Son nəfəsini də “şərəfli agent” kimi vermək istəyən Ənvəroviç haqqında BİLMƏDİKLƏRİMİZbackend

Son nəfəsini də "şərəfli agent" kimi vermək istəyən Ənvəroviç haqqında BİLMƏDİKLƏRİMİZ

Azərbaycan cəmiyyəti Ramiz Mehdiyevi persona-non qrata elan edib. Baxmayaraq ki, Ramiz Ənvəroviç (ona bu cür xitab olunmasını xoşlayır) məşhur Kərəmov demiş hələ ölməyib, ayaqdadır. Və lazım gələndə də müəyyən müqavimət göstərir. Amma bütün hallarda Ramiz Mehdiyev erası bitib. Çünki o həm siyasi, həm də mənəvi-fizioloji cəhətdən tükənib.

Baxmayaraq ki, zamanında Ramiz Mehdiyev sıradan bir adam deyildi. Onun çox zəngin idarəetmə təcrübəsi, siyasi biliyi və bacarığı vardı. Məhz bu keyfiyyətlərinə görə Ümummilli lider Heydər Əliyev onu 1993-cü ildə yanına dəvət etdi. Çünki o zaman elə bir dövr idi ki, AXC-Müsavat cütlüyü hakimiyyət orqanlarını iflic etmişdi. Vəzifədə peşəkarlar deyil, tərəfdaşlar yer almışdı. Bütün strukturlar AXC-Müsavat fəalları ilə dolmuşdu. 10 il Azərbaycanda olmayan Heydər Əliyev də yeni kadrları tanımırdı.

Və bu mənada Mehdiyevin vəzifəyə gəlməsi bir növ şansa bağlı bir iş idi. Çünki Ramiz Mehdiyev nə 91-lər sırasında, nə də ki YAP qurucuları siyahısında yox idi. O, sadəcə peşəkar kadr idi. Və 1993-cü ilin qanlı-qadalı günlərində peşəkar kadrları axtarmağa sadəcə vaxt da yox idi. Çünki ölkə vətəndaş qarşıdurması ərəfəsində və Birinci Qarabağ müharibəsinin ortasında idi. Belə bir zamanda yüksək etimad görən Ramiz Mehdiyev üçün yeni dönəm başladı. O, 26 ildən artıq Ali icra orqanında ikinci-üçüncü  şəxslərdən biri oldu. Ramiz Mehdiyev Rusiyadakı havadarlarına arxalanaraq Azərbaycan cəmiyyətində qeyri-sağlam bir mühit yaratdı. Milli-mənəvi dəyərlərin məhv edilməsinə və Azərbaycanda “5-ci kolon”un geniş şəbəkə yaratmasına rəhbərlik edən Ramiz Mehdiyev güclü Azərbaycan dövləti qurulmasına hər vəhclə əngəl oldu. Təsadüfi deyil ki, onu Azərbaycan cəmiyyətində hakimiyyətin “boz kardinalı” adlandırdılar. Bu adın açması təbii ki, çox mətləblərdən xəbər verir.

Mənim bu subyektiv fikrimdir: Ramiz Mehdiyev və onun rəhbərliyi altında fəaliyyət göstərən “5-ci kolon”un üzvləri ermənilərin son 30 ildə ölkəmizə vurduğu zərərdən çox ziyan vurublar. Ermənilər nə ediblərsə, aşkar ediblər. Ramiz Mehdiyev isə çox gizli şəkildə dövlətimizə və xalqımıza böyük ziyanlar vurub, dövlətimizin əsaslarını sarsıtmağa çalışıb.

Ramiz Mehdiyev zamanında hakimi-mütləq olmaq istəyirdi Ona görə də o, Əli Həsənov və digərlərini ətrafına yığaraq çox böyük və qorxunc layihələrin icrasına başladı. Onun ilk hədəfi Ümummilli lider Heydər Əliyevin yaxın çevrəsi oldu. Bu, o adamlar idi ki, onlar sadəcə Heydər Əliyev fanatı idilər. Heydər Əliyev üçün o adamlar tərəddüdsüz ölümə gedə bilirdilər. Bu adamların bir qismi məşhur “91-lər”in sırasında idi. Bir qismi isə YAP-ın pionerləriydi. Ən əsası bu adamlar həm də Ramiz Mehdiyevin qorxub, çəkindikləri insanlar idi.

