Ermənistanda seçkinin favoriti şübhəsiz ki, Nikol Paşinyan və onun partiyasıdır. Bunun da səbəbi aydındır. Erməni cəmiyyətinin böyük hissəsi anlayır ki, radikal qüvvələrin hakimiyyətə gəlməsi bölgədə yenidən gərginlik, sülh sazişinin imzalanmaması və yeni müharibə riskləri yarada bilər.
KONKRET.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu Ermənistanda 7 iyunda keçiriləcək seçkilərin mümkün nəticələrindən danışarkən deyib.
Politoloqun sözlərinə görə, müxtəlif rəy sorğuları da Paşinyanın liderliyini göstərir:
“Paşinyanın əsas rəqibi keçmiş prezident Robert Köçəryan deyil, iş adamı Samvel Karapetyandır. O, Rusiyadan dəstək alır və böyük ehtimalla onun siyasi qüvvəsi parlamentdə təmsil olunacaq. Seçkilərdən sonra Paşinyana qarşı əsas müxalifət qüvvəsi də məhz Karapetyanın komandası ola bilər.
Seçkilərin nəticələri ilə razılaşmayan qüvvələr tərəfindən etiraz cəhdləri mümkündür. Samvel Karapetyanın və Robert Köçəryanın tərəfdarları seçkinin nəticələrini tanımaq istəməyə, etiraz aksiyaları keçirməyə çalışa bilərlər. Ancaq bunun nəticə verəcəyini düşünmürəm. Böyük ehtimalla Paşinyan növbəti dövr üçün hakimiyyətdə qalacaq”.
Politoloq Rusiyanın da yekunda reallığı nəzərə almağa məcbur olacağını bildirib:
“Son aylarda Rusiya rəsmilərinin Paşinyana qarşı sərt və hətta aşağılayıcı açıqlamaları səslənsə də, düşünürəm ki, Moskva sonda Paşinyanın qələbəsini qəbul etməli olacaq. Əks halda Rusiya Ermənistanda son təsir imkanlarını da itirə bilər.
Paşinyanın qələbəsində Azərbaycan, Türkiyə, Avropa Birliyi və ABŞ maraqlıdır. Çünki bu qüvvələr bölgədə yeni müharibə deyil, sülh və əməkdaşlıq mühitinin formalaşmasını istəyirlər. Paşinyan seçkidə qalib gəldikdən sonra Konstitusiya dəyişikliyi ilə bağlı referendum keçirə və bundan sonra Azərbaycanla sülh sazişinin imzalanması istiqamətində proses sürətlənə bilər. Bu, regionda yeni əməkdaşlıq mərhələsinin başlanmasına şərait yaradar”.
