1990-cı illərin əvvəllərində müstəqilliyini bərpa edən Azərbaycanda ciddi problemlərin yaşandığı, siyasi-iqtisadi böhranın, daxili çəkişmələrin baş verdiyi, xüsusən də Ermənistanla müharibə fonunda dövlət kimi mövcudluğumuzun sual altına alındığı heç kimə sirr deyil. O vaxt xarici havadarların köməyi ilə müharibədə, eləcə də informasiya mübarizəsində üstünlük əldə edən Ermənistanın çirkin planlarının qarşısını almaq, vəziyyəti xeyrimizə dəyişmək və haqq səsimizi dünyaya çatdırmaq üçün qüdrətli dövlət və güclü lobbinin yaradılması vacib idi. Beləliklə 1993-cü ildə yenidən hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyev bütün məsələləri müdriklik və təmkinlə sahmana salmağa başladı. Qətiyyətli iradəsi sayəsində ölkədə tədricən ictimai-siyasi sabitlik bərqərar oldu, dövlətin milli-mənəvi dəyərlərə söykənən demokratik əsaslarla idarə olunmasını təmin edən ən mütərəqqi qanunvericilik bazasının formalaşdırılması istiqamətində ciddi addımlar atıldı. Xarici səfərlərdə olarkən Ümummilli lider vaxt tapıb həmin ölkədə yaşayan həmvətənlərimizlə görüşür, onları dinləyir, məsləhətlər verir, həmişə Azərbaycanla, eləcə də digər ölkələrdə yaşayan soydaşlarımızla six əlaqədə olmağı tövsiyə edirdi. Beləliklə, diaspor quruculuğu Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilirdi. Diaspor quruculuğu və lobbiçilik sahəsinin inkişafı istiqamətində atılan addımlar Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bu gün də uğurla davam etdirilir.
Mövzunu KONKRET.az-a şərh edən politoloq İlyas Hüseynov bildirib ki, Azərbaycanda diaspor quruculuğuna Ulu Öndər Heydər Əliyev Dünya Azərbaycanlılarının Birinci Qurultayını keçirməklə təkan verib: “Bu gün də diaspor quruculuğu istiqamətində geniş işlər görülür və lobbiçilik fəaliyyətinin genişləndirilməsi prosesi həyata keçirilir. Azərbaycanlıların dünyanın müxtəlif ölkələrində kütləvi şəkildə cəmləşməməsi uzun müddət diaspor və lobbiçilik fəaliyyətinin qurulmasına maneə yaradıb. Eyni zamanda bu istiqamətdə təcrübə toplamağımızı və müasir diaspora işinin mənimsənilməsini ləngidib. Amma xaricdə yaşayan soydaşlarımızın Vətən müharibəsində çox böyük həmrəylik nümayiş etdirməsi, maddi və mənəvi dəstək göstərməsi, informasiya müharibəsində əvəzsiz xidmətlərlə ön sırada yer alması ölkədə diaspor quruculuğu sahəsində işlərin uğurla aparıldığını bir daha sübuta yetirdi. Bu həmrəylik əhval-ruhiyyəsini daha da inkişaf etdirmək üçün dövlət əlindən gələn heç nəyi əsirgəmir”.

Politoloq hesab edir ki, dünyada yaşayan azərbaycanlılar öz vətənlərini unutmamalıdırlar: “Ölkəmizin inkişafı və çiçəklənməsi üçün töhfə verməlidirlər. Eyni zamanda Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında əvəzsiz xidmət göstərməlidirlər. Bəzən dünyanın müxtəlif ölkələrində yaşayan elə azərbaycanlılara rast gəlirik ki, bütün ömrünü ölkəmizin təbliğinə, maraqlarının qorunmasına həsr edib. Elələri də tapılır ki, Azərbaycandan getdikdən sonra ölkənin daxili ictimai-siyasi həyatı ilə maraqlanmır, baş verən proseslərə biganə yanaşır. Düşünürəm ki, söhbət vətəndən gedirsə, hər bir azərbaycanlı yumruq kimi birləşməli və həmrəyliyimizin geniş auditoriyaya çatdırılmasında maraqlı olmalıdır”.
İlyas Hüseynovun sözlərinə görə, Azərbaycanın lobbiçilik işində bir sıra uğurları mövcuddur və bunu görmək hər bir ölkə vətəndaşını sevindirir: “Bu işləri Azərbaycanın Diasporla iş üzrə Dövlət Komitəsi kurasiya edir. Qurumun ötən illər ərzində böyük uğurları olub. İstərdim ki, xaricdə yaşayan azərbaycanlılar həm də ölkəmizin işğaldan azad edilən ərazilərinə sərmayə qoymaqla böyük regional təhlükəsizliyin inkişafına və sabitliyə töhfə versinlər. Bu, kompleks yanaşmadır və dövlətin sözügedən məsələdə güclü siyasi iradəsi mövcuddur. Bütün bu işləri yoluna qoymaq üçün Azərbaycanda müsbət abu-hava formalaşdırılıb. Düşünürəm ki, diaspor quruculuğu ölkəmizin dövlət və milli maraqlarının ən yüksək səviyyədə təmsil olunması üçün güclü alətlərdən biri hesab olunur. Ona görə də, bu alətdən istifadə etməyə və genişləndirməyə ehtiyac var. Bir sözlə, diaspor quruculuğu istiqamətində görülən işləri təqdirəlayiq hesab etmək mümkündür”.
Müşviq Tofiqoğlu,
KONKRET.az
P.S. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” mövzusuna uyğun dərc olunub.