Təbii ki, Ramiz Mehdiyev heç vaxt qəlbən Əliyevçi olmayıb. Belə olsa idi, o da “91-lər” kimi həyatını riskə atardı. Lakin “hazırın naziri” olan bu adam kimlərinsə haqq etdiyi kresloda oturmasını həzm edə bilmirdi. Ona görə də həmin adamlara gizli “səlib yürüşü” elan etdi. Bir anlığa öldürülən və yaxud ləkələnən qatı “əliyevçiləri” göz önünə gətirək. Maksim Musayev, Rza İbadov, Ziya Bünyadov,  Fərəməz Maqsudov, Rafael Allahverdiyev, Sirus Təbrizli, Hüseyn Abdullayev (Quska), Əli Nağıyev…

Bu siyahını çox uzatmaq olar. Amma nəticə dəyişmir. Nəticə isə odur ki, bu adamların talelərinin uğursuz sonluğunda Ramiz Mehdiyevin müstəsna xidmətləri var. Yuxarıda adlarını çəkdiyim adamların hər biri yanlışı ilə, doğrusu ilə xarakter idilər. Onların hər biri sona qədər həqiqət bildiklərini söylədilər. Və bu adamlar (dünyasını dəyişənlərə Allah rəhmət eləsin) sonadək Ramiz Mehdiyevi dövlətin və xalqın düşməni gözündə gördülər.

Adlarını çəkdiyim adamlar Ramiz Mehdiyevin məkrli oyunlarının qurbanına çevrilənlərin çox az bir qismidir. Son 25 ildə o qədər işiqlı ziyalımız, o qədər peşəkar rəhbər kadrlarımız bu adamın iddiasının qurbanına çevrildi ki…

Amma o, bununla da kifayətlənmədi. Şəxsi məqsədləri və xarici havadarlarının istəkləri üçün Azərbaycanın mənəvi dəyərlərini baltaladı. Ölkəmizin demokratik dövlət kimi formalaşmasına və milli dəyərlər üzərində inkişaf etməsinə əngəl olmaq üçün əlindən gələni etdi. Nəticədə Azərbaycanın beynəlxalq imicinə güclü zərbə vuruldu və ölkə də sosial narazılıq artdı.

“5-ci kolon”un ölkəmizdəki lideri olan Ramiz Mehdiyev  Azərbaycan dövlətinin və milli dəyərlərinin kökündən sarsıdılması üçün bir neçə fəaliyyət istiqaməti müəyyənləşdirmişdi.

Birinci və əsas istiqamət. “Azərbaycan Rusiyasız yaşaya bilməz” fikri bütün cəmiyyətdə bütləşdirilməli idi. Guya ki, ABŞ və Avropadan fərqli olaraq Rusiya Azərbaycanın inkişafını və qüdrətlənməsini istəyir. Və cəmiyyətə rus dəyərləri dünyanın ən ali dəyəri kimi təlqin edilirdi. Guya ən yaxşı ədəbiyyat, ən yaxşı incəsənət və hətta ən yaxşı televiziya proqramları ruslara məxsusdur. Və özünü mədəni insan sayan hər kəs rus dilini bilməli, bu dildə daha çox danışmalıdır. Hətta insanlar bir-birilərinə “rusca” müraciət etməlidirlər. Məsələn, Ramiz Ənvəroviç, Artur Tahiroviç, Abid Qocayeviç, Əli Şamiloviç, Ziya Arzumanoviç və sair. Vaxtilə məhz rəsmi müraciətlər bu cür edilirdi. Bütün dövlət strukturlarında əsasən rus dilində danışılırdı. Özünü ziyalı sayan hər kəs övladını “rus sektoru”nda oxutmalı idi. Bu, əslində “5-ci kolon”un həyata keçirdiyi ən böyük layihə idi.

İkinci istiqamət. ABŞ, Avropa, İran və başda Türkiyə olmaqla bütün türkdilli dövlətlərə antipatiyanın təşviq edilməsi idi. Guya bu dövlətlər Azərbaycanı nəinki iqtisadi cəhətdən zəiflətmək istəyir, hətta mənəviyyatımızı məhv etməyə çalışırlar. Bu xətt son 25 ildə ABŞ, Avropa, İranla, eləcə də türkdilli dövlətlərlə münasibətimizə ciddi ziyan vurdu. Adi bir fakt deyim: Bu gün Türkiyə-Azərbaycan münasibətləri tarixdə heç zaman təsadüf olunmadığı qədər yüksək səviyyədədir. Bu gün artıq “Bir millət, iki dövlət” ideyası tamamilə reallığa çevrilib. Hələ qardaş Türkmənistanı demirəm. Son 30 ildə düşmənçilik səviyyəsinə qaldırılan münasibətlər son 3 ildə 180 dərəcə dəyişdi. Axır ki, iki ölkə biri-birinə əl uzatdı. Nəhayət, Azərbaycan və Türkmənistan liderləri şirin-şirin bir- birilərinə “qardaş” dedilər. Bu isə “5-ci kolon”un Azərbaycandakı dayaqlarının sarsıdıldığını göstərir.

