Çinin Şanxay şəhərində əcnəbi qadınları manipulyasiya və psixoloji təzyiq vasitəsilə cinsi əlaqəyə məcbur etmə üsullarının müzakirə edildiyi qapalı qrup aşkarlanıb.
KONKRET.az xəbər verir ki, polis WeChat platformasında fəaliyyət göstərən və təxminən 450 nəfərin üzv olduğu qapalı qrupun fəaliyyətini araşdırır. İddialara əsasən, qrup üzvləri əcnəbi qadınlara qarşı manipulyasiya üsulları barədə təcrübə mübadiləsi aparır, onları təhqiredici ifadələrlə söyür, zorakılıq xarakterli fantaziyaları müzakirə edir, həmçinin qadınlara qarşı narkotik vasitələrdən istifadə imkanlarını da müzakirə edirlər. Bildirilir ki, yazışmalarda rusiyalı qadınlar xüsusi hədəf kimi göstərilib və onların cinsi əlaqəyə razı salınmasının daha asan olduğu iddia olunub.
Qrupun fəaliyyəti qadınlardan birinin tanışının telefonunda sözügedən yazışmaları görməsindən sonra üzə çıxıb. O, əldə etdiyi materialları polisə təqdim edib və turistlər, eləcə də xarici vətəndaşların ünsiyyət qruplarında bu barədə məlumat yayıb.
Zərərçəkənlərdən biri bildirib ki, yayılan skrinşotlarda əvvəllər bir dəfə görüşdüyü kişini tanıyıb. Onun sözlərinə görə, həmin şəxs görüş zamanı qəribə davranış nümayiş etdirib, müxtəlif manipulyasiya üsullarına əl atıb və bu səbəbdən o, əlaqəni kəsib.
Daha sonra qadın həmin davranışların qapalı qrupda müzakirə olunan sxemin tərkib hissəsi ola biləcəyini düşündüyünü bildirib.
Hazırda Çin polisi faktla bağlı araşdırmaları davam etdirir.
Rəsmiyyə Şərifova,
KONKRET.az
