Rusiyalı vətəndaşların Ermənistanda, xüsusilə də İrəvanda kirayə mənzilə marağı yenidən artıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Verstka” nəşri yerli daşınmaz əmlak agentlərinə istinadən məlumat yayıb.
Rieltorların sözlərinə görə, son aylarda Yerevana köçən və ya köçməyi planlaşdıran rusların sayı nəzərəçarpacaq dərəcədə artıb. Onların qiymətləndirməsinə əsasən, vəziyyət 2022-ci ildə müşahidə olunan miqrasiya dalğasını xatırladır.
Mütəxəssislər bildirirlər ki, son üç ay ərzində İrəvanda kirayə mənzillərin qiyməti təxminən 30 faiz bahalaşıb.
“Verstka”nın məlumatına görə, ruslar arasında populyar olan daşınmaz əmlak üzrə Telegram kanallarında artıq Ermənistana köçən və ya payız aylarında ölkəyə köçməyi planlaşdıran şəxslərin hər gün onlarla yeni elan paylaşdığı müşahidə olunur.
“Yandex Wordstat” xidmətinin statistikasına əsasən, iyulun 13–19-u həftəsində “İrəvanda mənzillər” sorğularının sayı 5,2 minə çatıb. Müqayisə üçün, 2022-ci il fevralın 28-dən martın 6-dək olan həftədə bu göstərici 5 min, həmin ilin sentyabrında Rusiyada səfərbərlik elan edilən dövrdə isə təxminən 10 min olub.
Rəsmiyyə Şərifova,
KONKRET.az
