“Seçki günü “karusellər”in qarşısını almaq üçün…” – Osman Gündüz MSK-ya səsləndibackend

“Seçki günü “karusellər”in qarşısını almaq üçün...” - Osman Gündüz MSK-ya səsləndi

“Baxıram ki, seçki günü seçki məntələqlərində vətəndaşların təqdim edəcəkləri identifikasiya vasitəsi olaraq yalnız fiziki şəxsiyyət vəsiqələrindən danışılır. “Rəqəmsal şəxsiyyət vəsiqələrinin” necə tədim ediləcəyi, smartfonda MyGov tətbiqində olan məlumatların seçki məntəqəsində necə identifikasiya olunacağı haqqında heç bir açıqlamaya rast gəlmək mümkün deyil. Ölkədə keyfiyyətli rəqəmsal infrastruktur qurulur. Rəqəmsal sənədlərin hüquqi statusu müəyyən edilib. Vətəndaşları identifikasiya etmək üçün dövlətə məxsus SİMA rəqəmsal imzası yaradılıb və milyonlarla vətəndaş buna sahibdir. Ölkədə kibertəhlükəsizliklə bağlı bir neçə səlahiyyətli qurum var və mühit də müsbət istiqamətə inkişaf edib. Sual yaranır ki, bəs nə üçün seçkilərdə heç olmasa pilot qaydada elektron səsvermə keçirilmir?”.

KONKRET.az-ın xəbərinə görə, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

“Bizdən daha zəif rəqəmsal infrastruktura sahib olan qonşu ölkələrdə (Gürcüstanda, Qazaxıstanda, Ermənistanda , Estoniyada, Rusiyada və s.) Avropanın bir neçə ölkəsində elektron səsvermə tətbiq edilir. Mərkəzi Seçki Komitəsi (MSK) heç olmasa elektron səsvermə üçün məntəqələrdə skanerlər qoya bilərdi. Müşahidələr göstərir ki, şəffaflıqla bağlı məsələlərdə də MSK-nın rəqəmsal texnologiyalardan istifadəsində çatışmazlıqlar var. MSK tərəfindən ilkin nəticələrin və yekun seçici fəallığının təqdim edilməsi adətən çox ləngiyir. Əvvəlki seçkilərin də nəticələri onu göstərir ki, cəmi-cümlətanı 125 deputatın seçkisi ilə bağlı ilkin nəticələr xeyli ləng təqdim edilirdi. Düşünmək olar ki bu, həm də seçki infrastrukturunda rəqəmsallaşmanın yetərli olmaması ilə bağlıdır. Ümid edirəm, MSK bu dəfə dairə üzrə seçkilərin ilkin nəticələrini yerlərdən məlumatlar daxil olduqca avtomatik olaraq, real vaxt müddətində təqdim edə biləcək”.

O bildirib ki, MSK seçki günü “karusellər”in qarşısnı almaq üçün artıq ölkəmizdə istifadə edilən üz tanıyan texnologiyalar tətbiq edə, qutulara topa bülleten atılmasının qarşısnı almaq üçün qutunun konstruksiyasına əl gəzdirə, “SİMA” imza vasitəsilə pilot qaydada onlayn formada səsvermə keçirə, məntəqə üzvlərinin öz geyimlərində bülleten gizlədilməsini əngəlləməyə, protokolları götürərək məntəqəni qeyri-qanuni tərk etməsinin qarşısnı almaq üçün əlavə texnologiyalar və innovasiyalar tətbiq edə bilərdi:

“Amma görünən odur ki, MSK nəinki beynəlxalq təcrübədən, heç ölkəmizdə mövcud olan innovasiyalardan və texnologiyalardan seçki prosesində effektiv istifadəyə diqqət yetirmir. Beləliklə, açıq formada demək lazımdır, bizim seçki sistemi və seçki infrastrukturu ölkəmizin rəqəmsal inkişaf səviyyəsindən xeyli geridədir. Ümid edirəm, MSK, RİNN, İRİA seçki gününədək heç olmasa “rəqəmsal şəxsiyyət vəsiqəsinin” seçki məntələqlərində tətbiqi üçün konkret addımlar atacaq və seçki sisteminin rəqəmsal transformasiyasını gücləndirəcəklər”.

Aygün Mirakif,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*