Xəbər verdiyimiz kimi, Ağdamda Rusiya sülhməramlıları ilə erməni silahlı qüvvələri arasında atışma baş verib. Bildirilir ki, erməni silahlı birləşmələri təslim olmaqdan və ərazini tərk etməkdən imtina edirlər. Separatçıların lideri Arayik Arutyunyan və bir neçə erməni hərbi hissə komandiri bu barədə Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradovla danışıqlar aparıb. Onlar Paşinyanın imzaladığı kapitulyasiyanı tanımadıqlarını və döyüşməyə davam edəcəklərini bildirirlər. İddialara görə, hətta rus sülhməramlıları ilə erməni hərbi birləşmələri arasında döyüş olub. Nəticədə, 4 sülhməramlı və 18 erməni ölüb.
Məsələ ilə bağlı KONKRET.az-a fikirlərini bölüşən deputat Vahid Əhmədov bildirib ki, ermənilər hər zaman cığallıq ediblər və indi də belə addımlarını davam etdirməkdədirlər: “Məqsədləri də torpaqlarımızdan çıxmamaqdır. Məlumdur ki, üçtərəfli bəyanata görə, Laçın, Kəlbəcər və Ağdamın ermənilərdən təmizlənməsi həyata keçirilməlidir. Bu təmizlənməni də oradakı Rusiya sülhməramlıları icra etməlidir. Artıq atışmalarla bağlı xəbərlər gəlməkdədir. Hər iki tərəfdən ölənlər var. Elə noyabrın 10-da bəyanat imzalanan zaman bununla bağlı müəyyən narahatlıq var idi. Və əgər sülhməramlılar orada yerləşibsə, öz missiyalarını sona kimi icra etməlidirlər. Onlar orada vuruşacaqlar, kim öləcək və ya qalacaqsa, bunu zamanın öhdəsinə buraxmaq lazımdır. Erməni silahlı qüvvələri Azərbaycan torpaqlarını tamamən tərk etməlidir. Lakin burada hələlik Azərbaycanın müdaxiləsinə ehtiyac yoxdur. Dekabrın 1-nə qədər vaxt var, o dövrə kimi gözləməliyik”.
Deputat vurğulayıb ki, ermənilərlə ruslar arasında bu toqquşmaların hansı səviyyədə olmasını da zaman göstərəcək: “Rusiyanın bu məsələdə çox ciddi marağı var. Ermənistanın özündə isə vəziyyət ağırdır. Baş nazirə qarşı ittihamlar irəli sürürlər. Yenidən parlament seçkiləri keçirmək istəyirlər. İqtisadi vəziyyətləri bərbad gündədir. Buna baxmayaraq, onların havadarları var. Elə ruslar da hər zaman onların havadarı olub. Rusiya sülhməramlılarının bölgədə yerləşdirilməsi bizi narahat edir. Amma yaddan çıxarmamalıyıq ki, Ali Baş Komandan bütün bu məsələləri diqqətdə saxlayır. Zamanla hər şey yoluna qoyulacaq”.
Ehtiyatda olan polkovnik Şair Ramaldanov isə bildirib ki, erməni silahlı qüvvələrinin torpaqlarımızdan çıxmamaq üçün dirənməsi gözlənilən idi: “Sülhməramlılar bölgədə ona görə hərbi texnika ilə yerləşib ki, baş verəcək təxribatların qarşısı alına bilsin. Ermənistanda daxili vəziyyət çox gərgindir. Biz bilirik ki, bəzi əlisilahlı ermənilər Azərbaycan torpaqlarını tərk etməkdən imtina edir. Rusiya sülhməramlıları onları oradan çıxarmağa çalışa da, aralarında belə bir insidentin olması gözləniləndir. Bundan əlavə, orada erməni ordusundan başqa muzdlu əsgərlər və terrorçular da var. Onlar ayrı-ayrı şəxslərin və qurumların tabeliyindədirlər. Ola bilsin ki, həmin terrorçuların himayədarları bu cür hadisələrin baş verməsində maraqlıdırlar. Burada təəccüblü heç nə yoxdur. Yəni hər iki tərəf arasında baş verən atışmalarla bağlı məlumatları biz bir müddət eşidəcəyik. Zamanla hər şey öz yerini tutacaq”.
Nərgiz Mirzəyeva,
KONKRET.az
