SON DƏQİQƏ: “Səfirliyə hücum edən terrorçu Azərbaycana təhvil verilə bilər” – AÇIQLAMAbackend

SON DƏQİQƏ: “Səfirliyə hücum edən terrorçu Azərbaycana təhvil verilə bilər” – AÇIQLAMA

Tehrandakı səfirliyimizə edilən hücumda xüsusi qəhrəmanlıq göstərərək cinayətkarı zərərsizləşdirən və faciənin miqyasının böyüməsinə imkan verməyən əməkdaşın atdığı addım cəmiyyətdə xüsusi rəğbətlə qarşılanıb. Sosial şəbəkələrdə hadisəyə münasibət bildirən insanlar həlak olan şəxsə “şəhid”, digər əməkdaşa isə “qəhrəman” adının verilməsinin vacib olduğunu bildiriblər. Bəs görəsən bu haqda ölkə qanunverciliyində hər hansısa bir maddə nəzərdə tutulubmu?

Mövzunu KONKRET.az-a şərh edən tanınmış hüquqşünas Əlövsət Allahverdiyev bildirib ki, səfirliklərdə baş verən hadisələrlə bağlı orada qəhrəmanlıq göstərən əməkdaşların mükafatlandırılması məsələsi qanunla tənzimlənmir: “Yəni, qanunda bununla bağlı hər hansısa bir maddə yoxdur. Amma bu, dövlətin səlahiyyətinə aid bir məsələdir. Dövlət tərəfindən həmin qəhrəman səfirlik əməkdaşı mükafatlandırıla bilər. Çünki açıq-aşkar silahlı şəxsi zərərsizləşdirib və Azərbaycanın ərazi bütövlüyünü qoruyub. Diplomatik Münasibətlər Haqqında Vyana Konvensiyasına uyğun olaraq hər bir səfirlik həmin ölkənin ərazisi sayılır. Bu baxımdan dövlət başçısının səlahiyyəti daxilində həmin məsələ həll oluna, səfirlik əməkdaşının hansısa formada mükafatlandırılması həyata keçirilə bilər. Düşünürəm ki, terror aktı araşdırıldıqdan sonra həm hadisənin qarşısını alan şəxsə, həm də həlak olan əməkdaşa müvafiq olaraq “qəhrəman” və “şəhid” statusları veriləcək”.

Vəkilin sözlərinə görə, beynəlxalq səviyyədə müdafiə olunan şəxslərə qarşı yönələn cinayətlərin qarşısının alınması haqqında 1973-cü il konvensiyası mövcuddur: “Həmin konvensiya dövlətlərin üzərinə öhdəlik qoyur ki, səfirliyə edilən hücumları öz daxili qanunları əsasında cinayət hesab etsinlər və həmin şəxsləri cəzalandırsınlar. Həmçinin lazım gəldikdə cinayəti törədən şəxslər qarşı tərəfə təhvil verilməlidir. Bu, İran dövlətinin üzərinə böyük məsuliyyət qoyur. Çünki hadisə beynəlxalq cinayət xarakterlidir. Beynəlxalq cinayətlərlə bağlı, “Ya təhvil ver, ya da mühakimə et” prinsipi mövcuddur. Əgər İran cinayəti törədən terrorçunu mühakimə etsə, o zaman həmin şəxsin Azərbaycana təhvil verilməsi önəm daşımayacaq. Əgər Azərbaycanın istədiyi kimi mühakimə olunmasa, o zaman biz buna etirazımızı bildirəcəyik”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*