Azərbaycanda üç və daha çox uşağı olan ailələrin nümayəndələrinin 5 il tez güzəştlə pensiyaya çıxması ilə bağlı qanunvericilikdə dəyişikliklər təklif olunub. Maraqlıdır, bu təşəbbüsün əvəzinə çoxuşaqlı ailələr üçün pensiya əlavəsi və ya sosial müavinət formulu tətbiq etmək daha məqsədəuyğun olmazdımı?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Rəşad Həsənov bildirib ki, bu iki yanaşma bir-birindən fərqli məsələlərdir.

“Çoxuşaqlı ailələrə dəstək ayrı mexanizmdir. Bununla bağlı Azərbaycanda da müəyyən alətlər mövcuddur. Məsələn, 5 və daha çox uşağı olan ailələrə hər uşağa görə müavinətin ödənilməsi, ünvanlı sosial yardım mexanizmi çərçivəsində ailənin gəlirinin ehtiyac meyarından aşağı olan hissəsinin dövlət tərəfindən kompensasiyası həyata keçirilir. Lakin çoxuşaqlı valideynlərin ahıllıq dövründə rifahının dəstəklənməsi məqsədilə pensiya hüququnun əlçatanlığının artırılması tamam başqa məsələdir”, – deyə ekspert vurğulayıb.
Onun sözlərinə görə, dünyanın bir çox ölkələrində çoxuşaqlı ailələrin həyat şəraiti və əmək qabiliyyətinin daha tez itirilməsi kimi faktorlar nəzərə alınaraq bu kateqoriyaya daxil olan şəxslərə pensiya güzəştləri tətbiq olunur.
“Sadəcə, demoqrafik siyasətin təşviqi və ailə strukturundakı dəyişikliklərə uyğun olaraq bu anlayışın yenilənməsi vacibdir. Artıq bir çox ölkələr, o cümlədən Ukrayna, çoxuşaqlı ailə anlayışını 3 uşaqla məhdudlaşdırıb.
Azərbaycanda da 5 və daha çox uşağı olan ailələrin sayı çox azdır, təxminən 2 minə yaxındır. Bu baxımdan, artıq “çoxuşaqlı valideyn” anlayışının yenidən formalaşdırılmasının vaxtı çatıb”, – Rəşad Həsənov əlavə edib.
İqtisadçı hesab edir ki, Azərbaycanda çoxuşaqlı ailə anlayışı 3 və daha çox uşağı olan ailələri əhatə etməlidir. Onun fikrincə, bu, həm dövrün sosial-iqtisadi reallıqlarına, həm də ailə strukturunun dəyişməsinə uyğun addım olacaq.
“Parlamentdə səsləndirilən təkliflər də məhz bu çağırışlara cavab verir. Çoxuşaqlı ailələrin sosial dəstəyi ilə pensiya güzəştlərinin eyniləşdirilməsi düzgün deyil, çünki bu, fərqli istiqamətləri əhatə edən mexanizmlərdir”, – deyə Həsənov qeyd edib.
Aynurə İsmayıl
KONKRET.az
