Rusiya hüquq-mühafizə sisteminin üzərindəki LƏKƏbackend

Rusiya hüquq-mühafizə sisteminin üzərindəki LƏKƏ

Elman Babayev, əməkdar jurnalist

Rusiyada qətlə yetirilmiş 19 yaşlı azərbaycanlı Vəkil Abdullayevin qatili hələ də azadlıqdadır. Azərbaycan cəmiyyətindən edilən etirazlara, qınaqlara rəğmən Rusiyanın hüquq-mühafizə sistemi adekvat addım atmayıb və nə yazıqlar ki, müsbətə doğru hər hansı irəliləyiş belə yoxdur…

İfadə etməsi belə dəhşət saçan reallıq budur ki, 19 yaşlı gəncin qatili bu ölkənin polisidir. Bu faktın özü qatilə qarşı daha amansız davranmağı, hüququn imkan verdiyi bütün mümkün vasitələrlə cəzalandırma ortaya qoymağı tələb edirdi. Çünki asayişi qorumağa borclu polisin qatil olması, insana yad xüsusiyyətlərin daşıyıcısına çevrilməsi olduqca dəhşətli faktdır. Onun cəzalandırılması nəinki cəmiyyət, bütün polis sistemində olan şəxslər üçün nümunəyə çevrilməli, görk olmalı idi. Amma nə baş verir? Qatil polis bir neçə gün sonra “sehirli əl”in köməyi ilə azadlığa çıxır…

Hadisənin motivinə diqqət edək: Novosibirsk şəhərində adi yol hadisəsi baş verib və Dövlət Yol Polisi sürət həddini aşan avtomobilin sürücüsünü saxlayıb. Sürücü şəxsiyyətin müəyyən olunması üçün yol polisinin xidməti avtomobilinə sarı aparılarkən sərnişinlərdən biri olan Vəkil Abdullayev polisə etirazını bildirib. Yayılan görüntülər bu etirazın sərt olmadığını gün kimi ortaya qoyur. Polis əməkdaşı adi etiraz formasına qarşı aşırı güc işlədir, onun qollarını geri qarır, maşının üzərinə yıxır. Sonra polis tərəfindən Vəkil Abdullayevə silahla atəş açılaraq qətlə yetirilir. Bu hər hansı təsadüf və sıradan hadisə deyil.

Vəkil Abdullayev başına tabel silahı dirənməsini zəruri edən cinayətmi törətmişdi? Deməli, heç nə təsadüfi olmayıb…

Başından ağır yaralanan həmyerlimizin mayın 30-da xəstəxanada vəfat etməsi faktı az da olsa, Rusiyanın hüquq-mühafizə sisteminin vicdanını sızlatmalı idi. Amma Rusiyanın hüquq sistemi adına rəzil hadisə yaşandı; həbs olunmuş polisə qarşı əvvəlcə cinayət təhqiqatı dayandırıldı, ardınca isə o, azadlığa buraxıldı.

Bu hadisə nəinki, Rusiya hüquq sistemində, bütövlükdə ayrı-ayrı yuxarı təbəqələrdə ciddi problemlərin mövcudluğunu deməyə əsas verir. Belə çıxmirmı ki, rasizm, fobiya motivləri Rusiyanın müvafiq qurumlarında dərin kök salıb və buna görə də qeyd olunan hadisə fonunda hüququn ayaqlar altında sürünməsi adi hal kimi qəbul olunur?

19 yaşlı gəncin qətlinə qarşı susqunluğa, hüquqa göz yumulmasına başqa ad tapmaq mümkün deyil! Bu insanlıq adına ləkədir! Yaranmış mənzərə vurğulamağa əsas verir ki, hüquq sistemi qətlə yetirilən şəxsin milliyyəti üzərinə köklənib və bu səbəbdən belə hadisələr zamanı bu sistem işləmir. Bu tablo insanda vahimə doğurmaya bilməz…

Təkcə bumu? Hadisəyə etiraz etməli olan toplumun, xüsusilə öndə olan simaların ədalətsiz yanaşması ikrah doğurur. Russia Today telekanalının əməkdaşı, RF İctimai Palatasının üzvü, Vahid Rusiya partiyasından Dövlət Dumasına namizədliyini irəli sürmüş Mariya Butina kimilərinin qatil polisə dəstək verməsi acınacaqlı vəziyyətdir. Görünür, kimlərsə adıçəkilən ölkədə rasistlərin söz sahibinə çevrilməsində maraqlıdır. Unudulur ki, bu statusda olan şəxslərin hüquqa zidd fəaliyyəti qanunverici orqanı nüfuzdan salır, ona hörmətsizlik gətirir.

Gəlinən qənaət budur ki, Rusiyanın bəzi qurumlarında digər xalqların nümayəndələrinə qarşı ayrı-seçkilik meydan sulayır və bunu himayə edənlər var. Dözümsüzlüyə, rasizmə qarşı hüquq sistemi adekvat deyil. Əksinə, Vəkil Abdullayev nümunəsində belə qəbul edilməz halların daha da inkişafına rəvac verən addımlar atılır.

Bunun əksini isbat etməyin tək yolu qatilə layiqli cəzanın verilməsidir! Bu olmadıqca Rusiya hüquq-mühafizə sisteminin üzərindəki ləkəni təmizləmək mümkün olmayacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*