Soyuqdəymə dərmanlarını özbaşına qəbul edənlərə XƏBƏRDARLIQbackend

Soyuqdəymə dərmanlarını özbaşına qəbul edənlərə XƏBƏRDARLIQ

Havaların soyuması ilə birlikdə qrip, soyuqdəymə və digər mövsümi xəstəliklərin yayılması artır. Bu dövrdə insanlar burun tutulması, baş və boğaz ağrısı, halsızlıq, hərarət kimi simptomları daha tez aradan qaldırmaq üçün müxtəlif dərman vasitələrinə, o cümlədən qrip paraşoklarına müraciət edirlər. Lakin reseptsiz və həkim məsləhəti olmadan bu preparatların qəbul edilməsi müəyyən risklər yarada bilər.

 Bəs qrip paraşoklarından istifadə zamanı nələrə diqqət etmək lazımdır?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti Aydın Əliyev bildirib ki, mövsümə uyğun düzgün qidalanma və sağlam həyat tərzi orqanizmin xəstəliklərə qarşı müqavimətinin artmasında mühüm rol oynayır:

Apteklərdə çalışan bəzi şəxslərin təbabət, dərmanların dövriyyəsi haqqında  real təsəvvürləri yoxdur” » Axs.az

“Dörd fəslimiz var və hər fəslə uyğun qidalanmaq lazımdır. Xüsusilə yerli qidalardan, göyərtidən, qatıq və digər süd məhsullarından düzgün istifadə etmək vacibdir. Mövsümə uyğun yeyib-içmək immun sisteminin güclənməsinə kömək edir.

İmmun sistemi orqanizmdəki bütün orqanlarla qarşılıqlı əlaqədə fəaliyyət göstərir və onları tənzimləyir. Bu da insanın xarici təsirlərə, o cümlədən mikroblara, viruslara və soyuğa qarşı müqavimətinin artmasına səbəb olur”.

Mütəxəssis sağlam həyat tərzinin də xəstəliklərdən qorunmada əhəmiyyətli olduğunu vurğulayıb:

“Əsas məsələ hərəkət etmək, düzgün qidalanmaq və mövsümə uyğun geyinməkdir. Su, göyərti və digər təbii məhsullardan düzgün istifadə edilməlidir. Bunlar insanın xəstəliklərə qarşı dözümlülüyünü artırır”.

A.Əliyev dərmanların isə hər kəs tərəfindən özbaşına qəbul edilməsinin doğru olmadığını qeyd edib:

“Dərman məsələsində hər hansı işin sənətkarı kimdirsə, həmin işlə də o şəxs məşğul olmalıdır. “Qonşum istifadə etdi”, “mətbuatda belə yazılıb” kimi yanaşmalar qorxunc fikirlərdir. Çünki bir insana kömək edən dərman başqa bir şəxsə eyni təsiri göstərməyə bilər. İnsanların bədəni, hətta bacı-qardaşların belə orqanizmi bir-birindən fərqlənir”.

Onun sözlərinə görə, xüsusilə qrip paraşokları və digər dərman vasitələri həkim məsləhəti olmadan qəbul edilməməlidir:

“Ən azı sahə həkimi ilə məsləhətləşmək lazımdır. Həkim insanın orqanizmini və xəstəlik tarixçəsini nəzərə alaraq düzgün istiqamət verə bilər. Həkimsiz dərman qəbul etmək bəzən allergik reaksiyalara səbəb ola bilər. Ola bilsin ki, həmin şəxsdə qaraciyər patologiyası var və qəbul etdiyi dərman orqanizmdə toplansın. Buna görə də bir preparatın bir insana müsbət təsir göstərməsi onun hər kəs üçün təhlükəsiz olduğu anlamına gəlmir”.

Dosent reseptsiz satılan dərman vasitələrinin də həkimlə məsləhətləşdikdən sonra qəbul edilməsinin daha doğru olduğunu bildirib.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*