Gəncəli məktəblilər təhlükəsizlik maarifləndirilməsi üzrə yeni layihəyə imza atıblar – FOTOLAR backend

Gəncəli məktəblilər təhlükəsizlik maarifləndirilməsi üzrə yeni layihəyə imza atıblar – FOTOLAR 

Gəncə şəhərində təhsil alan üç məktəbli uşaqlar və yeniyetmələr arasında təhlükəsizliklə bağlı məlumatlılığın artırılması məqsədilə “Safety Youth Dialogue Circles” layihəsinə start verib.

KONKRET.az xəbər verir ki, təşəbbüsün əsas məqsədi məktəbliləri gündəlik həyatda və rəqəmsal mühitdə qarşılaşa biləcəkləri risklər barədə məlumatlandırmaq, onların özlərini və ətrafdakıları qorumaq bacarıqlarını inkişaf etdirməkdir.

Layihənin təsisçisi Firdus Quliyeva, həmtəsisçiləri İnci Əskərzadə və Natella Tağıyeva Gəncə şəhərində yerləşən Mehdi Mehdizadə adına Xarici Dillər Təmayüllü 4 nömrəli məktəb-liseyin 10-11-ci sinif şagirdləridir. Onları bir araya gətirən əsas məqsəd cəmiyyət üçün faydalı təşəbbüs həyata keçirmək və yeniyetmələr arasında kifayət qədər müzakirə olunmayan təhlükəsizlik məsələlərinə diqqət çəkmək istəyidir.

Layihə müəllifləri hesab edirlər ki, uşaqlar təhlükəsizlik qaydalarını yalnız problemlə qarşılaşdıqdan sonra deyil, əvvəlcədən öyrənməli, riskli vəziyyətlərdə necə davranacaqlarını və kimdən kömək istəyə biləcəklərini bilməlidirlər.

“Safety Youth Dialogue Circles” layihəsi çərçivəsində müxtəlif məktəblərdə şagirdlər üçün maarifləndirici təqdimatlar və dialoq formatında görüşlər təşkil olunur. Görüşlər zamanı iştirakçılara suallarını sərbəst şəkildə ünvanlamaq, fikirlərini bölüşmək və müzakirələrdə iştirak etmək imkanı yaradılır.

Layihə dörd əsas istiqaməti əhatə edir:

İctimai yerlərdə qadınların və qızların təhlükəsizliyi – ictimai məkanlarda şəxsi təhlükəsizlik, şəxsi sərhədlər və riskli vəziyyətlərdə düzgün davranış qaydaları;
Məişət zorakılığı – zorakılığın formaları, problemin ciddiliyi və belə hallarla qarşılaşan şəxslərə dəstək göstərilməsinin əhəmiyyəti;
Kiberbullinq – internet və sosial şəbəkələrdə təzyiq, təhqir və onlayn zorakılıq halları, rəqəmsal mühitdə təhlükəsiz davranış;
İnternet dələduzluğu – saxta mesajlar, şübhəli keçidlər, onlayn dələduzluq cəhdləri və şəxsi məlumatların qorunması.

Təşəbbüsün əhatə dairəsini genişləndirmək və görüşlərdən sonra da şagirdlərin öyrənmə prosesini davam etdirməsini təmin etmək məqsədilə layihə çərçivəsində xüsusi veb-sayt da yaradılıb. Saytda təhlükəsizlik mövzuları üzrə sadə və anlaşıqlı dildə hazırlanmış məlumatlar, təqdimatlarda istifadə olunan əsas bilgilər və şagirdlərin biliklərini yoxlaması üçün interaktiv quizlər yerləşdirilib. Beləliklə, istifadəçilər sayta daxil olaraq materialları təkrar oxuya, yeni məlumatlar əldə edə və testlər vasitəsilə öyrəndiklərini yoxlaya bilərlər.

Layihə təşkilatçılarının fikrincə, təhlükəsizlik mövzusunda erkən yaşlardan məlumatlı olmaq uşaqların və yeniyetmələrin həm real həyatda, həm də internet mühitində daha hazırlıqlı və diqqətli davranmasına kömək edir. Təşəbbüsün əsas məqsədi yalnız məlumat vermək deyil, eyni zamanda məktəblilər arasında açıq dialoq, qarşılıqlı dəstək və təhlükəsizlik mədəniyyətini formalaşdırmaqdır.

Gəncədən başlayan “Safety Youth Dialogue Circles” layihəsinin gələcək hədəfi təşəbbüsü daha çox məktəbdə həyata keçirmək, əhatə dairəsini genişləndirmək və daha çox uşağın təhlükəsizliklə bağlı vacib biliklər əldə etməsinə töhfə verməkdir.

Ətraflı məlumat üçün: https://safetyyouthdialogue.org/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*