Stoltenberq Türkiyə, İsveç və Finlandiya nümayəndələrini toplantıya çağıracaq.
KONKRET.az xəbər verir ki, NATO-nun baş katibi bu barədə jurnalistlərə açıqlamasında bildirib.
NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Ankaranın iki Skandinaviya ölkəsinin alyansa qoşulmasına etirazını aradan qaldırmaq üçün Finlandiya, İsveç və Türkiyənin yüksək səviyyəli nümayəndələrini toplantıya çağırır.
O, Ankaranın iki Skandinaviya ölkəsinin alyansa qəbul edilməsinə etirazından sonra fikir ayrılıqlarını həll edə biləcəklərinə əminliyini ifadə edib.
Stoltenberq jurnalistlərə təfərrüatlara varmadan danışıqların “bir neçə gündən sonra” Brüsseldə baş tutacağını bildirib.
O, “Mən əminəm ki, biz çıxış yolu tapacağıq” deyib.
Rusiyanın Ukraynadakı müharibəsi ilə bağlı təhlükəsizlik narahatlıqlarından narahat olan Finlandiya və İsveç may ayında NATO-ya üzv olmaq üçün müraciət edib. Lakin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan onların kürd ekstremizmi ilə mübarizədə kifayət qədər səy göstərmədiklərini irad tutaraq alyansa üzvlüyə qəbul olunmalarını dəstəkləmir.
Qarşıdurmanın bitməsi üçün nə qədər vaxt lazım ola bilər sualına Stoltenberq bunun NATO sammitindən əvvəl olmasını istədiyini deyib.
ABŞ Prezidenti Co Bayden, Ərdoğan və onların NATO-dakı həmkarları 28-30 iyun tarixlərində Madriddə görüşəcək.
“Biz əmin olmaq istəyirik ki, bütün müttəfiqlərin təhlükəsizliklə bağlı narahatlıqları nəzərə alınsın, bura Türkiyə də daxildir”, – ABŞ dövlət katibi Entoni Blinken bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
