İsraildə xalqın Netanyahu hakimiyyətinə qarşı etirazlara başlaması, bir çox dünya dövlətləri tərəfindən təəccüblə qarşılansa da, İran və Ermənistan kimi ölkələr bunu sevinclə qarşılayır. On minlərlə insanın küçələrə axışaraq öz haqqları uğrunda mübarizə aparmasına fərqli don geyindirməyə çalışanlarla yanaşı, baş verənləri sadəcə demokratik prinsiplərin nəticəsi kimi qəbul edənlər də var. Təbii ki, xalqın etirazlarında məqsəd Netanyahunun siyasətinə qarşı olsa da, bəzi analitiklər bunu xarici qüvvələrin “əl işi” kimi də təqdim etməyə cəhd göstərirlər. Bəs görəsən, İsraildəki etirazlarda xarici qüvvələrin izi varmı? Ümumiyyətlə bu etirazlar İsraildə hansısa dəyişikliklərə gətirib çıxara bilərmi? Ölkədəki vəziyyətdən hər hansısa formada İran və digər dövlətlər istifadə edə bilərmi?
Mövzunu KONKRET.az-a şərh edən politoloq Əlimusa İbrahimovun sözlərinə görə, İsraildə hazırda baş verən hadisələr bütün dünyanın diqqət mərkəzindədir: “Düşünürlər ki, hadisələr sonda Netanyahu hökumətinin hakimiyyətdən getməsi ilə nəticələnəcək. Amma Netanyahu hökuməti geri çəkilsə də, İsraildə növbəti seçki təşkil olunacaq və o, yenidən hakimiyyətə qayıdacaq. Əgər Netanyahunun xalqla problemi var idisə, onu niyə yenidən seçirdilər? Onun hakimiyyətə yenidən qayıtmasının heç bir ili tamam olmayıb. Hesab edirəm ki, insanların küçələrə axışmasının səbəbi İsrail dövlətində illərlə yığılıb qalan iqtisadi və siyasi problemlərdir. Orada artıq ərəblərlə, xüsusilə fələstinlilərlə razılaşmağın vaxtı çatdığını başa düşməlidirlər. Çünki sona qədər bu problemlə yaşamaq olmaz. Mitinqlərin xarici qüvvələr tərəfindən təşkil olunmasına gəlincə, bu, inandırıcı görünmür. Heç bir xarici ölkə, xüsusən də İran İsraildə xalqı nümayişə sövq etmək gücünə malik deyil”.

Politoloq əlavə edib ki, digər ölkələrdə qarşılaşdığımız vətəndaş qarşıdurmasını İsraildə müşahidə etmək mümkün olmayacaq: “Çünki etirazçıların tələbi yerinə yetirilə bilər və bu istiqamətdə addımlar atılacaq. Hər iki tərəf bir-birinin sonuna çıxmaq uğrunda deyil, insanların probleminə çıxış yolu tapmaq üçün çalışır. Demokratik hakimiyyətdəki münaqişələr elə demokratiya yolundan istifadə etməklə həll olunacaq. İranın vəziyyətdən istifadə edərək təxribat törətmək ehtimalına gəlincə, bu, gözlənilən deyil. İran rejimi İsraildəki nümayişlərdən yalnız öz xalqını aldatmaq üçün “yararlana” bilər. Yəni əhalini guya İsraildə baş verən nümayişlərin təşkilatçısı olduğuna inandırmağa çalışacaq”.
Müşviq Tofiqoğlu,
KONKRET.az
