“Rusiya Talibanın (Rusiya Federasiyasında qadağan olunmuş terror qruplaşması) tam diplomatik formada tanınması istiqamətində addımlar atmaq istəyir. Lakin bunun üçün Taliban inklüziv hökumət formalaşdırmalıdır”.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov səsləndirib: “Biz Əfqanıstandakı yeni hakimiyyətin öz vədlərini yerinə yetirəcəyi və inklüziv hökumət yaradacağı təqdirdə, onları tam diplomatik şəkildə tanıya bilərik. Ən azından bu istiqamətdə addımlar atmağımız mümkündür” – Lavrov vurğulayıb.
Nazir əlavə edib ki, o, etno-konfessional yox, siyasi inklüzivliyi nəzərdə tutur: “İndi yeni hökumətdə özbəklər və taciklər də var. Amma siyasi baxımdan onların hamısı Talibandır, lakin bizim növbəti addımlarımızı müəyyən edən siyasi inklüzivlikdir” – deyə Lavrov izah edib.
Sergey Lavrov əlavə edib ki, Taliban inklüziv hökumət yaradarsa, o, inauqurasiya mərasimində iştirak etməyə hazır olacaq. Daha sonra Lavrov Talibanı inklüziv kabinet yaratmağa çağırıb və bu prosesi Əfqanıstanda davamlı sülhün əldə edilməsinin açarı adlandırıb.
Rusiya prezidenti Vladimir Putin də Əfqanıstan rəhbərliyində bütün etnik qrupların təmsil olunmasının vacibliyini vurğulayıb və Talibanın rəsmi tanınması ilə bağlı tələsməməyə çağırıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az
