Süni mayalanma İslamda haramdırmı? İlahiyyatçıdan AÇIQLAMAbackend

Süni mayalanma İslamda haramdırmı? İlahiyyatçıdan AÇIQLAMA

Son illər övlad sahibi olmaqda çətinlik çəkən ailələr süni mayalanma üsuluna daha çox müraciət edirlər. Müasir tibbin imkanları sayəsində valideyn olmaq arzusu gerçəkləşsə də, bu prosedurun dini baxımdan hansı çərçivədə qəbul edilməsi məsələsi müzakirələrə səbəb olur. Xüsusilə donor sperması, yad qadının yumurta hüceyrəsi və daşıyıcı ana xidmətindən istifadə İslam dinində birmənalı qarşılanmır.

Bəs süni mayalanma İslamda haram hesab olunur, yoxsa müəyyən şərtlər daxilində bu üsula icazə verilir?

Mövzu ilə bağlı KONKRET.az-a danışan ilahiyyatçı Tural İrfan bildirib ki, süni mayalanma yalnız nikahda olan ər-arvadın öz reproduktiv hüceyrələrindən istifadə edilməklə həyata keçirildikdə halal hesab olunur.

Onun sözlərinə görə, başqa şəxslərin sperma və ya yumurta hüceyrələrindən istifadə edilməsi İslam hüququ baxımından yolverilməzdir:

“Əgər Allah kiməsə övlad vermək istəmirsə, deməli, burada bir hikmət var. Odur ki, süni mayalanmadan mümkün qədər istifadə etməmək tövsiyə olunur. Lakin zəruri vəziyyət yaranarsa, qadın yalnız öz ərinin sperması ilə mayalana bilər. Başqa kişidən alınan sperma ilə mayalanma isə icazəli deyil. Belə halda uşağın nəsəbinin müəyyənləşdirilməsi ilə bağlı ciddi dini və hüquqi problemlər yaranır”.

İlahiyyatçı qeyd edib ki, İslam dinində süni mayalanma bütün hallarda haram sayılmır. Müəyyən şəriət şərtlərinə əməl edildiyi təqdirdə bu üsula icazə verilir. Əsas məqsəd isə nəslin qorunması, ailə institutunun toxunulmazlığının təmin edilməsi və nikahdan kənar münasibətlərin qarşısının alınmasıdır.
Bildirilib ki, süni mayalanmanın dini baxımdan məqbul sayılması üçün istifadə olunan sperma və yumurta hüceyrəsi yalnız rəsmi və dini nikahda olan ər-arvada məxsus olmalıdır. Yad kişidən sperma, yaxud başqa qadından yumurta hüceyrəsi götürülməsi qadağan edilir.

Tural İrfanın sözlərinə görə, mayalanmış embrionun başqa qadının bətninə köçürülməsi, yəni daşıyıcı ana xidmətindən istifadə də İslam fiqhində qəbul edilmir. Bu halda uşağın genetik valideynləri ilə onu dünyaya gətirən qadın arasında valideynlik və nəsəb məsələləri ilə bağlı mübahisələr yarana bilər.

İlahiyyatçı əlavə edib ki, bir sıra məzhəb alimləri süni mayalanma zamanı ərin sağ olmasını və nikah münasibətlərinin davam etməsini də əsas şərtlərdən biri hesab edirlər. Vəfat etmiş ərin spermasından istifadə olunması məsələsində isə dini alimlər arasında fərqli rəylər mövcuddur.
Beləliklə, İslam dinində süni mayalanmaya tam qadağa qoyulmur. Ər-arvadın öz reproduktiv hüceyrələrindən istifadə etməklə və nikah münasibətləri davam etdiyi müddətdə həyata keçirilən prosedur müəyyən şərtlərlə icazəli hesab olunur. Donor hüceyrələrindən və daşıyıcı ana xidmətindən istifadə isə bir çox İslam alimlərinin mövqeyinə görə yolverilməzdir.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*