Şiələri qətl edən güllələr Aşurada ermənilər üçün Qarabağa İRANDAN GƏLİRbackend

Şiələri qətl edən güllələr Aşurada ermənilər üçün Qarabağa İRANDAN GƏLİR

İran Azərbaycanla heç də yaxşı tərəfdən davranmadı. Əlbəttə, İran-Azərbaycan münasibətlərinin bütün ikili, qeyri-ardıcıl və paradoksal (İslam, indiki halda isə şiə həmrəyliyi nöqteyi-nəzərindən) tarixi boyu qardaş Tehran ona xas Əhəməni məkri və çöhrəsində Dara təbəssümü ilə Azərbaycanın kürəyinə dəfələrlə bıçaq dayayıb.

Məhz Azərbaycan prezidentinin səlahiyyətlərini yerinə yetirən Yaqub Məmmədovun Tehranda başda təcrübəli Vilayəti olmaqla məharətli İran diplomatlarının təzyiqi altında Ter-Petrosyanla atəşkəs haqda müqaviləni imzaladığı gün erməni bölmələrinin Şuşaya xaincəsinə hücum etməsini xatırlamaq kifayətdir. Yaqub Məmmədov sənədə imzasını atdı. Və sakit ürəklə qonaq otağına yollandı, ancaq cəmisi bir neçə saat sonra iranlı diplomatlar üzlərindəki hiyləgər təbəssümü vaxtsız əvəzləyən saxta kədərlə Azərbaycan dövlətinin başçısının istirahətini yarımçıq qoydular: Şuşa itirilib!

İran-Ermənistan qardaşlığı 1991-ci ildə başlayıb. O vaxt Bakıda İsraili heç kim düşünmürdü

Sonrakı illər də xoşagəlməzliklər çox oldu: başlarında tarakanlar dolaşan fars ideoloqları azərbaycanlıları tarakana bənzətdi, birinci Qarabağ müharibəsində təkcə oda yağ tökmədi, həm də erməni tanklarına yanacaq tökdü, Xəzəri şovinistcəsinə Mazandaran adlandırdı…

İran andını pozmağını sonralar Azərbaycanla İsrailin müttəfiqlik münasibətlərinə görə məcburi qisas kimi izah edəndə hiylə işlədirdi. Təl-Əviv bölgədə daha gec – 1997-ci ildə, Netanyahunun Azərbaycana ilk qısamüddətli səfərindən sonra peyda oldu. Baxmayaraq ki, azərbaycanlılarla farsların etnik-mədəni identikliyini və dini birliyini nəzərə alaraq sağlam məntiqdən çıxış edən Netanyahu Libermanın təklif etdiyi unikal tolerant Azərbaycanla münasibətlərin inkişafı konsepsiyasına skepsislə yanaşırdı. Netanyahuya Azərbaycanı Qafqazın İordaniyası obrazında təsvir etmişdilər. Netanyahu perspektivə sonadək inanmasa da, ilk addımı atdı. Məhz İran faktoruna görə. Qəribədir, dünyanın siyasi xəritəsində Azərbaycan adlı yeni dövlətin peyda olmasının ilk günlərindən fars mənsubları məchulluq və hətta düçarlıq hissi ilə nəzərlərini, Pəhləvilərin metaforasından yararlansaq, “İran şirinin başına – 30 milyonluq Cənubi Azərbaycana” dikmişdilər. Ötən əsrin əvvəllərində Qacarların dövründə də, İkinci Dünya müharibəsindən sonra və Stalinin dünyanı bölüşdürdüyü dövrdə – Pəhləvilərin zamanında da belə olmuşdu, mollakratiyada da bu cür oldu…

Netanyahu son ana qədər Bakıya uçmaq istəmirdi. İranın Azərbaycana xəyanət edə biləcəyinə tam inanmırdı

İran Azərbaycanın zəiflədilməsi üçün hər cür imkan axtarırdı. Döyüşlərdə möhkəmlənən türk ordusunun qəhrəmancasına hücuma keçərək təkcə tarixi Qaradağı (aşağı Qarabağ. Azərbaycanın bu torpaqlarının İranda olan hissəsi bu gün də Qaradağ adlandırılır) yox, həm Molla Pənah Vaqifin vəsf etdiyi və orta əsrlər İranının Qacar sülaləsinin böyük arzusu olan Şuşanı azad etməsinin qəfilliyinin Tehranda yaratdığı təşviş və çaşğınlığa təəccüblənməyə dəyərmi. Və keçmişin əzəmətindən güc alan qalibiyyətli Azərbaycanın yeni tarixi də sanksiya məngənələrində sıxılan taqətsiz İranın Böyük Şərqdə tənəzzülü dövrünə təsadüf edir…

Azərbaycan və Türkiyə Şuşa qalasının divarlarından bölgəyə prezident Ərdoğanın səsləndirdiyi yeni gündəlik təklif etdi: 6 dövlətin Şuşa platforması müharibələrdən üzülmüş Qafqazın simasını tamamilə dəyişə bilərdi. İran yalnız qonşuların ona doğru uzanmış əlini rədd etmir, həm də erməni separatçılarına yolladığı yük maşınlarından ibarət karvanla, ardınca isə düşməncəsinə bəyanatı ilə özünün bölgə ilə bağlı orta əsrlərdən qalma geosiyasi anlayışını ortaya qoyur. Bu isə Persiya ilə Osmanlı dövlətinin əbədi qarşıdurmasında ifadəsini tapıb.

