Rusiyanın Ukraynaya hücumları güclənib – MÜSAHİBƏbackend

Rusiyanın Ukraynaya hücumları güclənib - MÜSAHİBƏ

Rusiya – Ukrayna müharibəsi səngimək bilmir və tərəflər öz mövqelərini möhkəmləndirməkdədir. İki ilə yaxındır davam edən müharibədə ABŞ və Avropanın birbaşa dəstəklədiyi Ukrayna hələlik cəbhədə dönüş yarada bilməyib. Az qala poliqona çevrilən Ukrayna Qərbin döyüş silahlarının sınaq meydanıdır.

KONKRET.az prosesləri şərh edən Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, hərbi ekspert Oleq Jdanovun müsahibəsini təqdim edir.

– Oleq Vladimiroviç, Aİ-nin dekabrda keçiriləcək sammitində Ukrayna üçün təhlükəsizlik təminatlarının müzakirə ediləcəyi barədə məlumat vardı. Tam olaraq nə nəzərdə tutulur?

– Söhbət Ukraynada müharibə başa çatdıqdan sonra, o cümlədən, NATO-ya qəbuldan sonra təhlükəsizlik təminatlarından gedir. Biz tərəfdaşlarımızdan təhlükəsizlik zəmanəti vermələrini xahiş etdik. Nəzərinizə çatdırım ki, G7 bu zəmanətləri elan etdikdən sonra 10-dan çox ölkə də bu təşəbbüsə qoşuldu. Ehtiyaclarımız üçün bizə lazımi miqdarda sursat, avadanlıq, yanacaq və pul verəcəklər.

– Münaqişədən sonrakı dövrü nəzərdə tutursunuz?

– Çətin ki, Avropa və tərəfdaş ölkələr bu müharibəni qeyri-müəyyən müddətə uzatmaqda maraqlı olsunlar. Aİ-nin aparıcı ölkələri artıq başa düşürlər ki, bu münaqişədən uzaqlaşmaq mümkün olmayacaq və onun uzadılması heç kimə sərfəli deyil. Ona görə də müharibəni mümkün qədər tez bitirmək üçün səy göstərəcəklər.

– Sizcə, Avropa hərbi təchizatda ABŞ-a qalib gələ biləcəkmi?

– Avropanın ABŞ-dan daha çox imkanları var. Texnika və silahları da ABŞ-dan heç də az deyil. Ona görə də bu, amerikalılar üçün dərs olacaq. Bu gün ABŞ yardım baxımından hegemondur, o, güc mərkəzidir və böyük miqdarda maliyyə yardımı edir.  Avadanlıqlar isə tərəfdaş ölkələrdən gəlir. Almaniya Ukraynaya hərbi-texniki yardımı ikiqat (səkkiz milyarda qədər) artırmaq istəyir. Hollandiya iki milyard verməyə hazırdır, digər Aİ ölkələri də hərbi təchizatı artırdıqlarını bəyan edirlər. Onların hamısının silahla dolu anbarları var.

– Bəs onda Vladimir Zelenski niyə Avropaya yox, ABŞ-a uçdu?

–  Zelenski Baydenə izah etməyə çalışacaq ki, ABŞ sadəcə qayıqdakı yerini itirə bilər. Hazırda ABŞ-da vəziyyət ağırdır. Əslində, Domoklun qılıncı Baydenin üstündən asılır. Əgər o, respublikaçılara güzəştə getsə, seçkiləri uduzacaq. Tramp seçkiyə bir il qalmış Baydeni dörd faiz səslə qabaqlayır.  Bunun fonunda Avropa öz qitəsində mübarizə aparmağa və ABŞ-a qalib gəlməyə hazırdır.

– Bu kontekstdə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin Ukraynanın Aİ-yə üzvlüyünün vaxt tələb etməsi ilə bağlı bəyanatları optimizmdən nə qədər uzaqdır?

– Məncə, Ukraynanın Aİ-yə daxil olması perspektivləri kifayət qədər realdır, mən burada problem görmürəm. Hətta Viktor Orbanın mövqeyi məni narahat etmir.

– Macarıstan prezidentinin Ukraynada korrupsiyanın pik həddə çatması ilə bağlı dediklərini əsassız hesab edirsiniz?

– Məsələ Orbanın məsələyə hansı prizmadan yanaşmasıdır. Polşa Avropa Birliyinə daxil olanda onun vəziyyəti necə idi. Üstəlik, korrupsiya Ukraynanın Aİ-yə daxil olması üçün əsas problem deyil. Əsas problem hüquqi və qanunvericilik bazasının uyğunlaşdırılmasıdır. Düşünürəm ki, Ukrayna Aİ-yə qəbul olunacaq, çünki əks halda Avropa İttifaqının problemli sərhədi Polşa, Rumıniya və Slovakiya ilə bağlı olacaq. Ukraynanı Aİ-yə qəbul etmək üçün Avropa standartlarına çatdırmaq lazımdır. Hakimiyyət orqanları bu xətti izləməyə tələsmir. Onlar ya Aİ-nin təklif etdiyi qanuna hansısa düzəliş etməyə çalışırlar, ya da qanunların icrasına tələsmirlər. Bu, Ukraynanın Aİ-yə daxil olmasına mane olan əsas problemdir. Bütün digər məsələləri həll etmək olar.

– Bəs NATO?

– Doğrusu, bu, real deyil. Birincisi, müharibənin necə bitəcəyini, ərazi bütövlüyümüzün nə dərəcədə bərpa olunacağını bilmirik. Bu gün ABŞ Respublikaçılar Partiyasının tələblərindən biri Ukraynanın müharibədə qələbəsinin demokratlar üçün nə demək olduğunu formalaşdırmaqdır. Bizdə də bu formalaşdırılmayıb. Amma ikiyə bölünmüş ölkəni heç kim qəbul etməyəcək. Çətin ki, bizi NATO-ya qəbul etsinlər.

– Hazırda cəbhədə vəziyyət necədir?

– Son dərəcə ağırdır. Rusiyada keçiriləcək prezident seçkilərinə qədər  düşmən bizə hücum etməyə çalışacaq. Seçkilərə qədər Rusiyaya cəbhədə uğur lazımdır. Prinsipcə, Rusiyanın hücumu artıq güclənir.

– Müharibənin başa çatmasını təxmin edə  bilərsinizmi?

– Ən azından müharibə daha bir il uzanacaq. Hər şey ABŞ-dakı vəziyyətdən, bizə lazımi miqdarda hərbi texnika və sursatın verilməsindən asılı olacaq.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*