Ruslar başa düşürlər ki, nəzarəti itirirlər və buna görə də təbliğata əl atırlar – insanları Krıma öz nəzarətləri altına aparırlar”, – deyə Baş nazirin müavini vurğulayıb.
O, əlavə edib ki, bu addımlar əhəmiyyətsiz və cinayətdir, Xerson və Xerson xalqı Qəhrəmandır.
Xuraman Etibarlı,
KONKRET.az
