Rusiyanın və bəzi Mərkəzi Asiya ölkələrinin KİV-lərində Tacikistanda kişilərin saqqal saxlamasının və qadınların hicab taxmasının qadağan edildiyi barədə yayılan məlumatlar saxtadır.
KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Asia-Plus” nəşri Tacikistanın Din İşləri Komitəsinə istinadən məlumat yayıb.
Qurum ölkədə qanunvericilik səviyyəsində saqqal və hicabın qadağan olunması barədə yayılan xəbərləri təkzib edib.
“Asia-Plus” qeyd edir ki, guya yeni qanunun qəbul edilməsi ilə bağlı məlumatlar nəşrin adından yayılsa da, əslində belə bir xəbər dərc edilməyib.
Bəzi KİV-lər isə iki il əvvəl yayılan köhnə materialları yeni və sensasion başlıqlarla yenidən tirajlayıblar.
Həmin xəbərlərdə iddia olunurdu ki, guya yeni qanuna əsasən saqqallı kişilər və hicablı qadınlar cərimələnəcək, cərimədən sonra isə qaydalara əməl etdiklərini sübut etmək üçün hər həftə nəzarət orqanlarına şəkillərini göndərməli olacaqlar.
“Asia-Plus” redaksiyası son vaxtlar bu mövzuda heç bir material hazırlamadığını və dərc etmədiyini bildirib.
Nəşr xatırladıb ki, oxşar şayiələr təxminən iki il əvvəl də yayılmışdı.