İran XİN Azərbaycanı ittiham edir və qınayır. Tehranı qəzəbləndirən nədir, daha doğrusu, onun diplomatik demarşı üçün bəhanə nə olub? İran Azərbaycanla Türkiyənin Xəzər dənizindəki birgə hərbi təlimlərindən narazıdır, Xəzərin hüququ statusuna dair Konvensiyaya apellyasiya edir. İran XİN-in xatırlatmasına görə, “beş sahilyanı dövlət bu ölkələrdən başqa hər hansı ölkənin hərbi iştirakının qanunsuz olduğunu razılaşdırıb».

Bu məsələdə İran heç vaxt olmadığı qədər haqlıdır. Ancaq eyni zamanda Tehran özü üçün taleyüklü səhvə yol verir.

Həqiqətən də, 2018-ci ilin 12 avqustunda Həştərxanda beş Xəzəryanı dövlətin – Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İranın liderləri İran XİN-in xatırlatdığı Konvensiyanı imzalayıb. Və Konvensiyada həqiqətən də Xəzərdə bölgədən kənar dövlətlərin silahlı qüvvələrinin olmasının yolverilməzliyi öz təsbitini tapıb!

Onda İran öz bəyanatında hansı səhvlərə yol verib?

İran Qarabağ separatçılarına yardım edir. Məhərrəm ayında şiələri öldürmək üçün

Əvvəla, keçmiş prezident Ruhaninin imzaladığı bu Konvensiya İrana şamil olunmur. Belə ki, İran parlamenti hələ də öz prezidentinin imza atdığı Konvensiyanı təsdiqləməyib. Konvensiyanın mətnində qeyd olunur: «Konvensiya ratifikasiya olunmalıdır. Ratifikasiya fərmanları saxlanılması üçün depozitari funksiyasını yerinə yetirən Qazaxıstan Respublikasına təhvil verilir». İrandan başqa digər dörd dövlət ratifikasiya sənədlərini Astanaya təqdim edib. Beləliklə, İran özünü Konvensiyaya apellyasiya etmək hüququndan məhrum etmiş olur.

İkincisi, Konvensiyanın mətnində söhbət bölgədən kənar dövlətlərin hərbi qüvvələrinin Xəzərdə olmasının yolverilməzliyindən gedir. Türkiyə özünün hərbi-dəniz təlimləri ilə Xəzər sularında yoxdur. Bir neçə gün əvvəl Azərbaycana qardaş ölkənin hərbi-dəniz qüvvələrinin bir bölməsinin iştirakı ilə qısamüddətli təlimlər keçirilib. Digər tərəfdən, tutaq ki, Türkiyə Azərbaycan akvatoriyasında daima olacaq. Bu, Konvensiyanın hansı prinsiplərini pozur? Axı Ankaranın buna tam hüququ çatır, çünki o, bölgə dövlətidir! Əgər söhbət İsraildən, Fransadan və ya ABŞ-dan getsəydi, onda İranın gətirdiyi dəlillər ekspert dəyərləndirmələri və müzakirələr üçün mövzu ola bilərdi. Ancaq söhbət bölgə dövlətindən gedir.

Heç də az əhəmiyyəti olmayan daha bir faktor – Türkiyə və Azərbaycan hərbi yox, antiterror təlimləri keçirib. Və Azərbaycan özünün xüsusi bölmələrinin terrorizmə qarşı mübarizədə döyüş hazırlığını artırmaq üçün istənilən ölkədən istənilən mütəxəssisi dəvət etməkdə sərbəstdir. Azərbaycan ki İrandan onun xüsusi bölmələrinin Suriya, Yəmən, İraq, Livan və bir çox digər ölkələrdə hansı status daşıdıqlarına dair heç nə soruşmur? Baxmayaraq ki, İrana bu sualları digər dövlətlər tez-tez verir. O dövlətlər ki, İran Yaxın Şərqdə onların maraqlarına toxunur. İran özünün hərbi yardımını lirik motivasiya – qardaşlıq və şiəlik hissləri ilə izah edir. Elə isə İranın Azərbaycandakı şiə xalqına qardaşlıq hissləri niyə kütləşib? Tehran Qarabağda şiələri öldürən qriqorian Ermənistanına göstərdiyi qardaş yardımı ilə bağlı suallara hələ də və lirik motivasiyayla olsa belə cavab verməyib, elə deyilmi? O şiələri öldürən avtomatların güllələri isə Aşura ayında İrandan gətirilirdi!..

Eynulla Fətullayev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*