Rusiya və İran casusları İlham Əliyevə belə mane olurlar – ƏTRAFLIbackend

Rusiya və İran casusları İlham Əliyevə belə mane olurlar - ƏTRAFLI

Ölkədə gedən ictimai-siyasi proseslərə kənardan baxmağın, baş verənlərin, meydandakı hər kəsin sözünün, addımının, hərəkətinin məntiqi baxımdan qiymətləndirilməsinin öz üstünlükləri var.

Məmləkətimizdə çox sayda hadisə baş verir. Qlobal sosial-iqtisadi və koronavirus pandemiyasının ölkəmizə gətirdiyi problemlərə postmüharibə dövrünün çətinlikləri də əlavə olunub. Üstəlik, erməni faşistləri və onların havadarlarının məkrli planlarının saysız-hesabsızlığı xalqımızın əsəblərini tarıma çəkir. Və rəsmi Bakının onların bütün istiqamətlərdən gələn həmlələrini qətiyyətlə dəf etməsi göz önündədir.

Müharibəsonrası dövrün başlanması qara xəbərlərin sonu, cəmiyyətdə əmin-amanlığın, sabitliyin bərqərar olması deməkdir. Əslində, heç bir millətə və ölkəyə müharibə arzulamaq istəməzdik. Amma yaxın tariximiz göstərdi ki, erməni kimi faşist təfəkkürlü düşmənlə yalnız savaş və güc dilində danışmaq lazımdır.

Məlumdur ki, xalqımız 1988-ci ildən başlayaraq erməni faşizmi üzündən görünməmiş müsibətlərə məruz qalıb. 44 günlük Vətən müharibəsi zamanı həmin cinayətlərin cavabı verildi və Ermənistan ordusuna böyük zərbə vuruldu. Buna baxmayaraq, faşistlər və havadarları sakitləşmək bilmir, müxtəlif təxribatlarını davam etdirirlər. Amma ən ağrılısı, həmin prosesə hakimiyyətdən bu və ya başqa səbəbdən narazı olan, uzaq xaricdə yaşayan bəzi həmvətənlərimizin qoşulmasıdır. Tovuz hadisələri zamanı general-mayor Polad Həşimov başda olmaqla 12 igidimizi qətlə yetirən, II Qarabağ savaşı zamanı Gəncənin, Bərdənin, Mingəçevirin, Tərtərin və digər rayonlarımızın mülkü əhalisini raketlər vasitəsilə məhv etmək əmri verən, ölkəmizə 2881 hərbçi şəhid yarası vuran, 24 hərbçimizin hələ də tapılmamasına səbəb olan Nikol Paşinyanı demokrat adlandırmağın, Bakı bulvarında Hərbi Qənimətlər Parkının açılışını “qalibin məğlubu aşağılaması” kimi qələmə verməyin adı böyük biabırçılıqdır.

“Paşinyan Şuşada rəqs edir, İlham Əliyev hara baxır?”, “Paşinyan “Dağlıq Qarabağ Ermənistanındır” deyir, İlham Əliyevdən xəbər yoxdur”, “İlham Əliyev Şuşaya niyə getmir?”, “İlham Əliyev bir qarış torpağı da geri qaytarmayıb”, “İlham Əliyev Rusiyanın ünvanına bir söz demir”, “İlham Əliyev Türkiyə ilə birgə hərəkət etmir” kimi absurd fikirləri irəli sürənlərin külli arqumentləri Vətən müharibəsi gedişində darmadağın oldu. Xalqımız və bütün dünya İlham Əliyevin 17 illik mücadiləsinin nəticəsini gördülər. Aydın oldu ki, dövlət başçımız Qarabağın azad edilməsi uğrunda yorulmadan və fədakarlıqla mükəmməl siyasət yürüdüb, doğru strategiya və taktika seçib. Ermənilərin və havadarlarının təhqiramiz təkliflərinə boyun əyməyib, övladlarımızın şəhid olmaması naminə müxtəlif vasitələrlə Ermənistana təkliflər irəli sürüb. Lakin bütün qapıların bağlandığına əmin olduqdan sonra ermənilərin yeni torpaqlar ələ keçirmək üçün başladıqları hücumlara 4 günlük Aprel döyüşləri, 4 günlük Tovuz savaşı və 44 günlük Vətən müharibəsi ilə cavab verib, Azərbaycan Ordusunun gücünü bütün dünyaya nümayiş etdirib. Yalnız torpaqlarımız azad edildikdən sonra İlham Əliyev ordumuzun qalibiyyəti ilə davam edən Aprel döyüşlərinin dayandırılmasının səbəbini açıqladı. Səbəb ermənilərin o zamankı prezidenti Serj Sarkisyanın 2 həftə ərzində 7 rayonun azad edilməsinə dair təqvim verəcəyi vədi olub. Amma məkrli erməni tülkü kimi sözündən qaçıb.