Üçüncü istiqamət. Xarici dövlətlərdə Azərbaycan dövlətinə və xalqına qarşı antipatiyanın alovlandırılması idi. Ramiz Mehdiyev hər vasitə ilə Azərbaycana maraq göstərən əcnəbiləri yerli emmissarları vasitəsi ilə incik salır, onlarda xalqımız və dövlətimiz haqqında mənfi fikirlərin formalaşmasına təkan verdirirdi. Heç kimə sirr deyil ki, son 10 ildə xeyli miqdarda xarici investorlar incidilərək Azərbaycandan göndərildi. Hətta Azərbaycana gələn turistlərin dinamikası müxtəlif vasitələrlə durduruldu.

Dördüncü istiqamət, korrupsiya piramidasının yaradılması idi. Bir zamanlar adamlarda belə bir fikir formalaşmışdı ki, Azərbaycanda bütün vəzifələr alınıb, satılır. Əslində belə bir çirkin proses gizli şəkildə aparılırdı. Və hətta ən yuxarı instansiyalarda. Bəllidir ki, son 27 ildə Azərbaycanda aparılan kadr siyasətində Ramiz Mehdiyevin xüsusi rolu olub. Çünki bütün namizədlər protokol qaydasına uyğun olaraq Ramiz Mehdiyevin “süzgəci”ndən keçirdi. Və hər zaman Ramiz Ənvəroviç bir vakansiyaya qarşı 4-5, bəzən də daha çox namizədin irəli sürülməsinə çalışırdı. Bununla da “rəqabət mühiti” yaradırdı. Təbii ki, təklif olunan namizədlərin biri haqqında Ali rəhbər müsbət qərar verirdi. Bu zamansa Ramiz Ənvəroviç yenə də “qazanclı” çıxırdı. Ən dəhşətlisi də odur ki, çox zaman yüksək vəzifə istəyən adamların yüksək səviyyədə ödədiyi “şirinlik” batırdı. Çünki pulunu geri istəyən adamlar müxtəlif yollarla şantaj edilirdi. Və nə yazıq ki, bu adamların bəzisi nicatı intiharda görürdü.  Bu cür çirkin oyunlar həm ölkənin beynəlxalq imicinə ziyan vururdu, həm də ölkə daxilində atmosferi korlayırdı.

Beşinci istiqamət liberal idarəetmədən, bürokratik və korrupsiyalaşmış idarəçilik sisteminə keçidin təşviqi idi. Bir zamanlar Azərbaycanın əksər strukturlarında “konvert” sistemi mövcud idi. Çalışanlar leqal əmək haqlarından başqa “konvert” alırdılar. Bu “konvert” isə leqal əmək haqqından bir neçə dəfə yüksək idi. Bəzi strukturlarda isə çapolçuluq sistemi var idi. Yəni haqq-nahaq gördüyün işin müqabilində qarşı tərəfdən nəsə tələb etməli idin. Bütün bunlar isə dövlətçiliyin əsaslarını sarsıdan faktorlar idi. Amma “5-ci kolon”nun planlarına tamamilə uyğun bir proses idi. Nə yaxşı ki, son illər bu proseslər durduruldu.

Ramiz Ənvəroviç yüksək postundan yola salındı. Amma təqaüdə deyil, AMEA-ya rəhbər göndərildi. Bu isə Ramiz Mehdiyev üçün yarımçıq qalmış ideyalarının həyata keçirilməsi üçün son şans idi. Əgər o, dünən ali idarəetmə orqanında söz sahibi idisə, bu gün elm sahəsində “monarx”dır. Və “5-ci kolon”un tapşırıqlarını icra etmək üçün Akademiyanın ali kürsüsü bəlkə də ideal vəzifədir. Çünki bir milləti məhv etmək üçün birinci onun elmini əlindən almaq gərəkdir. Və artıq iki ildən çoxdur ki, Ramiz Ənvəroviç Azərbaycanın elm məbədinin sütunlarını dağıtmaqla məşğuldur. Son iki ildə AMEA-da həyata keçirilən “islahatlar” birbaşa Azərbaycan dövlətinin əsaslarının sarsıdılmasına hesablanmış taktikadır. Çünki bəziləri agent kimi yaşamağa məcbur edildikləri kimi agent kimi ölməyə də məhkumdurlar. “Şərəfli agent” isə son nəfəsini də ali tapşırıqlarını icrası yolunda verir. Eynən Ramiz Mehdiyev kimi…

Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*