Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində diqqətçəkən pavilyonlardan biri də Özbəkistan Respublikasına məxsus yeni şəhər konsepsiyası olub. Paytaxt Daşkənddə salınması planlaşdırılan yeni şəhər layihəsi geniş maraq doğurub.
KONKRET.az xəbər verir ki, təxminən 2 milyona yaxın əhali üçün nəzərdə tutulan ərazidə hazırda sistemli və planlı şəhərsalma işləri həyata keçirilir. Şəhərin qabaqcıl şəhərsalma prinsipləri əsasında formalaşdırılacağı bildirilir.
Konsepsiya müəyyən mənada Bakının Ağ Şəhər layihəsini xatırladır. Yeni şəhərin əsas xüsusiyyətlərindən biri burada geniş rekreasiya zonalarının nəzərdə tutulmasıdır. Bildirilir ki, ərazinin təxminən 35-40 faizi yaşıllıq sahələri ilə əhatə olunacaq. Konsepsiyanın əsas xüsusiyyətlərindən biri də “15 dəqiqəlik şəhər” prinsipinin tətbiq olunmasıdır. Bu, daha insanyönümlü şəhər modelidir və sözügedən yaşayış məntəqəsini daha inklüziv və əlçatan edəcək.
Məlumata görə, yeni şəhərdə Azərbaycan universitetinin də inşası planlaşdırılır.
Diqqətçəkən digər məqam isə yaşayış binalarının hündürlüyü ilə bağlıdır. Layihə əsasən, çoxmərtəbəli binalar xüsusilə biznes mərkəzlər üçün nəzərdə tutulacaq. Yaşayış binalarının isə 5-6 mərtəbəli olması planlaşdırılır.
Məlumata görə, şəhərin tikintisi 2040-cı ilə qədər yekunlaşdırılacaq. Yeni şəhərin Özbəkistanın gələcək urbanizasiya strategiyasında mühüm rol oynayacağı gözlənilir.
Natiq Səlim
KONKRET.az