Güman etmək olardı ki, bütün təhlükələrə baxmayaraq Prezidentin  dəfələrlə işğaldan azad edilmiş torpaqlarımıza səfər etməsinə, Şuşada, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Laçında, Xudafərin körpüsündə üçrəngli bayrağımızı ucaltmasına, Novruz bayramında Şuşanın Çıdır düzündə tonqalı alovlandırmasına, Moskvanın bütün basqılarına baxmayaraq, 60 Türkiyə hərbçisinin də Ağdamdakı monitorinq mərkəzində yer almağına nail olmasına, qardaş Türkiyə ilə birgə hərəkət etməsinə, Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırmaq üçün beynəlxalq jurnalistlərin iştirakı ilə 4 saatdan çox davam edən mətbuat konfransı keçirərək bütün suallara müfəssəl və 4 dildə cavab verməsinə, ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda çıxışına və tanınmış ekspertlərin suallarını cavablandırmasına, uzaqmənzilli “İsgəndər M” raketinin Şuşada qalıqlarının tapılmasına və Ermənistanla bağlı digər məsələlərə görə Rusiyadan cavab tələb etməsinə yalnız sevinmək olar.

Bu gün Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva və onların komandası işğaldan azad olunmuş torpaqlarımızın dirçəldilməsi, dağıdılmış, xarabazarlığa çevrilmiş şəhər və kəndlərimizdə yenidənqurma işlərinin başlanılması, infrastruktur layihələrinin icra edilməsi, kommunikasiya xətlərinin bərpa olunması, öz yürd-yuvalarından didərgin salınmış soydaşlarımızın ləyaqətli şəkildə qayıdışının təmin edilməsi istiqamətində fədakarlıqla çalışırlar. Bunun çox çətin proses olduğunu ağlı başında olan sağlam düşüncəli hər kəs anlayır.

  • Amma vaxtilə “Qarabağ İlham Əliyevin vecinə deyil” kimi cəfəng fikirləri ilə iflasa uğrayanlar hələ də sakitləşmək bilmirlər. Onlar dövlət başçısının atdığı hər addıma “mız” qoymaqdan usanmırlar. Xalqımızı məğlubdan qalibə çevirən, milli qürurumuzu özümüzə qaytaran, Silahlı Qüvvələrimizi Cənubi Qafqazın ən güclü və müasir ordusuna döndərən, Qarabağı düşməndən azad edən sərkərdəyə, dövlət başçısına qısa müddət ərzində Şuşaya dəfələrlə səfərlər etməsi, düşməni öz adı ilə çağırması, Zəfər Paradı keçirməsi, Hərbi Qənimətlər Parkının yaradılması irad tutulur. Onlar məşhur təmsildə Filə hücum edən Moskanı necə də xatırladırlar! Bu “sülhsevər qüvvəcik”lər, “güllələrdən Bakı göyərçini”(?) düzəltməyi təklif edənlər qoy şəhid analarının və atalarının, Xocalı hadisələri zamanı qətlə yetirilənlərin yaxınlarının, erməni əsirliyində işgəncələrə, təhqirlərə məruz qalanların gözlərinə baxsınlar. Bu zavallılar heç cür anlamırlar ki, ötən ilin 44 şanlı günü ərzində İlham Əliyev xalqımızın və bütün Türk Dünyasının könlünü birdəfəlik fəth edib. İlham Əliyevə 44 gün ərzində nümayiş etdirilən xalq sevgisini görmək indiyədək heç bir liderə nəsib olmayıb.

Əlbəttə, şəxsiyyətə pərəstişin, kiminsə fetişləşdirilməsinin qətiyyən tərəfdarı deyiləm. İnsan övladı nöqsandan xali deyil. Amma qalib sərkərdənin böyük sevinc hissi ilə Qarabağa səfər etməsinə, ərazilərimizi minalaşdıran və mina xəritələrini belə ölkəmizə təhvil verməkdən imtina edən düşməni layiq olduğu sözlərlə yada salmasına irad tutulması, “niyə özün gedirsən, amma adamları Şuşaya buraxmırsan” kimi səfeh iradların səsləndirilməsi heç kimə başucalığı gətirə bilməz. Çünki bir tərəfdə ermənilərin və havadarlarının cavabını çox yüksək səviyyədə verən, Azərbaycanın qüdrətli dövlətə çevrilməsi üçün var gücü ilə çalışan, ölkəmizi rusiyapərəst, iranpərəst qüvvələrə xidmət edənlərdən qoruyan, cəmiyyətimizdə birlik və həmrəyliyin yaranması naminə mühüm addımlar atan Prezident İlham Əliyev dayanır, digər tərəfdə isə onun atdığı addımların arxasınca sürünən, ona cılız iradlar tutan, neftin qiymətinin 14 dollara düşməsinə sevinən müxalif və hakimiyyətdən qovulan revanşist qüvvələr. Sizcə, cəmiyyət kimin tərəfində dura bilər? Cavab su kimi aydındır!

Çünki qəhrəman ordumuz XX əsrin əvvəllərindən başlayaraq xalqımıza qarşı dəfələrlə dəhşətli cinayətlər törədən, Hitler faşizmindən də betər bəla olan erməni faşizminə İlham Əliyevin rəhbərliyi ilə qalib gəlib. Son 30 ilə yaxın dönəmdə faşistlərin kirli tapdaqları altında qalan torpaqlarımız azad nəfəsinə qovuşub, şərəf və namusumuza uzadılan iyrənc əllər kəsilib.

Məhz İlham Əliyevin rəhbərlik etdiyi hakimiyyət Kəlbəcərdə, Laçında azərbaycanlıların evlərini utanmadan, qızarmadan, xüsusi həyasızlıqla, timsah göz yaşları ilə öz evləri adlandıran, bu tikililərə, meşələrə od vurub yandıran, həmin cinayətləri çəkinmədən kameraların və dünyanın gözü önündə törədən, Ağdamı, Füzulini, Cəbrayılı Xirosima xarabazarına çevirən ermənilərin faktiki xislətini bütün çılpaqlığı ilə ortaya qoyub.

1988-ci ildən vətənimizə və xalqımıza qarşı ermənilərin başlatdığı növbəti fəlakətli hadisələr zamanı biz yalnız, yalqız idik. Sözümüzü eşidən yox idi. Ədalət, haqq, hüquq tələbimizə məhəl qoyulmurdu. Dünya Femidası özünü korluğa və karlığa vurmuşdu. Erməni faşistləri üstümüzə nəhəng dövlətlərin gücü ilə gəlirdilər. İşğalçı və təcavüzkar siyasətinə görə Ermənistandan cavab tələb olunmasının vacibliyi barədə ucaltdığımız səsimizə qardaş Türkiyədən savayı hay verən tapılmırdı. BMT-nin qətnamələri kağız üzərində qalmış, arxiv faylına çevrilmişdi. Bu vəziyyəti köklü şəkildə dəyişən siyasətçinin və dövlət xadiminin adı İlham Əliyevdir.

2003-cü ildən ölkəmizə rəhbərlik edən İlham Əliyevin təcavüzkar Ermənistanın bütün istiqamətlərdə təcridi siyasətini qətiyyətlə davam etdirməsi, diplomatiyada hücum taktikasına üstünlük verməsi, ermənilərin havadarlarının gücü qarşısında çəkinməməsi, milli maraqlarımıza cavab verən və ölkəmizin ədalətli və haqlı mövqeyinin gücləndirilməsi üçün lazımi addımların atılması parlaq Qələbəyə doğru irəliləməyimizi təmin etdi.

Bu müddət ərzində bizə “yol” göstərənlər də çox oldu. Kimisi “açar”ı Moskvada axtarmağı, Rusiya ilə anlaşmağı, digəri ermənilərlə “dil tapmağı” məsləhət görürdü. Maraqlısı və qəribəsi isə odur ki, İlham Əliyev müharibənin başa çatması ilə bağlı Rusiya və Ermənistanla üçtərəfli 10 noyabr 2020-ci il tarixli razılığı imzalayanda bəzi ölkələr və revanşist qüvvələr bunu başqa cür interpretasiya etməyə başladılar. Sanki Rusiya ilə dil tapmağı məsləhət görənlər onlar deyildi? Adama deyərlər ki, siz tarix qarşısında məsuliyyətini yaxşı dərk edən, bunu indiyədək atdığı bütün addımlarla sübuta yetirən, qədim və əzəli Azərbaycan torpaqlarını ermənilərə hədiyyə verənləri bağışlamayan, milli baxışlara və məfkurəyə malik olan İlham Əliyevəmi yol göstərirsiniz?

Xoşbəxtlikdən, II Qarabağ savaşı parlaq qələbəmizlə başa çatdı. Doğrudur, bu savaşın hər anı bizə çox ağır başa gəlirdi. Çünki vətənsevərlərin hər biri özünü döyüş meydanında vuruşan, canlarını fəda edən, əsir və ya itkin düşən övladlarımızın valideynlərinin və ailə üzvlərinin yerinə qoyurdu. Yalnız bir-birinin ardınca gələn qələbə xəbərləri, Prezident İlham Əliyevin qələbə tvitləri, xalqa müraciətləri və müxtəlif KİV-lərə müsahibələri bu ağırlığı bir qədər yüngülləşdirirdi. Hazırda isə Azərbaycan gəmisi İlham Əliyevin rəhbərliyi ilə böyük inamla və qürurla öz müstəqillik yolunu davam etdirir. Bu yola nə Rusiyanın “İsgəndər M”i, nə Ermənistanın AŞPA və digər beynəlxalq qurumlarda antiazərbaycan addımlarının atılmasına cəhdlər göstərməsi əngəl ola bilməz. Bu yolda Azərbaycan Prezidentinə mane olmaq istəyən Rusiya casusları, nökərləri isə qarşılarında xalqı görəcəklər.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*